Ərəb Dövlətləri ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır - ŞƏRH
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Ali Baş Komandanımız Prezident cənab İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Səfər zamanı Prezident cənab İlham Əliyev Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Ölkə başçısı Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi önünə əkli qoyub. Ərəb Dövlətləri ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı daha da genişləndirmək istəyirik.
Əlcazir də Azərbaycan kimi işğaldan əziyyət çəkib. Səfər zamanı Milli Mücahidlər Muzeyində Əlcəzair hərəkatının rəhbəri Əmir Əbdülqadirin şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssamının çəkdiyi, yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti, mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunub. 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunmuş bu muzey 1984-cü ildə açılmışdır. Fransızlar işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirmişlər. Bu səbəbdən də, Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli işğalın qurbanı olmuşdur. Muzeylə tanışlıqdan sonra Ali Baş Komandanımız cənab Prezident İlham Əliyev muzeyin xatirə kitabına öz ürək sözlərini də yazıb. Cənab İlham Əliyev Fransanın Əlcəzairdə apardığı siyasəti Ermənistanın otuz ilə yaxın Qarabağda yürütdüyü işğalçılıq siyasətilə müqayisə edib. Ölkə başçısı rəsmi Parisin ermənipərəst siyasətinin kökündə bu yanaşmanın dayandığını bildirib. “Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir”.
Bütün dünyaya melumdur ki, bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdır. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Bizim sədrliyimiz koronavirus dövrünə təsadüf etmişdir və biz bu məsələdə də çox fəal idik. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik, həmçinin, 2020-ci ilin dekabrında keçirilmiş və sırf koronavirus ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olmuşduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.
Azərbaycanla Əlcəzair münasibətlərində bir neçə məqam var ki, onlardan biri də ölkəmizin tarixən ərəb dünyası ilə sıx əlaqələrinin olmasını, münasibətlərə böyük dəyər verməsini özündə ehtiva edir. Azərbaycanı İslam ölkələri ilə bağlayan əlaqələrin içərisində dini və mədəni dəyərlər əsas yerdədir. Müsəlman dünyası ilə həmrəy olmaq Azərbaycanın həyata keçirdiyi qlobal siyasətin tərkib hissəsidir.
1830-1962-ci illərdə Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir. Lakin keçmişindən utanmayan Fransa bu gün qondarma erməni soyqırımına həqiqət donu geyindirmək üçün dəridən-qabıqdan çıxır. Çünki Fransa da Ermənistan kimi qatil ölkədir, bu onlarda vərdişdir.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında cənab İlham Əliyev Fransanın hazırda da davam etdirməyə cəhd göstərdiyi siyasətə öz münasibətini bildirib “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Prezident İlham Əliyevin Əlcəzairdə qəti və aydın mesajları ilə Fransanın anti-Azərbaycan siyasətinə cavab verməsi təkcə Azərbaycanda deyil, Əlcəzairdə və mötəbər Ərəb Dövlətləri Liqasının üzvü olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanıb.
Ali Baş Komandan cənab İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı, fikirləri, münasibəti Azərbaycan üçün həm siyasi, həm də iqtisadi əlaqələrini gücləndirməsi, ölkəmizin qlobal siyasi-iqtisadi proseslərə təsir imkanlarını artırması, beynəlxalq təşkilatlardakı mövqelərimizin möhkəmlənməsi üçün çox önəmli bir addımdır!
Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB