Milli Məclis dinləmələrlə həm də ictimai rəyi öyrənir – DEPUTAT ŞƏRH ETDİ
“Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələrin keçirilməsi Azərbaycan cəmiyyətində demokratiyanın, fikir plüralizminin inkişaf etməsindən xəbər verir. Müşahidələrdən də müəyyən etmək olar ki, bu hadisə mövcud siyasi partiyalar, vətəndaş cəmiyyəti, eləcə də ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb. Layihənin müzakirəsi ilə bağlı keçirilən dinləmədə müxtəlif partiyaları təmsil edən nümayəndələrin öz fikirlərini sərbəst ifadə etməsi ölkəmizdəki ictimai-siyasi mühitin bütün partiyalar üçün əlverişli olduğuna dəlalət edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, ictimai dinləmə bir daha sübut etdi ki, Parlament müzakirələrə hər zaman açıqdır: “Artıq bir müddətdir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi partiyalarda, müxtəlif platformalarda müzakirə olunur. Partiyalar üçün eyni şərait yaradılıb ki, bunun özü də çox müsbət haldır. Əslində ictimai dinləmənin mahiyyəti ondan ibarətdir ki, Milli Məclis bununla ictimai rəyi öyənir. Yeni qanun layihəsinin müzakirəsi həmçinin qanunverici orqan tərəfindən başlanan yeni proses kimi qiymətləndirilməlidir. Bununla da Milli Məclis cəmiyyətin və siyasi partiyaların istək və arzularını, sosial-siyasi tələblərini daha dolğun qiymətləndirə biləcək. Bu, çox mühüm amildir və mövcud tendensiya qəbul ediləcək qanun layihələrinin cəmiyyət institutlarına elmi əsaslarla sirayət etməsini təmin edəcək. Başqa sözlə desək, bu dinləmə öz müsbət tərəfləri ilə yadda qaldı və inanırıq ki, bütün siyasi institutlar bundan Azərbaycanın gələcək inkişafı naminə faydalana biləcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB