Tarixi Zəfərə aparan yol!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütüvlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini Tarixi Zəfərlə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. Bu siyasi qələbəninqaznılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra Bayraq Günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsidir. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.

Son ilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar, xalq-iqtidar birliyi, beynəlxalq nüfuzumuzun artması, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər təbii ki, bu qələbəmizi şərtləndirdi.

İqtisadi gücümüz qələbəni əldə etməyi təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən aslı deyil, heç bir beynəlxalq maliyyə qurumundan aslı deyil. İqtisadi müstəqilliyimiz və gücümüz ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.

Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəsdəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı.

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici qüvvələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bu birlik gələcəkdə qraşımızda duran bütün vəzifələri yerinə yetirmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.

Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə ancaq Azərbaycan qanunları işləyəcək.

Vətən müharibəsində Azərbaycanın Tarixi qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Zəfər Paradı Şanlı Azərbaycan Ordusunun gücünü bir daha dünyaya göstərdi və dünyada analoqu olmayan Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya nümayiş etdirdi. İki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsiQardaşlığın Zəfəri idi və beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır.

44-gün davam edən Vətən müharibəsində Diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Bu müsahibələr beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi. “Qardaş Türkiyənin dəstəyi Qələbəyə inamı artırdı” - “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində.

Əldə olunan bu Tarixi Zəfər Azərbaycan Xalqına, Xalq isə bu Zəfərə layiqdir. Azərbaycan dövlətçiliyi böyük bir imtahandan şərəflə şıxdı.

Bu möhtəşəm qələbənin əldə olunmasında ən böyük amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının polad kimi möhkəm siyasi iradəsidir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi, siyasi və diplomatik sahədə qələbələrimizin simvoluna çevrildi. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdə oldu.

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə