"Səs" qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində Prezident seçilməsinin ildönümü ilə bağlı dəyirmi masa keçirildi
"Səs" qəzetinin redaksiyasında Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində Prezident seçilməsinin ildönümü ilə bağlı "Zəfərə gedən yolun başlanğıcı - 2003-cü il" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin üzvü Fərid Mustafayev iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, ictimai-siyasi əhəmiyyət kəsb edən mövzular çərçivəsində hər zaman dəyirmi masalar təşkil edib. Növbəti dəyirmi masa Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 19-cu ildönümünə həsr olunub: "XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Cənab İlham Əliyev ötən 19 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq, nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verir".
"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Bugünkü dəyirmi masada Azərbaycan Prezidenti İlham Əliyevin 19 illik Prezidentlik dövründə Onun rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmizin keçdiyi yola nəzər salacağıq. Arif müəllim, bildiyimiz kimi, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Keçirilən seçkilərində seçicilərin səsçoxluğu ilə Cənab İlham Əliyev Prezident seçildi. Həmin dövrə qısa da olsa nəzər salaq.
HƏYATA KEÇİRİLƏN KOMPLEKS İSLAHATLAR, GENİŞ QURUCULUQ İŞLƏRİ VƏ YARADILAN GÜCLÜ İQTİSADİYYAT AZƏRBAYCANIN ƏSAS İNKİŞAF GÖSTƏRİCİLƏRİDİR
ARİF RƏHİMZADƏ:
- Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq, Azərbaycanın Birinci Katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanılıb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın və digər sahələrin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. Ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlandı və dərhal onların icrasına başlanıldı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər ətrafında əhəmiyyətli qərarların qəbul edilməsinə nail olurdu. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda çalışırdı. Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu Öndər ölkədə ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 19 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Dövlət başçısının bu istiqamətdə atdığı mühüm addımlar Azərbaycanın inkişaf və tərəqqisinə gətirib çıxardı. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində, respublikamızın bütün bölgələrinin inkişafına səbəb olub.Prezident İlham Əliyev ötən 19 il ərizində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün taleyüklü məsələlərdən olan erməni işğalı altında olan torpaqlarımızın azad olunması yolunda yorulmadan çalışdı. Ali Baş Komandan Ermənistana və onun havadarlarına 44 günlük Vətən müharibəsində Azərbaycanın güclü bir dövlət olduğunu sübuta yetirdi və ölkəmiz Zəfər qazandı.
SƏS QƏZETİNİN ƏMƏKDAŞI:
- Musa müəllim, iqtisadiyyatda həyata keçirilən köklü islahatlar sosial sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. Dövlətimiz tərəfindən sosial sahədə həyata keçirilən uğurlu siyasət xalqın rifahının yüksəlməsinə hansı töhfələri verib?
AZƏRBAYCAN DÖVLƏTİNİN SOSİAL SİYASƏTİNİN ƏSASINDA XALQIN RİFAHININ YÜKSƏLMƏSİ DAYANIR
- MUSA QULİYEV:
- Son 19 ildə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi praqmatik, real qərarlar ölkəmizin dinamik yüksəlişini təmin edib. Əlbəttə ki, Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar ardıcıllıqla və dəqiqliklə yerinə yetirilib. Əldə edilən uğurlar, nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirib. Bu gün Azərbaycan qalib xalqdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı. Əlbəttə ki, bu müharibədəki qələbədə gənclərimizin vətənpərvərliyi də önəmli faktordur. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edib. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Cənab Prezident bildirib ki, Onun Azərbaycana rəhbərliyi dövründə yetişən insanlar bu torpaqları azad etdilər:"Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Bu günlərdə imzalanan fərman və sərəncamlar insanların sosial həyatının yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib. Minimum əməkhaqqının, pensiyaların, təqaüdlərinin və digər ödənişlərin artırılması sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır.İdarəetmə sistemində elektron "Vahid məkan" prinsipi əsasında fəaliyyət göstərən "ASAN xidmət" Azərbaycan modeli olaraq dünyada tanınır. Mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Bütün bunlar vətəndaşların rahatlığının təminatında, onlara şəffaf və nəzakətli xidmətin göstərilməsinin əsas faktorlarıdır. Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların davamıdır. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Bu gün Azərbaycan təcrübəsi dünya ölkələrində öyrənilir. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.Bu gün neftdən gələn gəlirlər insan kapitalına yönəldilir. Bu gün gənclərin xaricdə təhsilinə diqqət ayrılır və bununla bağlı dövlət proqramı var. 3000 Azərbaycan gənci dövlət hesabına, 2000-i isə Heydər Əliyev fondu və digər fondlar hesabına xaricdə təhsil alırlar. Şəhid ailələrinə, qazilərimizə ayrılan diqqət də xüsusi olaraq vurğulamalıyıq. Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin sosial siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.
XALQIN TALEYÜKLÜ MƏSƏLƏLƏRİ DÖVLƏT BAŞÇIMIZ TƏRƏFİNDƏN HƏLLİNİ TAPIB
ŞAHLAR ƏSGƏROV:
- Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Cənab İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Bu müddət ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Cənab Prezident tərəfindən siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması davamlı uğurlara yol açdı. Cənab İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında bildirdiyi sözləri xatırlatmaq yerinə düşər:"Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu və xalqın etimadını doğrultdu. Ötən on doqquz il aydın şəkildə göstərdi ki, Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Xalqın taleyüklü məsələləri dövlət başçımız tərəfindən həllini tapıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Dinamik inkişaf yolunda olan Azərbaycan bu gün torpaqlarını işğaldan azad edən qalib xalqdır. 44 günlük Vətən müharibəsi Cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Zəfər ilə sona yetdi. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Cənab Prezidentin Liderlik xüsusiyyətlərinin ən mühüm cəhətlərindən olan qətiyyəti Vətən müharibəsinin ilk anlarından başlayaraq, öz bəhrəsini verdi. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. Günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasının reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Artıq irimiqyaslı layihələr icra olunur. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma evimizə - Qarabağa yol almışıq. Qarabağ yenidən qurulur. Böyük Qayıdış Azərbaycanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində daha qüdrətli, güclü dövlətə çevirəcək.
SON 19 İL ƏRZİNDƏ NEFT-QAZ SEKTORUNA QOYULAN SƏRMAYƏ NƏTİCƏSİNDƏ ÖLKƏMİZ REGİONUN ƏN MÜHÜM TRANZİT MƏRKƏZİNƏ ÇEVRİLİB
ELNUR SADIQOV:
- Sağlam və etibarlı təməl üzərində qurulan hər bir dövlət uzun müddətli inkişaf prespektivi qazanmış olur. Bu baxımdan, Azərbaycan dövlətinin də gələcəyi sağlam və etibarlı təməl üzərində qurulmuşdur. Bu təməllərin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu amillər də dövlətimizin modernləşməsi, güclənməsi və iqtisadiyyatımızın inkişafına şərait yaratmışdır. Ulu Öndərin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.1994-cü ildə Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi və geopolitik sahənin inkişafı bu gün də neft strategiyasının inkişafında İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 il ərzində neft-qaz sektoruna qoyulan sərmayə nəticəsində ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Buna misal olaraq Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərini qeyd edə bilərik. Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına həm müxtəlif sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edilmişdir.Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin məqsədi ölkənin tərəqqisinə nail olmaqdır. Bu da ölkəni xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməyə xidmət edir.
Məlum olduğu kimi, əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün də qabaqcıl dünya təcrübəsinə və milli iqtisadi reallıqlara əsaslanaraq, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə milli iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. İstehsal və maliyyə potensialı, infrastruktur bazalarının yaradılması bir çox problemləri aradan qaldırmaqla yanaşı, regionlararası inkişafa səbəb olmuşdur. Ölkə başçısının iqtisadi sahədə yürütdüyü siyasət regionlararası əlaqələri inkişaf etdirməkdir. Onun "Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı 2004-2008-ci illər" məhz regionlararası iqtisadi inkişafa xidmət edirdi. Məqsəd və vəzifələrin coxcəhətliliyi ilə diqqəti cəlb edən bu Fərmanda regionların iqtisadi və sosial inkişaf sahələri öz əksini tapmışdır.İlham Əliyevin apardığı siyasət nəticəsində təhsil və səhiyyə sahələri nəinki paytaxtda, eyni zamanda ətraf bölgələrdə də sürətlə inkişaf etmişdir. Bununla əlaqədar olaraq paytaxtla yanaşı, ətraf bölgələrdə də müasir idman obyektləri istifadəyə verilmişdir. Bu obyektlərin istifadəyə verilməsi təbii ki, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Həyata keçirilən uğurlu siyasət və idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqiliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.
(Ardı var)
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB