Prezident İlham Əliyev: "Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı"
Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzi yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir, Müzəffər Azərbaycan Ordusudur. 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza yol alırıq. Al qırmızı şəhid qanı ilə suvarılan torpaqlara. Neçə canın nəfəsi var, müqəddəs sevgisi var bu torpaqlarda. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Artıq bu gün tarixiləşdi.
"ƏSAS YÜKÜ, ƏSAS VƏZİFƏNİ GƏNC NƏSİL YERİNƏ YETİRDİ"
Bir daha 44 günlük müharibədə müstəqil Azərbaycan dövlətinin gənclərinin nə qədər vətənpərvər olduğunu görmüş olduq. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən bir qüvvə olduqları kimi, vətəni necə qorumaq və sevmək kimi dəyərləri ilə nümunəyə çevrildilər. Vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayandı. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, Vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. Öz iradəsi, gücü ilə. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".
Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağını hər şeydən uca tutan gənclərimiz qürur mənbəyimiz, and yerimiz olan Bayrağımız qarşısında baş əyərək, müqəddəs varlıq kimi ona and içdilər. Bu Azərbaycan Ordusunun, gəncinin sahib olduğu gücə, bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulur, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. Budur, bayrağın müqədəsliyi və bayrağımıza olan sevgi.
QUBADLININ AZADLIĞI UĞRUNDAKI DÖYÜŞLƏRDƏ QƏHRƏMANCASINA ŞƏHİD OLAN VƏTƏN OĞLU
Neçə-neçə gəncimiz vətən torpağının işğaldan azad olunmasına qoşuldu, şəhadətə qovuşdular. Bu gün 2020-ci ilin 25 oktyabr tarixində müharibənin şiddətli günlərini yaşayırdıq. Hər gün qələbə sevincini yaşamaqla yanaşı, şəhilərimizin cənazəsini də torpağa tapşırırdıq. 1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olan Paşayev Elsevər Vaqif oğlunun şəhadətə qovuşması Vətən sevgisi ilə müharibənin qaynar nöqtələrində vuruşduğu zaman olmuşdur. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə gedən Elsevər nə vaxtsa şəhid olacağını heç düşünməmişdi. Amma ilk illərdən vətən torpağının işğalda olduğunu və vətənə çəpər olacaq bir oğul kimi böyüdüyünü yaxşı anlayırdı. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir. Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Çox savadlı idi. Beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbiçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E.Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı şəhərinin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci Fəxri xiyabanda dəfn edilmişdir. Ailəlidir, iki övladı vətənə əmanətdir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə də təltif edilmişdir.
QARABAĞI AZADLIĞA QOVUŞDURARAQ ŞƏHADƏTƏ QOVUŞAN İGİDLƏR
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Nicat Orucovdur. Orucov Nicat Niyadxan oğlu 20 iyul 1999-cu ildə anadan olub. Hakim Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.26 oktyabrda Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub. Ölümündən sonra bir sıra medallarla təltif edilib. "Vətən Uğrunda" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Kəlbəcərin azad edilməsinə görə" medalı, "Cəbrayılın azad edilməsinə görə" medalı, "Xocavəndin azad edilməsinə görə" medalı, "Füzulinin azad edilməsinə görə" medalı, "Şuşanın azad edilməsinə görə" medalı ilə təltif olunub.Ruhunuz şad olsun igid Vətən oğulları, Azərbaycan sizi heç vaxt unutmayacaq. Onların qəlbimizdə abidələri ucalıb. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksəldilər və şəhidlik zirvəsinə yüksəldilər. A Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB