Azərbaycan tarixində qızıl hərfli zəfər günü

Azərbaycan tarixində qızıl hərfli zəfər günü

Gülgün Şəfiyeva,
Ədliyyə Akademiyasının baş məsləhətçisi
2020-ci il 8 noyabr - 30 illik həsrətimizin başa çatdığı tarixi bir gün. Nədir bu həsrət? Bu 30 ilə yaxın bir müddər ərzində mənfur düşmənin təcavüzü nəticəsində doğma el-obasından didərgin düşmüş bizlərin torpaq həsrətidir. Zəfər gününə qədər azərbaycan xalqına daim zülm etmiş, dəfələrlə xalqıma qarşı soyqırımı hadisələri törətmiş məkrli düşmənimiz olan ermənilərin iki əsrdən də çox olan fəaliyyət tarixinin xronologiyasına nəzər salaq.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı, terror aktı və təcavüz siyasətinin iki əsrdən də çox tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaq, bu ərazilərin hesabına “Böyük Ermənistan” dövləti yaratmaqdır. Bunun nəticəsində xalqımız əsrlər boyu siyasi cəhətdən mükəmməl təşkil edilmiş və artıq dövlət terrorizmi səviyyəsinə qaldırılmış, məkrli və hiyləgər erməni terrorizmi ilə üz-üzə qalmışdır. Əsasını terror üsulları təşkil edən “ Armenikan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni partiyaları məhz bu səbəbdən yaradılmışdır. XIX əsrin sonları XX əsrin əvvəllərində bu və ya digər erməni terror təşkilatları tərəfindən Türkiyə və Azərbaycanda on minlərlə günahsız insan qətlə yetirilmişdir. 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” erməni federativ inqilab partiyasının əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan , Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən bu partiya türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun”, “Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdi.

1919-cu ildə “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayında “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Qərara erməni terrorçuları tərəfindən qətlə yetiriləcək Azərbaycanın dövlət xadimlərinin və ziyalılarının adları salınmışdır. XX əsrin 70-80-ci illərində erməni terror təşkilatları tərəfindən dünyanın müxtəlif ölkələrində, əsasən də Türkiyə diplomatlarına qarşı 200-dək terror aktı törədilmişdir.

XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı İmperiyasından köçürülmüş erməni ailələrinin yerləşdirilməsi ermənilərin bu torpaqlara olan iştahlarını daha da artırdı. Hələ XVIII əsrin ilk onilliklərində I Pyotr Bakını işğal etdikdən sonra burada Rusiya üçün sosial baza yaratmaq, cənub sərhədlərində güclü müsəlman və türk ölkəsinin formalaşmasının qarşısını almaq məqsədilə, erməniləri həmin ərazilərdə yerləşdirməyə qərar vermişdi. Lakin bu planlar yalnız XIX əsrin birinci yarısından reallaşmağa başladı. Ermənilərin xalqımıza qarşı soyqırımı tarixi və ərazi iddiaları onların Azərbaycan ərazisində məskunlaşdırıldığı dövrdən başladı. Erməni millətçiləri Rusiyaya arxalanaraq XX əsrin əvvəllərində azərbaycanlılara qarşı dəfələrlə, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi soyqırımı törətmişlər. Bu illər ərzində ermənilər Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 kənd tamamilə dağıdılmışdır. 1905-1918-ci illərdə erməni hərbi birləşmələri Qafqazın müxtəlif bölgələrində qətllər, qırğınlar törətmək istiqamətində fəallaşmağa başladılar.

1918-1920-ci illərdə Ermənistanın daşnak hökuməti “türksüz Ermənistan” siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmışdır ki, bu da Azərbaycana məxsus yüzlərlə kəndlərin dağıdılması, əhalinin məhv edilməsi, onların zorla ölüm təhdidi altında doğma yurdlarından qovulması ilə nəticələnmişdir. 1948-1953-cü illərdə soydaşlarımız Ermənistan ərazisindəki ata–baba yurdlarından deportasiya edildilər.

Ermənilərin Azərbaycan xalqına qarşı növbəti ərazi iddiaları və azərbaycanlıların Ermənistan ərazilərindən etnik təmizlənməsi siyasəti 1988-ci ildən başlandı. Bu illərdə Ermənistan ərazisindən 250 mindən artıq soydaşımız qovulmuş 217 nəfər azərbaycanlı ermənilər tərəfindən öldürülmüşdür. Azərbaycanlılar Ermənistan ərazisindən döyülərək, təhqir olunaraq zorla qovulur, getmək istəməyənlər qətlə yetirilirdi. O zamanlar öz ev-eşiklərindən didərgin salınmış soydaşlarımız Azərbaycanın hər bir bölgəsinə qaçqın kimi gəlirdilər. Dədə-baba yurdlarından qovulmuş və yaxınlarını itirmiş bu insanlar erməni millətçilərinin hərəkətlərindən hiddətlənərək onlara qarşı narazılıqlarını bildirirdilər. 1988-ci ilin fevralında Sumqayıt şəhərində yaşayan ermənilər bundan istifadə edərək vaxt itirmədən öz hiyləgər niyyətlərini planlı surətdə həyata keçirməyə nail oldular. Onlar bir-birini müxtəlif şəkildə qətlə yetirir və bu cinayəti çox ustalıqla azərbaycanlıların üzərinə atır, özlərini yazıq, məzlum kimi göstərirdilər.

Bütün bunlar məkrli, davakar ermənilərin xalqımıza qarşı düşünülmüş plan əsasında həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz bu mənfur siyasət səbəbindən Azərbaycan torpaqları əsrlər boyu düşmənin təcavüzünə məruz qalıb. XX əsrin 80-ci illərinin sonunda erməni millətçiləri Azərbaycana qarşı geniş miqyaslı hərbi əməliyyatlara başladılar və nəticədə 20 faiz torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal edildi. Əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı törədildi. Xocalı soyqırımı erməni millətçilərinin 1918-ci ilin 31 mart tarixində xalqımıza qarşı törətdikləri soyqırımın davamı idi. Düşmənin Xocalıda soyqırımı aktını həyata keçirmək ssenarisi 1992-ci ilin fevral ayının 25-dən-26-na keçən gecə baş verdi. Həmin gecə Ermənistan silahlı birləşmələri havadarlarının köməyi ilə Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı insanlığa sığmayan soyqırımı törətdilər. Xocalı faciəsi və Azərbaycan ərazilərinə qarşı genişmiqyaslı müharibə bu “ yazıq” ların artıq nəyə qadir olduqlarını göstərdi. Xocalı faciəsinin ardınca yeddi rayon erməni qəsbkarları tərəfindən işğal edildi. Şəhər və rayonların mərkəzi 1993-cü ilin oktyabrına kimi tamamilə ələ keçirildi. Ağdam və Fizulinin Azərbaycanın nəzarətində olan kəndlərini düşmən işqalından qorumaq üçün əsgərlərimiz və Azərbaycanın mərd oğulları döyüşə davam etdilər. Lakin havadarları tərəfindən yaxşı silahlanmış düşmən gülləsinə tuş gələn oğullarımız şəhid olurdu. Ümummilli Lider Heydər Əliyev artıq şəhidlərimiz olmasın, analar, bacılar gözü yaşlı qalmasın deyə 1994-cü ilin aprel ayında düşmənlə atəşkəs müqaviləsi bağladı. Torpaq həsrəti o vaxtdan başladı və 30 ilə yaxın bir müddətdə torpaqlarımız düşmən əsarətində qaldı. Lakin bu müddət ərzində də azğın düşmən sakit dayanmır, işğal edilmiş ərazilərimizdən bizim digər ərazilərimizi atəşə tuturdular.

Bütün bu olanlara rəğmən Azərbaycan rəhbərliyi buna səbrlə dözür və münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırdı. Ermənistanın xarici havadarları sayəsində, münaqişə dondurulmuş və Azərbaycana status-kvonu qəbul etdirmək üçün yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olmamış , bununla da münaqişənin həllinin hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamə və digər beynəlxalq təşkilatların müvafiq qərarları kağız üzərində qalmışdır. Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan daim ordumuzun mövqelərini atəş altında saxlamışdır. Bununla kifayətlənməyən mənfur düşmən 2020-ci ilin iyul ayından başlayaraq, dövlət sərhəddi və təmas xətti boyu hərbi təxribatlar törədərək içərisində çox sayda azyaşlı da olmaqla mülki əhalinin ölümünə səbəb oldu.

2020-ci ilin sentyabr ayının 27-də hücuma keçən işğalçı erməni ordusuna cavab olaraq, özünə güvənən Azərbaycan Ordusunun əks-hücumu başladı və nəticədə sürətlə irəliləyərək ərazilərimizin çox hissəsini azad etdilər.Ermənistan ordusunun genişmiqyaslı hücumu nəticəsində Vətən müharibəsinin ilk günlərindən cəbhədən gələn şəhid xəbərləri üzücü olsa da, Ordumuzun qələbə xəbərləri qürurverici idi. Müzəffər Ordumuz düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını, artilleriya və zenit qurğularını, S-300 zenit raket sistemini məhv etdi. Qalib Ordumuzun şücaəti sayəsində oktyabr ayının 3-də Tərtərin Suqovuşan kəndi, 4-də Cəbrayıl şəhəri, 9-da Xocavəndin Hadrut qəsəbəsi azad edildi. 11 oktyabr gecə saatlarında Gəncə şəhəri raket atəşinə məruz qaldı. Tarix və mədəniyyət mərkəzi olan şəhərdə üç yaşayış binası dağıdıldı, içərisində uşaqlar da olmaqla bir neçə mülki şəxs həlak oldu. Düşmənin hər bir həmləsinə cavab olaraq , öz döyüş missiyasını ölümün gözünə dik baxaraq şərəflə yerinə yetirən əsgərlərimiz düşmənə ağır zərbələr endirərək oktyabr ayının 20-də Zəngilan, 25-də Qubadlı, noyabr ayının 8-də Şuşa şəhərini işğalçılardan azad etdi.

Müzəffər Ordumuz işğalçıların 30 il ərzində qurduqları istehkamları məhv etdi. 44 günlük Vətən Müharibəsi dövründə xalqımız Ali Baş Komandanın və Müzəffər Ordumuz sayəsində hər gün qələbə sevincini yaşadı. Ali Baş Komandanın Dəmir Yumruğu Ermənistan tərəfə 2020-ci il 10 noyabr tarixində kapitulyasiya aktına imza etdirdi və işğal edilmiş digər ərazilərimizdən qoşunlarını çıxartmağa məcbur etdi. Döyüş meydanında əldə edilən qələbələr siyasi meydanda Azərbaycana öz sözünü deməyə əsas verdi və noyabr ayının 20-də Ağdam, 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edildi. Bununla da ölkə başçısı İlham Əliyevin apardığı çoxsahəli siyasət və müasir silahlarla təchiz edilmiş, yenilməz bir gücə sahib olan Müzəffər Ordumuz sayəsində 30 illik münaqişəyə son qoyuldu.

Ölkə Prezidenti 44 günlük Vətən Müharibəsinin yekunu olaraq 8 noyabr tarixini Zəfər Günü elan etdi və bununla əlaqədar 2020-ci il 3 dekabr tarixində Sərəncam imzaladı. I Qarabağ Müharibəsi dövründə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan və 44 günlük Vətən Müharibəsində qələbəmizin qazanılmasında payı olan şəhidlərimiz, ruhunuz qarşısında baş əyir sizinlə qürur duyuram. Hər iki savaşımızda qazi olan oğullar, müharibə iştirakçıları, zəfərinizlə öyünün, var olun! Doğma Yurdum, hər bir addımında zəfərlərin bol olsun, xalqınla hər zaman var olasan torpağının bir parçası, bir qarışı düşmən əsarətində qalmasın, xalqın bir daha bəlalara tuş gəlməsin, tarixinə zəfər dolu günlər yazılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə