"Ermənistanın dünyada çəkisini nə qədər artıra biləcəyi sual doğurur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanın dünyada çəkisini nə qədər artıra biləcəyi sual doğurur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Oktyabrın 6-da Praqada keçrilən "Avropa siyasi birliyi" (AST) layihəsi çərçivəsində, Ermənistan, Azərbaycan və Türkiyə liderlərinin görüşü AST-in özü kimi yeni bir siyasi format idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, məlum görüşün mahiyyətinə daha əhatəli baxsaq bu dəfə gərgin diplomatik münasibətlərə şahid olmadığını desək məncə yanılmarıq: "Xüsusən də erməni liderinin, iki türk liderin əhatəsində özünü miskin göstərməsi ondan xəbər verir ki, Paşinyan artıq bölgədəki yeni reallıqları qəbullanıb. Onun davranışları və bədən dilindən açıq-aydın oxumaq olurdu ki, Paşinyan Ermənistanın bölgə siyasətində heç bir sözə sahibi olmadığını yaxşı dərk edir. Paşinyanın Azərbaycan və Türkiyənin şərtlərinə boyun əyməkdən başqa yolunun olmadığını hiss etmək mümkün idi. Hiss olunur ki, Paşinyan 2020-ci ildə Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətin təsirindən Ermənistanın həm bölgədə, həm də bütövlükdə dünyada zədələnmiş imicini qaldırmağa çalışır. Ancaq onun Ermənistanın bölgədə və dünyada çəkisini nə qədər artıra biləcəyi sual doğurur".

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün isə bu sözləri demək olmaz: "İlham Əliyevin sammit çərçivəsində həm özünü qalib kimi aparması, həm də Avropa liderləri tərəfindən ona göstərilən isti münasibət, Azərbaycanın dünya diplomatiyasında mövqeyinin kifayət qədər güclü olmasından xəbər verirdi.

Qardaş ölkəyə gəlincə isə demək olar ki, Türkiyə inkaredilməz şəkildə dünya siyasətində təsirli rola malikdir. Ankara, dünyanın qarışdığı bir vaxtda BMT-in həyata keçirə bilmədiyi missiyanı, faktiki olaraq üzərinə götürüb. Xüsusən Rusiya-Ukrayna müharibəsinin fonunda Ərdoğanın rolunu daha qabarıq formada görmək mümkündür. AST samitində Ərdoğanın və İlham Əliyevin xüsusi diqqət mərkəzində olması və ailə fotosu zamanı bu iki liderin məhz mərkəzdə durması təsadüfü sayıla bilməz. Belə ki, Azərbaycan və Türkiyə prezidentlərinin Avropanın göbəyində, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan layihənin çərçivəsində mərkəzdə yer almaları, iki qardaş ölkəyə olan ümid və inamdan irəli gəlir. Qərb artıq Türkiyə və Azərbaycanın dünya diplomatiyasına verdikləri və bundan sonra da verə biləcəkləri töhfənin önəmini anlamağa başlayıb.

Hər zaman Azərbaycan və Türkiyəyə qarşı ikili siyasət yürüdən avropalılar, Rusiya aqressiyasında onları sığortalayacaq Bakı və Ankara ilə münasibətlərini istiləşdirməkdə maraqlı görünür. Bu baxımdan mənə görə AST-yə qatılan ölkələr içərisində iki baş görünürdü - Azərbaycan və Türkiyə".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə