Soçidə imzalanmış üçtərəfli Bəyanat ölkəmizin növbəti uğurudur ŞƏRH
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər edib. Səfəri çərçivəsində keçirilmiş həm ikitərəfli, həm də üçtərəfli görüşlər bir sıra tarixi məqamlarla yadda qaldı. Bu görüşün məqsədi tərəflərin 2020-ci və 2021-ci illərdə nail olduqları bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək xarakteri daşıyır. Cənab prezidentin qeyd etdiyi kimi bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı baxımından ikitərəfli görüşlərin əhəmiyyəti böyükdür. Soçi görüşündə hər iki ölkənin dövlət başçıları hələ də həll edilməmiş məsələlərin həlli yollarını müəyyənləşdirmək istiqamətində müzakirələr aparıblar. Dövlət başçımız görüş zamanı çıxışında bir daha vurğulayıb ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, münaqişə ilə bağlı praktik baxımdan müzakirə olunası məqamlar qətiyyən yoxdur. Hazırda əsas məsələ isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Görüş zamanı diqqəti çəkən ən vacib məqamlardan biri Azərbaycan prezidentinin hər zaman olduğu kimi bu görüşdə də ölkəmizin maraqlarını əks etdirən prinsipial mövqelərdən çıxış etməklə Azərbaycanın qalib ölkə olması faktını bir daha diqqət mərkəzinə çəkməsi oldu. O cümlədən, Soçi görüşündə dövlətimizin başçısı bir daha vurğuladı ki, uzun illər davam edən Qarabağ münaqişəsinə iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə son qoyulub. Ölkəmiz bir müddət əvvəl öz xoş məramını və eyni zamanda, prinsipial mövqeyini bir daha nümayiş etdirərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürüb. Bu prinsiplər təbii ki, beynəlxalq hüququn fundamental prinsipləridir və heç şübhəsiz bu baza əsasında münasibətlərdə normallaşmaya nail olmaq mümkündür. Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikası prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası prezidentinin 31 oktyabr 2022-ci il Bəyanatı da mühüm əhəmiyyət kəsb edir. Belə ki, Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərini kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Həmçinin Bəyanatda təxirəsalınmaz məsələlər öz əksini tapmış, humanitar məsələlər blokunun vacib həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olunub.
Ən vacibi isə Bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu öz əksini tapdı. Və həmçinin Rusiya Federasiyasının bu istiqamətdə köməklik göstərəcəyi bildirildi. Təbii ki, bütün bunlar onu göstərir ki, oktyabrın 31-də keçirilmiş Soçi görüşü və imzalanmış üçtərəfli Bəyanat ölkəmizin növbəti uğuru olmaqla yanaşı, eyni zamanda bu tarixi görüş bir daha dövlət başçımızın qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirdi.
Çingiz İbrahimov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB