"İran odla oynamasın" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

"İran odla oynamasın" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

"Son dövrlərdə İran tərəfindən Azərbaycan sərhədlərində keçirilən hərbi təlimlər Azərbaycana qarşı əzələ nümayişidir. Eyni zamanda fars molla rejimi öz rejimini qoruyub saxlamaq məqsədilə müxtəlif tərəfdaşları ilə birlikdə Fransa və digər ölkələrlə müəyyən danışıqlar aparıb". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun Prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, İran bu gün Azərbaycanın güclü, qüdrətli ölkə olmasını həzm edə bilmədiyinə və Türkiyə ilə çiyin-çiyinə regionda sülhün, stabilliyin, təhlükəsizliyin təmin olunması istiqamətində inamlı addımlar atdığına görə çox böyük narahatlıq keçirir: "Qeyd etdiyim kimi, İran tərəfdaşları ilə birgə regionda vəziyyəti gərginləşdirməklə Azərbaycana və Azərbaycanı dəstəkləyən ölkələrə öz gücünü nümayiş etdirmək istəyir. Bu qətiyyən yolverilməzdir. İran birdəfəlik bilməlidir ki, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında birinci növbədə o maraqlı olmalıdır. Çünki İran birmənalı şəkildə düşünməlidir ki, burada hər hansı bir formada Azərbaycana qarşı təzyiqlər olarsa, Azərbaycan da buna öz cavabını verəcək, Azərbaycan buna qarşı susqunluq vəziyyətində olmayacaq. Bu bizim üçün çətin olsa da bir o qədər də İrana baha başa gələcək. Ona görə də İran odla oynamasın".

Rauf Zeyni sözlərinə belə davam edib: "Bizim İranda ən azından 40 milyon soydaşımız yaşayır və o soydaşlarımızın da bütün hüquqları tapdalanır. Bütün beynəlxalq hüquq normaları çərçivəsində onların hüquqlarını müdafiə etməyə hazırıq, hər zaman hazır olmuşuq, bu gün də hazırıq və bu əməllərə İran son qoymalıdır.

Son olaraq onu demək istəyirəm ki, hər halda bütün dövlətlər kimi İran da öz xalqının bu gününü və gələcəyini düşünməlidir və onun gələcəyini düşünən rəhbərlik adekvat addımlar atmalıdır. Hər hansı bir səhv addımlara yol verilərsə, onlar İran İslam Respublikası üçün baha başa gələ bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə