Azərbaycan Gürcüstan arasında siyasi dialoq yüksək dinamika ilə inkişaf edir ŞƏRH
Bu ilin oktyabr ayının 24-ü tarixində Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. Ölkəmizin xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Azərbaycanla Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır. İki ölkəni birləşdirən yalnız tarixi və geosiyasi amillər deyil, həm də strateji maraqlardır.İki ölkə arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. Bu gün hər iki ölkənin liderləri və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda və beynəlxalq platformalarda görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Ölkələr arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Keçən əsrin 90-cı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, Xəzər dənizi ilə Qara dənizin neft kəməri vasitəsilə birləşsinə imkan verdi. Sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Üç qonşu dövlət - Azərbaycan, Türkiyə və Gürcüstan birgə səylərlə regional və qlobal əhəmiyyət daşıyan bu layihələri reallaşdırıblar. Bu üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Sözügedən layihələr bu gün ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycan Prezidenti də öz çıxışında vurğuladı ki, 2027-ci ildə ölkəmiz Avropaya qaz ixracatını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bununla əlaqədar, Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artması, Bakı-Supsa neft kəmərindən istifadə etmək planları mövcuddur. Ölkəmiz elektrik enerjisinin ixracı prosesində Gürcüstanla əməkdaşlıq etmək niyyətini də bəyan edib. Bütün bunlar göstərir ki, iki ölkənin iqtisadi əlaqələrini daha da möhkəmləndirməsi üçün yeni imkanlar yaranıb. Çünki dünyada, xüsusilə Avropada enerji təhlükəsizliyi məsələsinin ön plana çıxması Azərbaycanla Gürcüstanı öz milli maraqlarına uyğun olaraq daha da yaxınlaşmağa, daha sıx əməkdaşlığa sövq edən amillərdən biridir. Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sektorudur. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycanın və Gürcüstanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb.İki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf edir. Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı deyib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar müttəfiqlik səviyyəsinə qalxıb. Ona görə ki, bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Hər iki ölkə həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, ikitərəfli formatda daim bir-birini dəstəkləyir. Ölkələrimiz arasındakı bir çox önəmli layihələr bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.Həmçinin aparılmış müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Dövlət başçısı İlham Əliyevin bir daha bəyan etdiyi kimi, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycan tərəfi beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir. İki ölkənin liderləri, eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Şübhəsiz ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunması istiqamətində önəmli bir platforma ola bilər. Gürcüstan Azərbaycanın Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib. Yəni Azərbaycan və Gürcüstanı yaxınlaşdıran yalnız iqtisadi maraqlar, tarixi və siyasi amillər deyil, həm də təhlükəsizlik maraqlarıdır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB