"Azərbaycanla Gürcüstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycanla Gürcüstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan daim qonşularla mehriban və səmimi dostluq münasibətləri yaradıb və Gürcüstanla əlaqələr də bu baxımdan yüksələn xəttlə inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki qardaş ölkə arasında gələcək əlaqələrin daha da inkişafına xidmət edir: "Səfər çərçivəsində aparılan danışıqlar, əldə olunan razılaşmalar, hər iki ölkə liderinin səsləndirdiyi bəyanatlar göstərir ki, Azərbaycanla Gürcüstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Xüsusilə də Azərbaycan Prezidenti vurğuladı ki, Gürcüstanla əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Bu, çox önəmli bəyanatdır və gələcək üçün konkret hədəfləri müəyyən edir. Ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərin kökləri var. Bu sağlam bünövrə tarixin bütün dönəmlərində imkan verib ki, mehriban və firəvan şəkildə yaşayaq. Azərbaycanın əsas hədəflərindən biri də bölgədə yaranan yeni reallıqlardan istifadə edərək Gürcüstanla birgə nəhəng layihələrə imza atmaqdır. Ticarət dövriyyəsinin atrırılması, tranzit imkanlarından səmərəli istifadə, yükdaşımaların intensivləşməsi və digər önəmli məsələlər gündəlikdədir. Geniş spektli bu əlaqələr eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin davamlı olmasına şərait yaradır. Məlumdur ki, səfər çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi də müzakirə mövzusu olub. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bölgəmizdə hələ də davam edən gərginlik qəbuledilməzdir. Ermənistan tezliklə sülh müqaviləsi imzalamalı və regionumuzda yeni inkişaf mərhələsi başlamalıdır. Ermənistan yalnız bu halda bölgəyə inteqrasiya edər və inkişafa qədəm qoyar. Gürcüstanla Azərbaycan münasibətləri bu baxımdan Ermənistan üçün örnək olmalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə