Molla rejimindən müharibə hədəsi - RAKURS

Molla rejimindən müharibə hədəsi - RAKURS

Tehran Ərəbistan yarımadasını vuracaq, cavab isə...

ABŞ prezident administrasiyasının diqqəti qismən Ukraynadan Yaxın Şərqə yönəlib. Yaxın Şərqdəki ən yaxım müttəfiqi Səudiyyə Ərəbistanına İranın yaxın gələcəkdə öz ərazisindəki hədəfləri vurmağa hazır olduğu barədə xəbərdarlıq edib. İki regional rəqib ötən ildən rəsmi münasibətləri normallaşdırmaq üçün bir sıra danışıqlar aparsa da, daxildə davam edən etirazlar Tehranı məsələyə diplomatik yanaşmasına yenidən baxmağa vadar edib. Ər-Riyad açıq şəkildə hökumət əleyhinə üsyanları qızışdırmaqda günahlandırılıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə ABŞ prezidenti Cozef Bayden administrasiyasının İrandan gələn “təhdid modelindən narahat olması” faktını etiraf edib. O, Amerika tərəfinin Səudiyyə Ərəbistanı ilə "hərbi, diplomatik, kəşfiyyat kanalları vasitəsilə daimi təmasda olduğunu" və lazım gələrsə, çəkinmədən həm ABŞ-ın, həm də regional tərəfdaşın maraqlarını müdafiə etməyə hazır olduğunu bildirib. Bununla belə, Ərəb monarxiyasındakı Amerika vətəndaşlarına fors-major vəziyyətlərdə olduğu kimi, ölkəni tərk etməyi tövsiyə edən bildirişlər göndərilməyib.

Praysın açıqlamaları Wall Street Journal-ın bir gün əvvəl Ər-Riyad və Vaşinqtondakı anonim mənbələrə istinadən Səudiyyə tərəfinin müttəfiqi ilə kəşfiyyat məlumatlarını paylaşdığını bildirməsindən sonra ilk rəsmi bəyanatlardan biri idi. Qaçılmaz təhlükə də bundan ibarətdir ki, İran tərəfindən krallığın əsas infrastrukturuna hücum edəcəyi barədə məlumatlar kəşfiyyat tərəfindən də təsdiqini tapıb. Qərb mətbuatı da yaxın günlərdə sərhədyanı bölgələrə hücumun həyata keçirilə biləcəyinə aydınlıq gətiriblər. Görünür, Birləşmiş Ştatlar təhlükəni ciddi qəbul edib. Yaxın Şərqdə yerləşdirilən Amerika qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Wall Street Journal yazır.

İki rəqib arasında münasibətlərin kəskinləşməsinə səbəb 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının qonşu Yəməndə husi üsyançılarına qarşı hərbi əməliyyata başladıqdan sonra Molla dövlətinin rəhbərlik etdiyi “müqavimət oxu”nun cavabı oldu. Mübahisə 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında şiə ruhanisi Nimr əl-Nimrin edam edilməsi ilə daha da dərinləşdi. ABŞ-ın regiona marağının azalması fonunda Ər-Riyad əlaqələri bərpa etmək üçün 2021-ci ildən başlayaraq əlaqələrdəki buzların “ərimə” perspektivləri ilə bağlı bir sıra görüşlər keçirməyə nail oldular. Lakin bu il Ərəb monarxiyası qurbanları şiələr olan kütləvi edama yenidən getdi. İndi münasibətlərin bərpası ilə bağlı danışıqların aparıldığı rabitə kanalları yəqin ki, tamamilə kəsilib.

Bununla belə, Səudiyyə Ərəbistanı yenidən Tehran rejiminin hədəfinə tuş gəldi, Mollalar sentyabr ayından bəri ölkə daxilində davam edən kütləvi etirazlara görə məsuliyyəti bütün xarici dövlətlərin üzərinə yıxmağa çalışdı. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) krallığın xarici siyasətini tənqid edən bir sıra bəyanatları ilə diqqət çəkdi. SEPAH-nın məlumatına görə, Molla rejiminə müxalif informasiya flaqmanı olan London peyk telekanalı "İran İnternational"-ın Ərəbistan tərəfindən maliyyələşdirilməsi səudiyyəlilərin hökumət əleyhinə etirazları qızışdırmaqda günahına işarə edir.

Bununla belə, Tehran rejiminin rəsmilərinin bəyanatları Səudiyyə Ərəbistanı istiqamətində dövlət siyasətində koordinasiyanın olmadığını nümayiş etdirdi. Əgər İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-leytenant Hüseyn Səlami son həftələrdə İŞİD üzvü tərəfindən Şirazdakı məqbərəyə atəş açılmasına qədər baş verənlərin hamısında krallığı günahlandırıbsa, sonra İran dini liderinin ofisi tarazlıq axtarmağa hazır olduğunu göstərdi. Belə ki, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, biz Səudiyyə Ərəbistanı ilə qonşuyuq və birlikdə yaşamalıyıq. Problemlərimizi daha səmərəli şəkildə həll etmək üçün iki ölkənin səfirliklərinin işini bərpa etmək lazımdır.

Molla rejiminin Səudiyyə Ərəbistanına zərbə endirməklə gündəmin diqqətini dəyişməyə çalışa biləcəyi proqnozunu Qərb tədqiqat mərkəzləri oktyabrın əvvəlində - İran din polisi tərəfindən kürd əsilli Məhsa Əmin adlı qızın öldürülməsinə qarşı kütləvi etirazlara getməsindən iki həftə sonra veriblər. Bununla belə, ekspertlər ən çox ehtimal edilən ssenarilərdən biri kimi Yəmən ərazisindən krallığın infrastrukturuna 2019-cu ilin sentyabrında Səudiyyə Aramco-nun neft emalı zavodlarını sarsıdan hücumların baş verəcəyini nəzərdə tuturlar. Məhz bu hücumlardan sonar Ər-Riyad müvəqqəti olaraq istehsalı dayandırmağa məcbur olmuşdu.

Belə bir böyük həcmdə hərbi əməliyyatların keçirilməsi üçün ilkin şərtlər artıq var. Oktyabrın 2-də husilər Yəməndə təxminən altı aydır qüvvədə olan atəşkəsin başa çatdığını elan ediblər. Oktyabrın 5-də OPEC+ üzvləri Bayden administrasiyasının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparmaq cəhdlərinə baxmayaraq, neft hasilatının kvotalarını azaltmaq qərarına gəldikdən sonra ABŞ qanunverici orqanı açıq şəkildə bəyan etdi ki, o, neft hasilatı kvotalarını azaltmağa hazır deyil. Yaxın Şərq müttəfiqi Vaşinqtonun istəklərinə zidd getdiyi və üstəlik, konqresmenlərin hesab etdiyi kimi, Rusiya ixracatçıları ilə birgə fəaliyyət göstərən Səudiyyənin cəzalandırılması qaçılmazdır.

Səudiyyə Ərəbistanı təkbətək formatda İranla birbaşa hərbi qarşıdurmaya hazır deyil, ya da döyüşə pis hazırlaşıb. Son onilliyin hadisələri göstərir ki, krallığın silahlı qüvvələri hətta husilərlə münaqişədə də ciddi problemlər yaşayıb. Üstəlik, Səudiyyənin hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri husilərin malik olduğu raket və pilotsuz təyyarələrdən strateji əhəmiyyətli obyektləri etibarlı şəkildə qoruya bilmədi, onların sayı və model diapazonu Tehran rejimi ilə müqayisədə çox məhduddur.

Bununla belə, Vaşinqtonla Ər-Riyad arasında münasibətlərdə müəyyən soyuqluq olsa da, hələ də onların hərbi və hərbi-texniki sahədə çox sıx əlaqələri var. Beləliklə, son hesablamalara görə, Səudiyyə Ərəbistanındakı bazalarda 3000-dən çox Amerika əsgəri qalır. Orada ABŞ-dan olan çoxsaylı hərbi təlimatçılar, texniki mütəxəssislər və s. fəaliyyət göstərir. Riyad hər hansı ciddi təhdid halında Vaşinqtonun dəstəyinə arxalanmağa davam edəcək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə