"İran" xarici qüvvələr" deyəndə kimi nəzərdə tutur?" - POLİTOLOQ DANIŞDI

"İran" xarici qüvvələr" deyəndə kimi nəzərdə tutur?" - POLİTOLOQ DANIŞDI

"İranın Azərbaycanla və o cümlədən Türkiyə ilə sərhədlərdə mütəmadi hərbi təlimlər keçirməsi anti-Azərbaycan səciyyəsi daşımağa başlayıb". Bu fikirləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, belə təlimlər əvvəllər, yəni Azərbaycanın torpaqları işğal altında olan vaxtlarda ya heç keçirilmirdi, ya da formal səciyyə daşıyırdı: "Son iki ildə bu təlimlərin intensivliyi artıb və bu da təlimlərin və əzələ nümayişlərinin anti-Azərbaycan və anti-Türkiyə səciyyəsi daşıması fikrini qüvvətləndirir. İranın xarici işlər naziri Ermənistanda jurnalistlər qarşısında çıxışı zamanı İran üçün Azərbaycan və Ermənistandan deyil başqa xarici dövlətlərdən təhlükə gəldiyini vurğulayıb və regionda xarici qüvvələrin yerləşdirilməsinin qəbul edilməz olduğunu ifadə edib. Nazirin bəyanatı bu mənanı verir ki, İranın bu təlimləri məhz regiondan kənar qüvvələrə güc nümayişidir. Belə olan halda hansı xarici qüvvələrdən söhbət gedir? İranın fikrində tutduğu dövlətlərin heç birinin silahlı qüvvələri regionda mövcud deyil və yaxın gələcəkdə də mövcud olmayacaq. Deməli, İslam dövləti hərbi təlimləri keçirməkdə məqsədlərini pərdələmək üçün xarici qüvvələri ortaya atır. Amma artıq hamıya məlumdur ki, İran sadəcə regionda gedən prosesləri qəbul etmək istəmir və ya başa düşməkdə çətinlik çəkir. Buna görə də var qüvvəsi ilə bu proseslərə mane olmağa çalışır. Təbii ki, regionda baş verən siyasi proseslər yeni geosiyasi vəziyyətin başlanmasını xəbər verir və bu prosesin önündə Azərbaycan və Türkiyənin getdiyini nəzərə alsaq İranın atdığı addımlar bizim həyata keçirdiyimiz strategiya ilə ziddiyyət təşkil edir. Məhz buna görə də İranla Azərbaycan Respublikası arasında münasibətlər son zamanlar məhz İranın atdığı qeyri-adekvat addımlar səbəbindən ciddi şəkildə pisləşir. Vəziyyət o yerə çatıb ki, Azərbaycan Respublikası Prezidenti bu mövzuya toxunaraq bu vaxta qədər olan münasibətdən fərqli münasibət bildirib. Görünən budur ki, Azərbaycan bundan sonra İranla münasibətlərdə tərəzini ortalıqdan götürəcək. Çünki Azərbaycanın apardığı qonşuluq və balanslaşdırılmış siyasət İran rəsmiləri tərəfindən düzgün qiymətləndirilmir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə