Prezidentimizin mövqeyi dəyişməzdir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Prezidentimizin mövqeyi dəyişməzdir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının Soçidə keçirilən üçtərəfli görüşü mövqelərin bir daha ortaya qoyulması baxımından olduqca əhəmiyyətlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, cənab İlham Əliyevin səsləndirdiyi fikirlər, qətiyyətli mövqeyi, xalqımızın milli maraqları və Moskvada, Brüsseldə, Praqada aparılan danışıqların ruhuna uyğundur.

“Bu görüşdə də Azərbaycan Prezidenti beş əsas prinsipin yerinə yetirilməsinin vacibliyini qeyd etməklə bir daha bildirmişdir ki, “Qarabağ münaqişəsi artıq tarixdir, o iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq heç nə yoxdur”. Söylənilən fikir beynəlxalq aləmə, erməniləri dəstəkləyənlərə, ilk növbədə Ermənistana və separatçılara bir mesajdır ki, Qarabağ müzakirələrin obyekti deyil və heç zaman da müzakirə obyekti olmayacaq. Ölkə rəhbəri bu fikirləri Brüsseldə və Praqada keçirilən görüşlərdə də diqqətə çatdırmış və bildirmişdir ki, Qarabağ məsələsi, Qarabağda yaşayan ermənilərin tale məsələsi Azərbaycanın daxili işidir. Belə ki, Azərbaycan heç vaxt status məsələsinə getməyəcək və bunun gündəmə gətirilməsinə razı olmayacaqdır.

Soçi görüşündə də Qarabağ və status ifadələrinin qəbul edilmiş bəyanatda öz əksini tapmaması, Paşinyanın cəhdlərinin puça sıxması bir daha göstərdi ki, Azərbaycanın dövlət rəhbəri öz sözündə qətiyyətlidir və o, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün beynəlxalq normalara əsaslanaraq bütün imkanlardan istifadə etməkdədir. Prezidentimizin mövqeyi aydın və dəyişməzdir”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə