Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərdə yeni mərhələ

Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərdə yeni mərhələ

Azərbaycan və Gürcüstan Respublikaları arasında ikitərəfli diplomatik münasibətlər SSRİ dağıldıqdan sonra 1992-ci il noyabrın 18-də yaradılmışdır. Hər iki Cənubi Qafqaz dövləti SSRİ tərkibindən çıxdıqdan sonra bir dövlət kimi öz varlıqlarını qoruyub saxlamaq üçün qarşılıqlı münasibətlərini inkişafında daim əməkdaşlıq etməyə səy göstərdilər. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, xarici dövlətlərin təzyiqləri, daxildə baş verən qarışıqlıqlar ölkələrin müstəqil şəkildə inkişafına mane olurdu. Lakin Azərbaycan və Gürcüstan Respublikalarının geosiyasi maraqlarının üst-üstə düşməsi, Cənubi Qafqazda birgə layihələrin tətbiqi ilə bağlı zərurətlər və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb.

Ölkələrarası diplomatik münasibətlər qurulduqdan sonra istər regional, istərsə də qlobal məsələlərdə daim bir-birinə dəstək verərək qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir göstərmişdilər.

İki ölkə arasında münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar.

Ölkələrimiz arasında münasibətlərin inkişafına prezident İlham Əliyevdə xüsusi diqqət göstərməkdədir. Ulu öndər Heydər Əliyevin və onun siyasi varisi cənab İlham Əliyevin dövründə Azərbaycan və Gürcüstan Respublikalarının Cənubi Qafqazın inkişafına böyük töhfələr verən birgə əməkdaşlıq layihələri həyata keçirilib. Hər iki ölkənin birgə əməkdaşlığı ilə keçirilən böyük layihələr Cənubi Qafqazın regional və beynəlxalq əhəmiyyətini yüksəltməkdə əvəzsiz rola oynayır. Azərbaycan və Gürcüstan arasında icra olunan bir çox birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. İki ölkə Cənubi Qafqazda sülhün bərqərar olması üçün bütün lazımi tədbirlər həyata keçirir.

İkitərəfli münasibətlərin inkişaf nəticəsi olaraq 24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin Gürcüstana rəsmi işgüzar səfəri baş tutmuşdur. Görüş zamanı tərəflər arasında tarixi bağlılıq, strateji tərəfdaşlıq imkanları, qarşılıqlı əməkdaşlığın inkişafı, həyaya keçirilməsi planlaşdırılan yeni enerji layihələri, Cənubi Qafqazda sülhün bərqərar olması və s. kimi mövzulara toxunulmuşdur.

Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri zamanı mətbuata verdiyi açıqlamada bunları xüsusilə qeyd etmişdir: “Hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bax bu məsələdə bir cəbhədən hərəkət edərək bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər”. “Baxın, görün iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir. Və yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz durur, xalqlarımızın dostluğu, liderlərimizin dostluğu və birgə fəaliyyət durur. Ona görə mən bir daha bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə təşəkkürümü bildirmək istəyirəm. Dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram”.

Prezident İlham Əliyev öz çıxışında həmçinin Gürcüstanla həyata keçirilmiş layihələrlə bağlı da inkişaf dinamikasını nəzərə çatdırıb. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq.

Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.

Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.

Prezident İlham Əliyevin 24 oktyabr tarixli səfəri Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Ölkələrarası qarşılıqlı əməkdaşlığın inkişaf hər iki tərəf üçün beynəlxalq əhəmiyyət kəsb edir. Gürcüstanla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin inkişafı bu iki ölkənin dostluq və birgə əməkdaşlığı nəticəsində daha da möhkəmlənir.
Azərbaycan və Gürcüstan Respublikaları arasında ikitərəfli münasibətlərin inkişaf növbəti 10 illiklərdə daha da inkişaf edib şaxələnəcək. Bu dostluq və əməkdaşlıq Azərbaycan və Gürcü xalqları üçün sülhün, əmin-amanlığın və rihafın daha da yüksəlməsinə şərait yaradacaqdır. Növbəti illərdə Azərbaycan və Gürcüstan Respublikaları dünya üçün əhəmiyyətli olan yeni beynəlxalq layihələrin təməllərini birlikdə atacaq və bu iki respublika Cənubi Qafqaz diyarının daha da çiçəklənməsi naminə bundan sonra da dostluq və əməkdaşlığı artan müstəvidə davam etdirəcəkdir.

Humay Xudiyeva
Xəzər rayonu, 149 N-li məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə