Ermənistan niyə sülhə TƏLƏSMƏLİDİR? – TƏHLİL

Ermənistan niyə sülhə TƏLƏSMƏLİDİR? – TƏHLİL

Qarabağdan əllərinin üzüldüyünü dərk etməyə başlayan ermənilər indi batmaqda olan gəmi timsalında Ermənistanın xilasına çalışırlar. Bunun üçün gah Rusiyaya, gah da Qərbə tərəf yön alan haylar artıq hər iki tərəfin onları xilas edə bilməyəcəyi qənaətinə gəlməkdədirlər. Onlara verilən vədlərin hər birinin söz yığınından başqa bir şey olmadığı ortaya çıxdıqca dərk edirlər ki, Ermənistan üçün Azərbaycanla sülh sazişini imzalamaqdan doğru addım ola bilməz.

Həqiqətən də Rusiyanın, Avropanın, eləcə də Amerikanın yağlı vədlərindən və bu vədlərin boş sözdən başqa bir şey olmadığını hər dəfə görməkdən bezən, boğaza yığılan Ermənistan cəmiyyəti gec-tez doğru, düzgün qənaətə gəlməlidir. Başa düşməlidir ki, Ermənistanı xilas edəcək yeganə yol, iqtisadi inkişafa nail olmaqdır. Erməni cəmiyyəti dərk etməlidir ki, məhz iqtisadi inkişaf sayəsində bundan sonra ağalarından asılılığını aradan qaldıra, ən azından minimuma endirə bilərlər, hansıki bu məqam onlara indən belə müstəqil yaşamaq üçün şərait, imkan yarada bilər. Belə bir şərait, imkan isə onların kimlərsə tərəfindən idarə olunmalarının, kimlərinsə oyunlarında atətə çevrilmələrinin, acınacaqlı hallarla, hətta faciələrlə üz-üzə gəlmələrinin, məhvə sürüklənmələrinin qarşısının alınması deməkdir.

Hələ də erməni cəmiyyətində Rusiyadan ayrılmaq barədə spekulyasiyalar var. Maraqlıdır, Ermənistan müstəqil, suveren dövlət olduğunu bəyan etdiyi halda, Rusiyadan ayrılmaq barədə bu ölkədə söz-söhbət niyə olmalıdır? Axı bu ölkə yalan-doğru müstəqil dövlət, suveren dövlət olduğunu çoxdan bəyan etmişdi. Deməli, işğalçı ölkə ictimaiyyəti yaxşı bilir, hətta etiraf da edir ki, hələ də Ermənistan hansısa dövlətlərə, xüsusən Rusiyaya “bitişikdi” və buna görə də bu ölkə ictimaiyyəti hələ də ayrılmaq, müstəqil olmaq arzusundadır. Arzu kimi yaxşı arzudur, amma bunun üçün xam xəyallardan əl çəkmək, utopik fikirlərə, arzulara düşməmək, yaratdıqları qondarma mif naminə işğalçılıq siyasətinə son qoymaq, sonra da iqtisadi inkişaf barədə düşünmək, bu istiqamətdə irəliləmək tələb olunur. Belə bir irəliləyiş isə, əlbəttə ki, iqtisadi münasibətlər yaratmaqdan, normal qonşuluq siyasəti həyata keçirməkdən keçir və deməli, Ermənistan Azərbacanla bağlayacağı sülhə özü hamıdan çox tələsməlidir.

İndi erməni cəmiyyəti görür ki, onlar fərqində olmadan bir çox hadisələr baş verir, erməni xalqına xəbər vermədən belə onların yerinə Qərb, Avropa qərarlar verir, bu səmiyyət də ordan-bura, burdan-ora sürüklənir. Nəticədə də həmin cəmiyyət özü əziyyət çəkir. ABŞ timsalında hansısa bir ölkənin xoşuna gəlsin deyə yalançı demokratiya oyunları oynayan və bundan bezən, bu oyunllara görə hər şeydən məhrum olan və hələ də qarnı ac olan ermənilər fakt, reallıqlar qarşısındadırlar. Bunlar Azərbaycanın yaratdığı reallıqlardır ki, bunu bütün dünya qəbul etdiyi halda, ermənilərin özlərini görməməzliyə, bilməməzliyə vurması nə mümkün deyil, nə də hansısa reallığı dəyişən deyil.

Qərbin könlünü oxşamaq üçün olan demokratiya oyunu Ermənistana heç nə vermədi. Əksinə, bu ölkəni xaosa sürükləməklə, məhvə apardı, səfil gününə saldı. “Keçəl dərman bilsə öz başına sürtər”, zərb məsəlində deyildiyi kimi, dünyaya “demokratiya dərsi” keçmək istəyən ABŞ hansı demokratiyadan dəm vurur və qaradərililərin bu ölkədə hələ də natamam hüquqlara malik olması demokratiyadırmı? Yaxud, Avropa öz şəhərlərində küçələrə çıxan nümayişçiləri rezin güllələrlə, gözyaşardıcı kimyəvi qazla, itlərin köməyi ilə dağılışdırırsa, sözlərinə məhəl qoymursa, söz, ifadə, insan azadlığı bəradə hansı üzlə danışır? Əgər Amerika boyda fövqəl dövlətə demokratiya, Avropa boyda Qoca Qitəyə söz, ifadə azadlığı bir şey vermədisə, bunlar alət olaraq istifadə olundusa, Ermənistan kimi bir cırtdan dövlətə nə verə bilər? Kimlərinsə, hansısa dövlətlərinsə alətinə çevrilməkdən başqa heç nə. Əbəs yerə deyil ki, indi erməni cəmiyyətində, özü də açıq-aşkar şəkildə, “indiki hakimiyyət Azərbaycanla razılaşmağa hazırlaşır”, spekulyasiyaları dolaşır, çünki bu cəmiyyət başa düşür ki, hakimiyyətinin də bundan başqa doğru çıxış yolu qalmayıb. “Bakı ilə İrəvan arasında imkan daxilində daha tez sülh müqaviləsi imzalamaq lazımdır”, deyən Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın da bu qənaətdə olması səbəbsiz deyil. Özü də belə bir səlahiyyətlinin bu şəkildə ifadə işlətməsi, belə bir etiraf etməsi əvvla, sıradan bir ifadə sayılmır, bütövlükdə erməni cəmiyyəti üçün hətta bir mesaj hesab olunur, digər tərəfdən də Ermənistanın sülhə tələsməli olduğunun bu ölkə hakimiyyəti tərəfindən dərk olunması kimi başa düşülür.

Ermənistanın Milli Məclisinin spikeri ilin sonuna qədər müqavilə imzalamağın vacibliyindən danışarkən bunun, tərəflər arasında razılaşmanın nəticəsi olmasından əlavə, Ermənistan üçün son müddət olduğunu da diqqətə çatdırır. Yəni, erməni spiker hakimiyyətin sülh müqaviləsinə əslində tələsdiyini gizlətmir. Onu da gizlətmir ki, xarici müdaxilələrə, müqavimətə, təzyiqlərə belə baxmayaraq ölkəsinin baş naziri Nikol Paşinyan da bu niyyətdə, sülh müqaviləsini ilin sonunadək imzalamaq niyyətindədir. Əslində, bir ölkənin spikerinin, “sülh müqaviləsini imkan daxilində daha tez imzalamaq lazımdır”, deməsi, sülh müqaviləsinin imzalanmasına razılıq ifadə etməsi hakimiyyətdən icazəsiz və xəlvət ola bilməz və bəlli olur ki, həqiqətən də başda elə erməni baş nazir olmaqla, Ermənistan hakimiyyəti artıq başqa çıxış yolu görmür.

Artıq 44 günlük müharibənin başa çatmasından keçən son iki il ərzində Rusiya ermənilərin, Ermənistanın təhlükəsizliyini təmin etmək kimi bir öhdəlikdən imtina etdiyini diplomatik jestlərlə haylara başa salıb. İndi erməni cəmiyyətinin bir hissəsi bunu istəyin olmaması, digər hissəsi də imkansızlığın olmaması ilə izah edir, yaxud təskinlik tapır. Amma hər bir halda ermənilərin ruslardan əllərini üzdükləri açıq-aydın şəkildə görünür. Bunu görmək üçün xüsusi “istedad” da tələb olunmur, çünki hayların rusları, Rusiya dövlətini onları müdafiə etməmələrinə görə tənqid atəşinə tutması gizlin şəkildə aparılmır. Hətta erməniləin əksəriyyəti Rusiyadan birdəfəlik “aralanmaq” arzularını də açıq-aşkar bildirirlər. Düzdür, erməni cəmiyyətinin, Ermənistanın məhz Rusiyanı nəyəsə görə qınamağa mənəvi haqqı yoxdur, ola da bilməz, çünki buna əsas da ola bilməz, amma bu məsələ müzakirə mövzusu deyil. Müzakirə mövzusu odur ki, Ermənistan artıq Kremlin hər şeyin nəzarətdə olduğunu sadəcə göstərməyə çalışdığı, heç bir kömək etməyəcəyi qənaətindədir. Həm də erməni cəmiyyəti də, Ermənistan hakimiyyəti də o qənaətdədir ki, prosesi artıq Rusiya idarə etmir, edə də bilmir. Hətta ermənilər hesab edirlər ki, ruslar özləri böyük bəla içərisindədir və onlardan ardımı, dəstəyi ummağa belə dəyməz.

İranın köməyi, dəstəyi barədə bir müddət ağız dolusu, pafosla danışan ermənilər belə gördülər ki, rəsmi Moskva da Tehran da Ermənistanı özünün-özünü saldığı quyunun dibindən çıxarması barədə fikirlər də xam xəyallardır. İranın özündə də, bu ölkənin çoxlu sayda şəhərlərində də davam edən mitinqləri müşahidə edənlər, həmin ölkənin hakimiyyətinin etirazları dayandıra bilmədiyi fikrindədirlər. O fikirdədirlər ki, İran özü məhz öz ölkəsində baş verənlərin qarşısını ala bilmir. Buna gücü də çatmadığı fikrində olanlar da az deyil. Deməli, iranlıların da nağıllarının mənasız olduğuna haylar özləri ilk növbədə inanmırlar. Moskvada isə Kutuzovski prospektində Vahid Rusiya sədrinin mərkəzi qəbul otağını yandırıblar. Gecə saat üç radələrində naməlum şəxsin binanın pəncərəsindən “Molotov kokteyli” ataraq cinayət yerindən qaçaraq aradan çıxmasını ermənilər Rusiyanın tamamilə çarəsiz, imkansız vəziyyətdə olması kimi xarakterizə edirlər. Onlar belə bir qənaətdədirlər ki, Rusiya və İrana sadəcə olaraq, ümid bəslənilməsi axmaqlıqdır. Elə erməni baş nazirin, Ermənistan hakimiyyətinin sülh müqaviləsi bağlamağa tələsən kimi öz xalqının gözündə görünməsi bütün bunlara görədir.

Nə etməlidir bu halda erməni cəmiyyəti? Bu qədər görüşlərin, özü də Azərbaycanın diplomatik müstəvidə qələbələrilə dölu görüşlərin fonunda çıxış yolu nə ola bilər? Bir halda ki, bütün qapılar ermənilər üçün ancaq ilğım göstərib və hələ də göstərməkdə davam edir, deməli, Ermənistan artıq Azərbaycanla sülhə tələsməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə