“Azərbaycanın güclü və haqlı mövqeyi qalib gələcək” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın güclü və haqlı mövqeyi qalib gələcək” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan bütün region dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi təşəbbüsləri ilə çıxış edib və bu istiqamətdə praktiki addımlar atıb. Eyni zamanda, İranla hər zaman mehriban qonşuluq münasibətlərinin saxlanılması, birgə layihələrdə iştirak əməkdaşlığın ən müxtəlif istiqamətlərdə genişləndirilməsi məsələsi də bizim dövlətimizin diqqət mərkəzində olub”. Bunu millət vəkili Elşad Mirbəşiroğlu “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əksər hallarda İran işğalçı Ermənistanın Azərbaycana və Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətləri görməzlik edir: “Həqiqətən də, müasir dünyada ermənilərin törətdikləri qədər qanlı cinayətlər, terror aktları nə başqa xalqlarda, nə də ki, dövlətlərdə müşahidə olunmayıb. Bütün islam dünyası keçmiş münaqişə vəziyyətində Azərbaycanın yanında olduğunu hər zaman açıq nümayiş etdiriblər. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini, qanlı cinayətlərini hər zaman pisləyiblər. Post münaqişə mərhələsində Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar formalaşdırdı. Həm də regionun təhlükəsizlik sisteminin qurulması üçün real imkanlar yaradıb, əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib. Əslində, Azərbaycanın bu addımları bütün region ölkələrinin maraqlarına və bütövlükdə gələcək əməkdaşlıq imkanlarına cavab verir”.

E.Mirbəşiroğlu onu da bildirib ki, Ermənistanın son dövrlərdə özünün ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmək üçün cəhdləri fonunda, İranla daha yaxından əməkdaşlıqetmə cəhdləri bütövlükdə Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə gətirib çıxarır: “Yəni bir dövlət, qonşu dövlətin ərazilərini 30 il işğal altında saxlayır, Azərbaycana qarşı terror aktları həyata keçirir. Bu gün də Ermənistan təxribatlarını davam etdirməkdədir. Amma İran belə bir dövlətlə münasibətlərini daha da istiləşdirir, əməkdaşlığı daha da genişləndirir. Bu, bütövlükdə bir dünya təcrübəsi üçün çox təhlükəli presidentdir. Bu baxımdan, həm də İran onu da nəzərə almalıdır ki, Ermənistan kimi dağıdıcı bir ölkə ilə bu dərəcədə yaxınlaşma Cənubi Qafqaz regionunun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturası üçün yaxşı heç nə vəd etmir. Ümid edək ki, nəhayət sağlam məntiqə sığınaraq İran regionda sülhün, təhlükəsizliyin etibarlı təmin olunmasına töhfə verəcək mövqelər sərgiləyəcək. Bu baxımdan, hesab edirəm ki, bütün hallarda Azərbaycanın güclü və haqlı mövqeləri qalib gələcək. Cənubi Qafqaz regionunda marağı olan hər bir kəs məhz Azərbaycanla əməkdaşlıq şəraitində daha yaxşı əməkdaşlıq, daha etibarlı sülh və təhlükəsizlik sisteminin qurulması imkanlarını görməkdədirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə