30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin hərbi qüdrətini müəyyən etdi. Sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Ali Baş Komandanın əmri ilə qələbə hissi ilə alışıb-yanan ordumuz qarış-qarış torpaqlarımızı işğaldan azad etdi.
Cənab İlham Əliyev və bütün Azərbaycan xalqı “Dəmir yumruq” altında birləşdi. İşğaldan azad olunan torpaqların adları elan olunduqca bütün Azərbaycan sevincə qərq olur, qələbə hissini sevinc göz yaşı ilə qarşılayırdı. Bu göz yaşı ilə qarşılanan tarixi günlərdən bir də 25 oktyabr 2020-ci il oldu. Məhz həmin gün Qarabağımızın dilbər guşələrindən biri olan Qubadlımız işğaldan azad edildi.
31 avqust 1993-cü ildə Qubadlı rayonu yağı düşmən tərəfindən işğal olunmuşdur. Bu işğal zamanı 29997 nəfər məcburi köçkünümüz olmuş, 94 yaşayış məntəqəsi 161 mədəniyyət obyekti işğalçı Ermənistan tərəfindən tamamilə dağıdılmişdır. Qubadlı rayonu Qarabağımızın dağlıq ərazisində yerləşir. Bu rayon Həkəri və Bərgüşad çayları ətrafında yerləşmiş, . “Yazı düzü”, “Gəyən” və “Məzrə” düzləri ilə əhatə olunmuşdur. Qubadlı rayonunda işğaldan əvvəl 13160 hektar meşə sahəsi olub. Bu dilbər guşəmizdə bir çox faydalı qazıntı ehtiyyatları mövcuddur. Rayonun Hacılı kəndində mişar daşı yatağı, Başarat kəndində mərmərləşmiş əhəng daşı yataqları, Xanlıq kəndində qum-gil yatağı və s kimi faydalı qazıntılar mövcuddur və bunlar işğalçı dövlət tərəfindən 30 ildir ki, mənimsənmişdir. Lakin cəsur Azərbaycan oğulları bununla razılaşmadı və torpaqlarımızı bu işğalçı dövlətin caynağından xilas etdi.
Qubadlı rayonun azad edilməsi uğrunda aparılan əməliyyat bir neçə gün davam etmişdir. Bu rayonu işğaldan azad etmək üçün ilk növbədə yüksəklikləri ələ keçirmək lazım idi. 20 oktyabr Zəngilan rayonu işğaldan azad edildikdən sonra şanlı ordumuz bu yüksəklikləri azad etmiş, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləmişdilər. Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayan dövlətimizin başçısı qeyd edib ki, düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcək.
Qubadlının işğaldan azad olunmasına görə noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Rayonun işğaldan azad olunmasına görə neçə-neçə oğullarımız iğidlik və şücaət nümayiş etdirdi, 15189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu. Bütün Azərbaycan igid oğulları ilə fəxr etdi. Ali Baş Komandan İlham Əliyev 23 dekabr 2020-ci ildə Qubadlıya səfər etmiş, burada Azərbaycan bayrağını ucaltmışdı. O, bir daha bu döyüşlərin əhəmiyyətindən danışmışdı.
Artıq böyük qürur hiss ilə deyə bilərik ki, tarixi Zəfərimizdən keçən bir il ərzində torpaqlarımızdan Erməni vandalizminin izləri pillə-pillə silinməyə başladı. Artıq həmin ərazilərdə yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Bir sözlə həmin ərazilərimizə yeni nəfəs gəlir.
Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB