8 Noyabr – Böyük Zəfər salnaməmiz ŞƏRH

8 Noyabr – Böyük Zəfər salnaməmiz ŞƏRH

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu daha da ruhlanaraq, 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşub əsl qəhrəmanlıq dastanı yazdı. İşğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Zəfər Günü həkk olundu. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üç rəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilin əziyyəti, həsrəti, əzabları xalqımızı sındırmadı və xalqımız irəliyə doğru baxdı. Xalq-iqtidar birliyi gücləndi, Ordumuz gücləndi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğala son qoyuldu. Bu gün xalqımız böyük qələbə əzmi ilə möhtəşəm bir günü - 8 Noyabr Zəfər Gününü qeyd edir. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Füzuli əməliyyatı, Zəngilanın, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsi uğrunda aparılan döyülər, Şuşa əməliyyatı bizi Zəfərə doğru apardı. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür. Hərbi Qənimətlər Parkına səyahət edən hər bir kəs, istər azərbaycanlı olsun, istərsə də qeyri-xalqın nümayəndəsi, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyat və digər sursatları görür və ermənilərin məğlub xalq olduqlarının bir daha şahidinə çevrilirlər. Bildiyimiz kimi, 2020-ci ilin dekabrın 10-da keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdi. Burada Şuşaya atılmış "İskəndər M" raketinin qalıqları da var. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı "Şuşanı bax, bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular», - deyə bildirmişdir. Ali Baş Komandan gecə-gündüz bilmədən xarici diplomatlarla keçirdiyi görüşlərində, çoxsaylı jurnalistlərin qərəzli suallarına cavablarında onları başa salırdı ki, Azərbaycan Ordusu ölkəmizin bütövlüyü uğrunda savaşırlar. Döyüşlər Azərbaycan ərazilərində aparılır, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın milli müstəqilliyini qoruyub saxlaması hər bir azərbaycanlının müqəddəs borcudur.Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafımızın nəticəsidir. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.Zəfərin ildönümünü qeyd edərkən, mütləq qardaş Türkiyənin dəstəyini də xüsusi qeyd etməliyik. Müharibə dövründə Türkiyə ölkəmizin yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlayan zaman "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" - deməsi bizə ən böyük mənəvi güc olmuşdur. Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik zirvəsinə yüksəltdi. Bu gün Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır. Bizim xalqlarımızı birləşdirən yalnız etnik, dini və mədəni köklər deyil, eyni zamanda, mürəkkəb və ziddiyyətli proseslərin cərəyan etdiyi XXI əsrdə bir-birimizin yanımızda olmağımızdır.

Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması da qırılmaz dostluğumuzdan qaynaqlanır. Bu yaxınlarda Zəngilanın işğaldan azad edilməsindən iki il sonra qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı tarixi hadisəyə çevrildi. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin dünya üçün nümunə olduğu bir daha təsdiqləndi. Əlbəttə ki, bu və ya digər yaddaqalan hadisələrlə zəngin olan tarixi qardaşlıq nümunələri bir daha göstərdi ki, bizim birliyimiz Azərbaycan – Türkiyə birliyi əbədi və sarsılmazdır. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə