"Fransa prezidenti Makron həddini aşdı, yolunu azdı" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Fransa prezidenti Makron həddini aşdı, yolunu azdı" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Ermənistanın təcavüzkarlıq siyasətinə qiymət vermək və bəzi ölkələrin, beynəlxalq təşkilarların mövqeyinin, xüsusi ilə Fransanın, bu ölkənin prezidenti Emmanuel Makronun ikiüzlü, dövlət başçısına yaraşmayan hərəkətlərini, əməllərini ifşa etmək baxımından xarakterikdir və dövlətimizin milli maraqlarını ifadə edir". Bu sözləri SİA-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ölkə Prezidenti bu dəfə də Minsk Qupunun fəaliyyətini kəskin tənqid etmiş, fəaliyyəti dövründə, 28 ildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, ədalətin, haqqın bərpa edilməsi, BMT Təhlükəsizlik Şurası qətnamələrinin, beynəlxalq təşkilatların müəyyən qərarlarının həyata keçirilməsi istiqamətində onun heç bir tədbir görmədiyini diqqətə çatdırıb.

“Minsk Qrupu fəaliyyəti dövründə Fransanın həmsədrliyi timsalında həmişə ermənipərəst mövqe tutub. Azərbacan öz ərazilərini düşməndən azad etdikdən sonra Minsk Qrupu da öz ömrünü başa vurmuş və dövlətimizin rəhbərinin bildirdiyi kimi, artıq ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Ancaq yenə də Fransa və Ermənistan bu qrupun fəaliyyətini bərpa etmək və onu yenidən gündəmə gətirmək üçün ciddi cəhdlər göstərirlər. Məqsəd isə aranı qarışdırmaq, vaxt qazanmaq, Ermənistanı qəbul etdiyi öhdəliklərdən, 10 noyabr, 11 yanvar bəyanatlarında, eləcə də Brüsseldə, Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərdə qarşıya qoyulan tələblərdən uzaqlaşdırmaqdır. Bu sahədə Ermənistandan daha çox, Fransanın prezidenti canfəşanlıq göstərir və özünün anti-Azərbaycan çıxışları nəinki siyasətçi adına, Fransa dövlətinin və ictimaiyyətinin imicinə ciddi ziyan vurur.

Hadisələr və real faktlar göstərir ki, Makron ermənilərin pulu ilə ələ aldıqları və öz əməlləri ilə Fransanın milli mövqelərini satan ikiüzlü bir siyasətçidir. Fransa Senatı və aşağı palatası, bu ölkənin xarici işlər naziri, bir çox deputatları, siyasətçiləri də özlərinə prezidentlərindən nümunə götürürlər. Makron Praqada dördtərəfli görüşdə sülhdən, əminamanlıqdan danışdığı halda, bir həftədən sonra çıxış edərək Azərbaycanın Qarabağı işğal etdiyini, təcavüzkar olduğunu, Ermənistan ərazilərinə soxulduğunu, erməniləri qırdığını bildirir, dövlətimizin və xalqımızın ünvanına böhtan dolu əxlaqa yaraşmayan ifadələr səsləndirir. Fransanın xarici işlər naziri yalan bəyanatlar verir, Senat Dağlıq Qarabağın tanınması barədə qətnamələr qəbul edir. Belə olan halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hərhansı rol oynaması mümkün deyil. Azərbaycan Fransaya həmişə xoş məram nümayiş etdirdiyi halda, biz bunun əksinin şahidiyik. Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və böhtan dolu çıxışları ilə özünün düşmən mövqeyini ortaya qoyur, Azərbaycanı dəhşətli müharibə törətməkdə, ermənilərə təcavüz etməkdə günahlandırır və dünya ictimaiyyətini çaşdırır. Ancaq nədənsə Makron 30 il işğal altında qalan Azərbaycan torpaqlarının taleyindən, şəhər və kəndlərimizin xarabazarlığa çevrilməsindən, xalqımızın başına ermənilərin açdıqları olmazın müsibətlərdən, tarixi, dini abidələrimizin, məscidlərimizin məhv edilməsindən, ərazilərimizin minalanmasından, erməni faşistlərinin uzun illər törətdikləri soyqırımlardan, terror aktlarından və bu gün də xarici ölkələrdə, eləcə də Fransada səfirliklərimizə edilən vəhşi basqınlardan danışmır.

Prezidentimizin öz çıxışında göstərdiyi kimi, Fransa prezidentinin səsləndirdiyi mövqe və beynəlxalq hüquq normalarına tamamilə zidd olmaqla, Azərbaycana qarşı hörmətsizlikdir və mən deyərdim ki, xəyanət, düşmənçilikdir. Azərbaycanın hər bir vətəndaşı da bunu belə qiymətləndirir və Fransa ilə siyasi, iqtisadi münasibətlərə yenidən aydınlıq gətirilməsinin fərqindədirlər”-deyə, Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə