Gənc respublikamızın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş 20 oktyabr tarixində bu il daha bir mötəbər hadisə baş tutdu. 2020-ci ildə 27 illik əsarətdən sonra 20 oktyabr tarixində işğaldan azad olunan Zəngilan şəhərində cəmi iki il sonra eyni gün Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bənzərinə çox çətin rast gəlinəcək bu hadisə Azərbaycan dövlətinin viran qalmış torpaqlara bəxş etdiyi yeni nəfəsin təzahürüdür. Xatırlatmaq istərdim ki, cəmi bir il öncə də elə bu günlərdə azad edilmiş əzəli yurd yerimiz olan Füzulidə Beynəlxalq Hava Limanının açılışı olmuş və bütün müasir standartlara cavab verən bu aeraport böyük marağa səbəb olmuşdu. Füzulidə hələ də mina təhlükəsinin tam sovuşmadığı, infrastrukturun bərpasının çətinliklə aparıldığı vəziyyətdə bu qədər böyük və müasir Hava Limanının inşa olunması əlbəttə ki maraqlı haldır. Bu sadəcə Azərbaycan kimi qətiyyətli, öz amalına sadiq bir dövlətin reallaşdıracağı böyük bir layihə idi. Ermənilər işğal dövründə kəndlərimizi, rayonlarımızı talayarkən, evlərimizi daş-daş söküb aparakən elə düşünürdü ki, biz torpaqlarımızı bu vəziyyətdə görəndə qayıtmaq istəməyəcək, işğalla barışacağıq. Amma reallıq göstərdi ki, biz nə işğalla barışdıq, nə də bir qarış Vətən torpağından keçdik. Canımızla, qanımızla işğalı bitirdik və qayıtdıq. İcra olunan bu böyük layihələr də bizim qayıdışımızın, əbədi yaşayışımızın, bu torpaqlara yeni həyat, yeni nəfəs gətirməyimizin əyani təsdiqi və rəmzidir. Bütün bu hadisələr baş verərkən, hətta daha öncədən - haqq mübarizəmizin başladığı ilk dəqiqələrdən yanımızda bir qardaş kimi bizə dəstək olan, bir qaya kimi arxamızda duran bir ölkə, bir şəxs var idi. Hər bir azərbaycanlının da təxmin edəcəyi kimi bu, qardaş Türkiyə Cümhuriyyəti və şəxsən Rəcəb Tayyib Ərdoğan cənabları idi. Bir il öncə Füzulidə, bir gün öncə Zəngilanda və Cəbrayılda R.T.Ərdoğan dövlət başçımızla birgə uğurlarımıza, nailiyyətlərimizə sevindi və bölgənin inkişafı naminə reallaşdırdığımız layihələrə dəstək ifadə etdi. Ölkə başçımızın da dediyi kimi, Türkiyə kimi qüdrətli bir ölkənin bizim qardaşımız olmağı böyük xoşbəxtlikdir. Bəli, hazırki dünya düzənində Türkiyənin tutduğu rol kifayət qədər böyük və həledicidir. Təkcə Rusiya-Ukrayna müharibəsindəki mövqeyi belə Türkiyənin dünya nizamında necə kilid bir rola sahib olduğunu anlamaq üçün kifayətdir.
Geniş nümayəndə heyəti ilə birgə ölkəmizə səfər edən Rəcəb Tayyib Ərdoğan burada ölkəmizin başçısı cənah İlham Əliyev tərəfindən qarşılandı və iki lider daha sonra Zəngilan Beynəlxalq Hava Limanının və “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının və Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Daha sonra liderlərin təkbətək görüşü və mətbuata birgə bəyanatlarla çıxışı baş tutdu. Maraqlı anlarla yadda qalan mətbuat konfransında ölkə başçımız bu tarixin bizim müştərək tariximiz olduğunu bildirdi. Bəli, Qarabağ zəfəri təkcə Azərbaycanın yox, həm də Türkiyənin və ümumilikdə türk dünyasının qələbəsidir. Bu zəfər Qurtuluş Savaşından sonra türk dünyasının əldə etdiyi ilk böyük Zəfər olaraq tarixdə silinməz iz qoyub. Ölkəmizin zəfərə çatmasında bizə mənəvi dəstək olan, öz dəstəyi ilə regionda marağı olan və bölgəni poliqona çevirməyə çalışan bir çox güc mərkəzlərini neytrallaşdıran qardaş Türkiyə də zəfərimizdə rol sahibidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdi və nə qədər beynəlxalq təzyiqlər olsa da, qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Həmin dövrdə Azərbaycan və Türkiyə tarixə sığmayacaq qardaşlıq nümunəsi göstərərək bütün dünyaya dərs keçdi.
İki il öncə yazılan Azərbaycanın şanlı qəhrəmanlıq dastanında rol almasından sonra Türkiyə indi də Qarabağın inkişaf dastanının yazılmasında əhəmiyyətli rol tutur. Türk şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulmasında yaxından iştirak edir. Bu birlik ölkələrimizə xüsusi güc və qüvvət verir. Onu da qeyd etmədən keçmək olmaz ki, bu gün iki ölkənin bir-biri ilə münasibətləri ən yüksək səviyyədə yəni, strateji müttəfiqlik səviyyəsindədir. 2021-ci ilin 15 iyun tarixində Qarabağımızın incisi olan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması münasibətləri keyfiyyətçə ən yüksək mərhələyə qaldırdı. Üstəlik, bu yaxınlıq sadəcə dövlətlərə ya da dövlət başçılarına məxsus deyil, Türkiyə və Azərbaycan xalqları da sarsılmaz bağlarla bir-birinə bağlıdır. Beləliklə, Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Vüsal Fərəcov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB