4 şəhər, 3 qəsəbə və 165 kənd, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğalçılardan azad olundu
"Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. "Smerç" qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb". Bu fikirlər 27 oktyabr 2020-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" hesabında edilən paylaşımda yer almışdı. Paylaşımda deyilirdi: "Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq. Uca Tanrı Vətənimizi qorusun!"
DÖYÜŞDƏ UĞRADIĞI MƏĞLUBİYYƏTLƏ BARIŞMAYAN ERMƏNİLƏR DİNC İNSANLARI HƏDƏFƏ ALIRDILAR
Döyüşdə uğradığı məğlubiyyətlə barışmayan ermənilər dinc insanlara qarşı təcavüz edir, müxtəlif silahlardan atəş açırdılar. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqda olan yaşayış məntəqələri də hücumlara məruz qaldı. Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak oldu, 70 nəfərdən artıq insan yaralandı. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirirdilər.
ERMƏNİSTANIN İŞĞALÇILIQ, ANTİ-AZƏRBAYCAN SİYASƏTİNİ DAVAM ETDİRMƏSİNƏ BAXMAYARAQ, ONUN YAŞADIĞI QORXU HİSSİ DƏ DANILMAZ İDİ
"Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verərkən bildirmişdi. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. 26 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də, beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. 44 günlük müharibə dövründə Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmaz idi. Azərbaycanın düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordusu cəbhədə öz gücünü göstərirdi. Müharibə getdiyi bir zamanda humanitar atəşkəs elan olunsa da, yenidən Ermənistan tərəfi buna məhəl qoymur, hətta mülki əhalini belə hədəf alırdı. Artıq üçüncü dəfə idi ki, humanitar atəşkəs elan olunur və hər birində erməni təcavüzkarları atəşkəs rejimini pozaraq, çirkin niyyətlərini ortaya qoymuş olurdular. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədi ilə müharibənin davam etdiridi. Hər gün torpaqlarımız geri alınırdı. Xalqımızın Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Zəfərimizə inamı sonsuz idi. Həmin dövr ərizində Prezidentə ünvanlanan məktubların ardı-arası kəsilmirdi və bu məktubların hər birindən qələbə qoxusu gəlirdi. Vətəndaşlarımızdan biri belə yazırdı: "Çox hörmətli möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" şüarınıza inandıq. Yalnız bir çox halda səbirsizlik edirdik. Ancaq "nəyi nə vaxt və necə etməyi də" Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki, "İlhamla irəli"nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xalqımızı bu nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun, bizə zəfərlər nəsib etsin! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!".
DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİ, QƏTİYYƏTİ, GÜCLÜ TƏZYİQLƏRƏ SİNƏ GƏRMƏSİ XALQIMIZA ZƏFƏRİ YAŞATDI
Əlbəttə ki, Müzəffər Ali Baş Komandan vətən müharibəsi başlanan zamandan xalqımızı sevindirir, işğaldan azad olunan ərzilərimizlə bağlı xəbərləri milyonlarla insana çatdırırdı. Tezliklə insanlar 30 illik həsrətinə torpaq həsrətinə son qoyulacaq günləri o ellərə dönməyi gözləyirdilər. Qalibiyyət yürüşü xalqımıza qısa bir zamanda dövlət başçısının siyasi iradəsi, qətiyyəti, güclü təzyiqlərə sinə gərməsi nəticəsində ZƏFƏRİ yaşatdı. Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı artıq bir ay idi ki, uğurla davam edirdi. "Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir". Bu fikirləri Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədəki çıxışında səsləndirmişdi. Bir ay ərzində 4 şəhər, 3 qəsəbə və 165 kənd, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğalçılardan təmizlənmişdi. Ordumuz hər gün, hər saat böyük tarixi nailiyyətlərə imza atırdı. Bu müddət ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Bir çox ərazilərimiz bir ay ərzində düşməndən geri alındı. Bu, əlbəttə ki, Ali Baş Komandanın siyasi iradəsindən, Azərbaycan Ordusunun qüdrətindən xəbər verirdi.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB