Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin hər bir çıxışı daim diqqətlə izlənilir və ələlxüsus Azərbaycanın milli maraqlarına düşmən kəsilən qüvvələr bu çıxışlardan öz nəticələrini çıxarmaqdadırlar. Düşmənlərimiz bilirlər ki, Azərbaycan Prezidentinin hər sözünün, hər kəlməsinin arxasında əvvəla siyasi iradə və qətiyyət dayanır. Digər tərəfdən də onlar görürlər ki, Ali Baş Komandanımız ümumilikdə, xalqımızın həmrəyliyindən, birliyindən, ölkə rəhbərinə olan inamından, etimadından güc alır və xalqına güvənir, arxalanır.
Hər dəfə çıxış etdiyi zaman, Azərbaycan Prezidentinin milli maraqlarımızı qoruduğu, milli maraqları ön planda tutduğu heç kim üçün sirr deyil. Bunu təkcə biz yox, ermənilər və ermənipərəst qüvvələr də çox yaxşı görürlər və bilirlər ki, ölkə rəhbərimiz, ilk növbədə, məhz milli maralardan çıxış edir, ədalətin, haqqın tərəfində olduğunu bəyan edir. Artıq bütün dünya ictimaiyyəti Prezidentimizin qətiyyətinə, siyasi iradəsinə bələddir və son iki ildə Azərbaycanın qələbələri, öz haqlarını, özünə aid olanları müdafiə etməsi yolunda ölkə başçısının uğurlarını etiraf etməkdən başqa çarələri də yoxdur, çünki bu, danılmaz həqiqətlərdir. Bu baxımdan, Ali Baş Komandanımızın hər çıxışına maraq günü-gündən daha da artır, düşmənlərimizin isə kürkünə birə düşür, ona görə ki, ölkəmizin başçısı milli maraqlarımızı müdafiə etmək, onları qorumaq əzmindədir, hansı ki, buna kimsənin şübhəsi belə qalmayıb və hətta bundan sonra da hansısa şübhə ola bilməz.
Biz, ölkə rəhbərimizin hər səfəri, xüsusən də işğaldan azad etdiyimiz torpaqlara səfərləri zamanı çıxış edərkən, birbaşa hədəfə ünvanladığı mesajlarının şahidiyik. Ələlxüsus onun şahidiyik ki, Ali Baş Komandanımız Azərbaycanın milli maraqlarına toxunan qüvvələrə vaxtaşırı öz mesajlarını ünvanlayır və çatdırır, xalqımıza, elimizə, obamıza düşmən kəsilənlər hər dəfə öz layiqli cavablarını alırlar. Yağı düşmən nə qədər hiylələrə əl atırsa atsın, bu elin, bu obanın, Odlar Yurdunun şir ürəkli igidlərinin, qıhrəmanlarının, bütövlükdə Azərbaycan xalqının dəstəklədiyi lderin qarşısında hiyləsi puça çıxır. Ümumiyyətlə, dövlət başçımızın siyasi iradəsi, qətiyyəti xalqımıza, dövlətimizə qarşı olan bütün şər qüvvələrin artıq çoxdandır ki, yuxusunu ərşə çəkib. Dəfələrlə belə mesajların ardınca qarşılaşdıqları halları unutmayanlar yenə də qulaqlarını şəkləyərək ölkə rəhbərimizin sonuncu dəfə Şuşada verdiyi mesajlardan öz hesablarını götürməkdədirlər. Ölkə rəhbərimizin mesajları əlbəttə ki, dəmir yumruğu bizə düşmən kəsilənlərin yadına salır. Onlar bilirlər ki, vəd olunanlarla qarşılaşmaq məcburiyyətindədirlər və əgər hədlərini bilməsələr həmin o yumruq yenə də başlarına enə bilər.
“Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, deyən cənab Prezident Şuşada çıxışı zamanı bu sözləri ilə Ermənistan tərəfinə tutarlı mesajlar verdi. Əvvəla bildirildi ki, beş ili tamam olduqdan sonra sülhməramlılar çıxacaqlar və Ermənistan tərəfi buna uyğun davranmalı, heç nəyə arxayın olmamalıdır. Həmçinin diqqətə çatdırıldı ki, sülhməramlıların vaxtının uzadılması üçün rəsmi Bakı heç bir müraciət etməyəcək və anons olaraq çatdırılanların da ermənilər tərəfindən dərk edilməsi tğvsiyyə olundu. Xatırladaq ki, sonuncu Soçi görüşündə, Ermənistanın baş naziri Nikol Paşinyanın sülhməramlıların müddətinin uzadılması barədə fikri, yaxud təklifi müzakirəyə belə buraxılmadı və Rusiya prezidenti Vladimir Putin də bu məsələ ilə bağlı ona heç bir vəd verə bilmədi.
Kimə isə bel bağlayanların yenə də faciə ilə üzləşəcəkləri barədə ölkə rəhbərimizin xatırlatması isə ondan xəbər verir ki, ən yaxın zamanda erməni silahlı dəstələrin Qarabağdan çıxarılması istiqamətində praktiki addımların atılması da gözləniləndir. “Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”, deyən Ali Baş Komandan bununla da erməni qoşunların tam çıxarılmasını tələb edir və antiterror əməliyyatının ola biləcəyinin mesajını da verir. Təbii ki, şahidi olduğumuz “Fərrux” və “Qisas” əməliyyatları ermənilərin yadından çıxan deyil və ölkə rəhbəri bu nümunələri də öz çıxışında əbəs yerə göstərmədi. Deməli, ermənilərə mesaj verildi ki, həmin o əməliyyatlar misalında yeni əməliyyatlar da ola bilər, hətta erməni silahlıları öz xoşları ilə çıxmayacaqları təqdirdə müvafiq addımlarla qarşılaşmalı olacaqlar.
Bilirik ki, Ermənistan kapitulyasiya sənədini imzaladığı zaman, yəni 2020-ci ilin 10 noyabr razılaşmasında Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Onu da yaxşı bilirik ki, işğaçı ölkə keçən iki il ərzində bu öhdəliyini yerinə yetirməyib. Halbuki, Azərbaycan tərəfi Ermənistanla Qarabağ arasındakı yol, dəhliz barədə dediklərinə sadiq qalıb və bu dəhlizdən ermənilər istifadə edirlər. Təbii ki, bu hal sonsuza qədər davam edə bilməz və səbr kasasının dolan, daşan vaxtı da var, hansı ki, bu barədə də cənab Prezident Şuşada çıxışı zamanı vurğulayıb. “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun... Biz nə vaxta qədər gözləməliyik?”, deyən ölkə rəhbərimiz yenə də xəbərdarlıq edir və Ermənistan tərəfə ciddi mesajlar verir. Bu mesajların hədəfi çox yaxşı başa düşür ki, Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini, yəni Zəngəzur dəhlizi öhdəliyini Ermənistan tərəfi yerinə yetirməyəcəyi təqdirdə, Qarabağdakı emənilərin istifadə etdiyi Laçın dəhlizi də sual altında olacaq. Daha dəqiq desək, Azərbaycan əsgərinin yaxın zamanda Laçın dəhlizinə enə biləcəyi də istisna edilmir və verilən mesajlardan biri də məhz budur.
Ümumiyyətlə, Azərbaycan əsgərinin məsələlərə müdaxiləsi artıq gözləniləndir, çünki Ermənistan öz öhdəliklərini qulaq ardına vurmağa çalışır. Buna isə qətiyyən yol verilməyəcək. Dövlət başçımızın verdiyi mesajlar içərisində də elə ən başlıcası məhz budur ki, sonsuza qədər gözləməli deyilik və mütləq addımlar atılacaq. Söhbət Azərbaycan torpaqlarından gedir və haqq da, hüquq da, ədalət də bizim tərəfimizdədir, hansı ki, bunu Ermənistan tərəfinin başa düşməsi tələb olunur. Verilən mesajlarda bütün bunlar xatırladılır və nəzərə çatdırılır ki, heç də ermənilər istədikləri şəkildə davam edəcəklərinə, kimlərə isə bel bağlayacaqlarına artıq ümid edə bilməzlər. Cənab Prezident hər zaman sərt mesajlar verir, amma son mesajlarının daha yaxın müddətə hesablandığı dərhal hiss olunur. Bu sonuncu mesajları çox güman ki, Ermənistan tərəfi ciddi xəbərdarlıq olaraq qəbul etdi və ermənilər dərk etdilər ki, bundan sonra məsələni uzatmaq, bununla da nəyə isə nail olmaq şansları yoxdur. Zərrə qədər şansı olmayan ermənilər hər halda nəticəni düzgün çıxarmalıdırlar, əks halda, qeyd olunduğu kimi, faciə onlar üçün qaçılmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB