İnsanlığa qarşı amansız erməni terroru: Gəncə terroru TƏHLİL

İnsanlığa qarşı amansız erməni terroru: Gəncə terroru TƏHLİL

"Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!". Bu fikirlər 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi "Instagram" səhifəsində yer almışdır. Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın silahlı qüvvələri sentyabrın 27-dən oktyabrın 17-dək döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, digər yaşayış məntəqələrini mütəmadi olaraq raket atəşinə tutaraq mülki əhaliyə qarşı müharibə cinayətləri törətdilər. Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşmasını da kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bir neçə dəfə "Elbrus" ballistik raketlərlə bombaladılar. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə edilən növbəti qəddar hücum nəticəsində 13 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirdi, 45-dən çox insan ağır yaralandı. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir. Gecə radələrində düşmənin törətdiyi bu vandal aktının cavabı isə dərhal verildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 17-də səhər saatlarında xalqa müraciət etdi, dövlətimizin başçısı müraciətində düşmənə döyüş meydanında layiqli cavab verdiyimizi vurğuladı və Füzuli şəhərinin, rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Bu, Ermənistana, onun rəhbərliyinin törətdiyi cinayətlərə ən tutarlı cavab oldu. Ardınca isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi döyüş meydanında düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikalarının məhv edilməsi anlarını əks etdirən videogörüntüləri yaydı. Bu görüntülər də Gəncə terroru qurbanlarının qanının yerdə qalmadığını bir daha əyani şəkildə göstərmiş oldu. 44 günlük müharibədə Ali Baş Komandan demək olar ki, hər gün xalqımıza yeni-yeni qələbə xəbərlərini çatdırırdı və ordumuz hər gün işğaldan azad etdiyi torpaqlara üçrəngli bayrağımızı sancırdı. Gəncədə törədilən terror günü Füzulinin işğaldan azad edilməsi xəbərini alan xalqımız artıq Şuşada, Kəlbəcərdə, Laçında və digər işğal altındakı torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır xəbərlərini tezliklə ala bildilər.

TƏCAVÜZKARIN AZƏRBAYCAN ORDUSU QARŞISINDA TOTAL ACİZLİYİNİN TƏZAHÜRÜ

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi "Instagram" səhifəsində etdiyi daha bir paylaşımda belə yazırdı: "Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir! Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram. Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Terrorizm insanlığa qarşı yönəldilmiş bəladır və minlərlə insan terrorçuların törətdikləri əməllərin acı nəticələrini yaşamışdırlar. Əlbəttə ki, terrorçunun milliyyəti və sərhədi yoxdur. Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Dili hibrit, yəni calaq dili, ərazisi, mədəniyyəti, mətbəxi, tarixi olmayan ermənilər tarixi, irsi, mədəniyyəti ilə dünyanın marağında olan bir dövlətlə Azərbaycanla qonşudurlar. Müasir dünyamız 200 il ilə müqayisədə ciddi şəkildə dəyişmiş olsa da təssüflər olsun ki, erməni cildi dəyişməyib. Ermənilərin hər bir hərəkəti, ümumilikdə siyasəti məkrlidir. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların tarixi kimliyinə söykənir. Vətən müharibəsinə qədər, eləcə də, həmin zamanda erməni terroçuların törətdikləri əməllər dünyanın gözü qarşısında baş verib.

BMT-NİN UŞAQ HÜQUQLARI HAQQINDA KONVENSİYASININ MÜDDƏALARI KOBUD ŞƏKİLDƏ POZULUB

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində, insan hüquqları kobudcasına pozulub, etnik təmizləmə siyasəti və terror aktları günahsız azərbaycanlının həyatına son qoyulub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirmələri hələ də davam edirdi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. Terrorları törədən ermənilərin son illərdə və 44 günlük Vətən müharibəsi dövründə törətdikləri vəhşi əməlləri faşist ideologiyasının sahibi olmalarının təsdiqidir. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edib.

2011-ci il martın 8-də düşmən snayperi tərəfindən səkkiz yaşlı Fariz Arzu oğlu Bədəlov qətlə yetirildi. 2016-cı il Aprel döyüşlərində düşmənin Tərtərin Həsənqaya kəndini atəşə tutması nəticəsində 2000-ci il təvəllüdlü Kəlbəcər sakini Həsənli Turanə Kamandar qızı dünyasını dəyişdi. 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular. Təbii ki, mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir. Bu və ya digər faktlar Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizminin sonu deyildi. 44 günlük Vətən müharibəsində xalqımız erməni terrorlarının daha acı nəticələrini yaşamış oldular. İşğalçı Ermənistan silahlı qüvvələri oktyabrın 11-də cəbhə bölgəsindən və münaqişə zonasından kənar yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak oldu, 16 qadın, 6 azyaşlı olmaqla 35 nəfər yaralandı. Vurğulamaq yerinə düşər ki, müharibə dövründə Goranboy rayonunun Qızılhacılı kənd sakini 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı yaralandı. Erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova həlak oldular.

Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəridir. Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanda mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib. Bütün bunlara baxmayaraq, Azərbaycan xaqqı 44 günlük müharibədə Zəfər qazandı. Ermənilərin dağıtdığı viran qoyduğu ərazilərimizdə bu gün böyük abadlıq-quruculuq işləri aparılır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə