YAP Kəlbəcər rayon təşkilatında tədbir keçirilib FOTOLAR

YAP Kəlbəcər rayon təşkilatında tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ilə əlaqədar 18 oktyabr 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində ərazi partiya təşkilatında tədbir keçirdi. İlk önçə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sədr Həbib Misirov çıxış edərək bildirdi ki, bu gün ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il ötür. 30 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu müddət ərzində baş verən hadisələrə və əldə edilən böyük uğurlara diqqət çəkən sədrimiz, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir ki, ötən illər ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. KMX Publik Hüquqi Şəxsin direktoru, YAP Kəlbəcər rayon ərazi partiya təşkilatının sədri Xəqani Cəfərov çıxış edərək bildirdi ki, YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Digər çıxış edənlər qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Sonda rayonun və partiyanın ictimai -siyasi həyatında fərqlənən üzvlərə diplomlar təqdim edildi.

Elçin Salahov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə