Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur - ŞƏRH
İki ildir ki, sentyabr - oktyabr - noyabr ayları bizim üçün xüsusi abu-havada və həyəcanda keçir. 27 Sentyabrdan başlayan, oktyabr ayı ərzində davam edən və 10 noyabrda nəhayətlənən Vətən savaşı bu ayları bizim üçün unudulmaz günlərlə zəngin edib. Hər günü bir dastan, sevinc, fərəh, bəzən də kədər səhifəsi olan bu aylarda xüsusi günləri qeyd etmək artıq bizim üçün rituala çevrilib. Həmin günləri xatırlayarkən gözlərimiz qarşısında canlanan mənzərə əsasən bunlardan ibarətdir: Ordumuzun düşməni və dünyanı mat qoyan qətiyyətli irəliləyişi, Ali Baş Komandanımızın sarsılmaz iradəsi və diplomatik idarəetmə bacarığı, xalq-ordu-iqtidar birliyi, milliyətindən, yaşından, sosial vəziyyətindən asılı olmayaraq bir amal uğrunda, bir bayraq altında birləşən məqsədyönlü, əzmkar topluluq və ölkənin dörd tərəfini bəzəyən üçrəngli şanlı bayraq. Bəli, 44 günün hər bir anında Azərbaycanın dövlət bayrağı ən yüksəklərdə dalğalanır, hər qələbə xəbərində, şəhid dəfnində gənclərimizin əllərini bəzəyirdi. Sanki o günlərdə səma göy, qırmızı, yaşıl rənglərə boyanmışdı. Maraqlıdır ki, 08 noyabr doğma Şuşamızın işğaldan azad edilməsi xəbərindən cəmi bir gün sonra, yəni 09 noyabr-Bayraq günündə düşmənə son sarsıdıcı zərbə vurulmuş, 72 yaşayış məntəqəsi eyni gündə işğaldan azad olunaraq düşmən kapitulyasiya aktını imzalamağa-təslim olmağa məcbur edilmişdi. Bununla da döyüşsüz, itkisiz, şəhidsiz Ağdam, Laçın, Kəlbəcər kimi böyük yaşayış məntəqələrimiz azad olunmuşdu. Beləliklə, 27 illik əsarətdən, zülmdən sonra qürur mənbəyimiz olan şanlı Azərbaycan bayrağı doğma Vətənimizin hər bir qarışında fəxarətlə dalğalanmağa başlamışdı.
"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir” sözləri 44 günlük müharibə dövründə bir daha öz real təsdiqini tapdı. 27 il düşmən əsarətində qalan torpaqlarımızda yenidən üçrəngli bayrağımızın dalğalanması üçün yüzlərlə gəncimiz, əsgərimiz, zabitimiz ölümə yürüdü. Həmin anlarda, hər kəsin ağlında yalnız bir fikir var idi: Təki Vətən sağ olsun, təki şanlı bayrağımız Qarabağımızda yenidən dalğalansın. Və çox şükür ki, biz yenidən Qarabağımızda - Şuşamızda, Laçınımızda, Zəngilanımızda, Ağdamımızda şanlı bayrağımızın dalğalanmasının şahidi olduq. Müharibə dövründə işğaldan azad olunan şəhərlərimizin zabitlərimiz tərəfindən Ali Baş Komandanımıza məruzə edilməsi, həmin torpaqlarda bayrağımızın sancılması hər birimizdə sözlə ifadə olunması mümkünsüz hisslər yaradırdı. Qarabağ səmasında süzülən dövlət bayrağı otuz illik əzablarımıza son qoyan böyük bir həyəcana çevrilirdi. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü Qarabağdan dünyaya elan edirdi.
Məlumdur ki, Azərbaycan bu günə qədər də çox çətin sınaqlardan keçmiş, müstəqilliyini qəhrəman övladlarının qanı, canı ilə qazanmışdır. Bu gün birlik, bərabərlik rəmzimiz olan dövlət bayrağımızın başımızın üstündə dalğalanması üçün bir çox maneələr, zülmlər dəf edilməli olmuşdu. Düz 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salınmışdı.
Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənməmiş, əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözləmişdi. Həm də yalnız gözləməklə kifayətlənməmiş, onun uğrunda Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə aparmış, qətiyyət və şücaət göstərmişdir.
Nəhayət, 1990-cı il noyabr ayının 17-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Beləliklə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir. Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla hər il 09 noyabr tarixi ölkəmizdə Azərbaycanda Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd olunur. Amma son iki ildir ki, bu günü daha da fəxrlə, qürurla qeyd edirik. Çünki, 09 noyabr həm də Vətən müharibəsinin son savaş günüdür. Şuşanın işğaldan azad olunması, Zəfər günü və Bayraq günündə Azərbaycan sanki Vətən müharibəsi şəhidlərinin simvoluna çevrilmiş xarıbülbülə və üçrəngli şanlı bayrağımıza bürünür.
Xəqani Şirinov
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB