"Azərbaycan-Qırğızıstan qardaşlığı kritik əhəmiyyətə malikdir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycanın xarici siyasət kursunda Orta Asiya regionu ilə münasibətlər önəmli yer tutur. Xüsusən də eyni kök, eyni dil və din amili bu münasibətləri diplomatik platformadan mənəvi müstəviyə daşıyır. Təbii ki, Qırğızıstan bölgədə Qazaxıstan qədər böyük ərazilərə, Özbəkistan qədər insan ehtiyatına malik deyil, amma qeyd edilən amillər heç də bu ölkənin önəmini azaltmır. Əksinə, Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir.
İlk növbədə, Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya siyasətində önəmli yer tutur. Son bir neçə ildə Qırğızıstanda müşahidə olunan siyasi proseslər məhz Qırğızıstanın bu qütblər üçün nə qədər vacib geosiyasi önəmə malik olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Azərbaycan da Qırğızıstanın bu rolunu dərk edir, qiymətləndirir: "Eyni zamanda Bişkek Bakının region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc sahibi mövqeyini müşahidə edir. Düzdür, Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub, amma təəssüf ki konkret əməkdaşlıq mühiti ilə bağlı çoxsaylı nümunələrdən danışa bilmirik. Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamış, son bir ildə liderlər arasında üç görüş, iki qarşılıqlı səfər baş tutmuşdur. Nəticədə Prezident İlham Əliyevin səyləri ilə siyasi münasibətlərin inkişaf etdirilməsinə paralel olaraq, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələri kimi konkret istiqamətləri əhatələyən kompleks format müəyyən edilmişdir ki, bu da Bişkek-Bakı münasibətlərində yeni səhifə açmışdır".
Bəhruz Məhərrəmov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Orta Asiyada bundan öncə Özbəkistan, Qırğızıstan və Türkmənistanla analoji formatı tətbiq etmiş və hazırda uğurlu nəticələrə nail olmaqdadır: "Bu mənada Qırğızıstanla da siyasi münasibətlərin iqtisadi təməllərlə möhkəmləndirmə perspektivi şübhə doğurmur, cənab İlham Əliyevin Bişkekə dövlət səfəri həlledici əhəmiyyət daşıyacaq.
Səfərin digər diqqət çəkən məqamı da bundan ibarətdir ki, Azərbaycanla münasibətlər, yaxud Azərbaycanın Orta Asiyada varlığı regionun qardaş Türk dövlətləri üçün birləşdirici meyara çevrilməkdədir. Bildiyiniz kimi, Türk dünyasının səyləri ilk dəfə məhz cənab İlham Əliyevin təşəbbüsü ilə Pandemiya ilə mübarizə çərçivəsində birləşdirilmiş, əməkdaşlıq mühiti qurularaq çox ciddi bir nəticə əldə edilmişdi. Məhz bu formatdan sonra artıq türk dünyası ikitərəfli münasibətlərə nisbətən, çoxtərəfli birlik şəraitində daha təsirli güc və imkana malik olduqlarının əməli formada fərqinə vardılar. Bu mənada Türk dünyasının birgə potensialının ortaya çıxarılması, suverenliklərimizə xələl gətirmədən böyük Türk mənəvi-siyasi birliyinə nail olunması üçün digər dövlətlərlə olduğu kimi Azərbaycan-Qırğızıstan əlaqələri, dostluq və qardaşlığı kritik əhəmiyyətə malikdir. Cənab Prezidentin dövlət səfəri də göstərdi ki, Qırğızıstan hakimiyyəti və xalqı da bu düşüncələrimizi həm nəzəri, həm də əməli olaraq bizimlə bölüşür".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB