Prezident İlham Əliyev: "Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram"
Müharibənin 24-cü günü. Cəbhədən hər gün qələbə sorağı alır və 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimizin azad olunma sevincini yaşayırdıq. 20 oktyabr 2020-ci il tarixi. Həmin gün Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək, müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığını bildirərək "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!" – deyə xalqımıza böyük bir sevinci yenidən yaşatmış oldu. Həmin gün eyni zamanda Cənab Prezidentin bildirdiyi kimi, Füzuli rayonu Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı. Cəbrayıl rayonu Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli. Xocavənd rayonu Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi) işğaldan azad olunmuşdur. Eləcə də Vəng. "Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!" – deyə dövlət başçısı bildirib. Zəngilan Vətən müharibəsi zamanı Cəbrayıl (4 oktyabr) və Füzulidən (17 oktyabr) sonra döyüş meydanında azad olunan 3-cü şəhər idi. Hər gün xalqın qələbə, zəfərə inamı artır və həmin zamana yaxınlaşırdıq.
"Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq" – deyə müraciətində bildirən Cənab Prezident qeyd edib ki, Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram: "Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq".Rəşadətli hərbçilərimiz Ali Baş Komandanını rəhbərliyi ilə 1993-cü ilin 29 oktyabrından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Zəngilan rayonunun mərkəzini, habelə 6 kəndini azad edərək, Zəngilan şəhərində Azərbaycanın bayrağını dalğalandırdılır. "Prezident kimi fəaliyyətim üçün əsas məsələ, mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik", – deyə İlham Əliyev vurğulayıb.Dövlət başçısı müracətində Azərbaycan xalqına düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı çatdırıb: "Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 "Qrad" qurğusu məhv edilib". Əlbəttə ki, bütün bunlar hərbi qənimət kimi götürülənlərin bir qismidir. İki "Uraqan", iki YARS-ın, bir TOS-un, dörd "S-300" zenit-raket kompleksinin və s. məhv edilməsi, elcə də həbi qənimətlərin götürülməsi artıq düşmənin döyüş meyanında uduzduğunu söykənənə əsas amillər sırasındadır. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular. Xatırladaq ki, Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi – 707 km-dir. Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Onun tarixini əks etdirən Yura və Təbaşir dövrü süxurlarının 150-200 min il əvvələ aid olduğunu sübut edir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır. Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur
"QARABAĞ BİZİMDİR! YAŞASIN AZƏRBAYCAN! EŞQ OLSUN AZƏRBAYCAN XALQINA!"
Bölgənin tarixinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV-II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. Mənbələrdə göstərilir ki, XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. "Zəngilan şəhəri" dedikdə əslində, Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Lakin sözün kökündə "Pir" sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayona 1930-cu ildə Zəngilan adı verilmişdir. 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan memarlıq abidələri ilə də zəngin bir diyardır. Həmin abidələrdən biri də Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir. Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində yerləşib. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi. Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır. Hər daşında bir tarix yaşayır. Hər bir ərazisi Azərbaycan tarixindən xəbər verir. Belə zəngin tarixi ilə tanınan Zəngilanın artıq müharibənin 24-cü günündə bir neçə kəndi və Zəngilan şəhəri artıq işğaldan azad olundu. "Əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!" – deyə Cənab Prezident diqqətə çatdırıb. Dövlət başçısı müharibə getdiyi bir zamanda əminliklə onu da bildirib ki, biz Böyük Qayıdış astanasındayıq: "Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır". Həmin zaman yetişib. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə buranı müasir şəhərə çevirəcək.
"VERİLMİŞ BÜTÜN VƏDLƏRİ MƏN YERİNƏ YETİRİRƏM, VERİLMİŞ BÜTÜN VƏDLƏRƏ SADİQƏM"
Nəhayət ki, həsrətlə gözlədiyimiz o xoşbəxt, möhtəşəm günə şahidlik etdik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılacaq Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. Bu anları bizlərə yaşadan Azərbaycan Prezidenti Cənab İlham Əliyevə minnətdarıq. Hər bir azərbaycanlının arzusu çin oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Azərbaycan Prezidenti xalqa müraciətində bildirdiyi kimi, "Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm."
"AĞALI KƏNDİNİN TİMSALINDA HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI VƏ ÜMUMİYYƏTLƏ, HƏR BİR İNSAN BİZİM PLANLARIMIZI GÖRƏ BİLƏR"
Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Nəhayət, həmin günə şahidlik etdik. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını çıxışlarının birində bildirib: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Belə də oldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının də təməlini qoydu. Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq. "Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır" – deyə Prezident onu da qeyd edib ki, Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilib. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Bu gün böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Azərbaycan daha bir modelini ortaya qoyacaqdır. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı oldu. Artıq Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürüldü. İkinci mərhələdə isə 12 ailə köçürüldü. Ağalıya köçürülən ilk sakinlər arasında müxtəlif yaş həddində olan insanlar var: təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək ki, kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin ediləcəkdir. Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərəcək ki, bu da əhalinin işlə təminatında mühüm rola malikdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi: "Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB