Müharibədə yeni dalğa - RAKURS

Rusiya Ukraynanın 8 şəhərini Xəzərdən S-300-lərlə vurdu

Oktyabrın 10-da səhər saatlarında Rusiya Xəzər dənizindəki gəmilərindən atılan 75 raketlə Ukraynanın Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyev və başqa rayonlara zərbələr endirib. Bu, rusların Ukraynaya kütləvi hücumundan ən dəhşətlisidir, desək yanılmarıq. Qeyd edək ki, atılan raketlərin əksəriyyəti S-300-dür.

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket hücumuna münasibət bildirib və revanş elan edib. Nazirlikdə qeyd edildiyi kimi, Rusiya Ukraynanın bir sıra şəhər və rayon mərkəzlərinə hücum edib, Kiyev kütləvi raket hücumlarına məruz qalıb. Mülki infrastruktura ziyan dəyib. "Ölkənin hər yerində hava hücumu davam edir. İnsanlar arasında itkilər var, infrastruktura ciddi ziyan dəyib. Rusiya Federasiyasının terror aksiyaları dinc dinc əhaliyə qarşı yönəlib. Düşmən torpağımıza gətirdiyi ağrının və ölümün cəzasını alacaq! Biz qisas alacağıq”, - Müdafiə Nazirliyi söz verib.

Eyni zamanda, müdafiə naziri Oleksiy Reznikov heç bir raket zərbəsinin Ukraynanı parçalamayacağını vurğulayıb: "Bizim cəsarətimiz heç vaxt terrorçu raketlər tərəfindən məhv edilməyəcək, hətta paytaxtımızın ürəyinə dəysə belə. Onlar müttəfiqlərimizin də qətiyyətini sarsıtmayacaqlar. Onların dönməz şəkildə məhv etdikləri yeganə şey Rusiyanın gələcəyidir - terrorçunun gələcəyidir. yaramaz dövlət bütün dünyada tapdalanır”.

Qeyd edilib ki, partlayışlar səbəbindən Kiyevdəki bütün metro stansiyaları sığınacaq kimi işləyir. Qırmızı xətt üzrə qatarların hərəkəti dayandırılıb. Dneprdə bir neçə partlayış baş verib. Şəhərdən tüstü qalxır. Jitomirdə də partlayış səsləri gəlir. Səlahiyyətlilərdən sığınacağı tərk etməmələri xahiş olunur. Xmelnitski, Ternopil və digər ərazilərdə partlayış səsləri eşidilir. Bundan əlavə, Rusiya Lvov vilayətinə raket zərbələri endirib. Enerji infrastrukturu obyektlərində zərbə qeydə alınıb.

Rusiya zərbə PUA-larından istifadə etməklə Ukrayna ərazisinə kütləvi raket və hava zərbələri endirir. Rusiyanın Ukraynaya endirdiyi 75 raket zərbəsindən 41-i hava hücumundan müdafiə sistemi (AD) tərəfindən zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib: "Terrorçu ölkə Rusiya Federasiyası Ukrayna ərazisinə zərbə PUA-larından istifadə edərək kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar artıq 75 raket atıb. Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib. Silahlı Qüvvələr həmvətənlərini qorumaq üçün əllərindən gələni edirlər". "Lakin düşmənin hücumu davam edir. Mən hamını sığınmağa çağırıram!" general əlavə etdi.

Ukrayna prezidenti Vladimir Zelenski ölən və yaralananlar haqqında bunları deyib: "Tammiqyaslı müharibənin 229-cu günüdür. 229-cu gündür ki, bizi məhv edib yer üzündən silməyə çalışırlar. Zaporojyedə evdə dinc sakinləri məhv etmək, Dnepr və Kiyevə işləməyə gedənləri öldürmək, Rusiya hərbçilərinin hədəflərindən biridir. Rusiya həm də Ukraynanın enerji sistemini məhv etməyə çalışır”.

Zelenskinin videomüraciəti:

"Ukraynalılar! Ağır səhərdir, terrorçularla mübarizə aparırıq. Üzərimizə onlarla raket, İran “Şahid”ləri atan Rusiyanın növbəti hədəfi bütün ölkədə enerji obyektlərini sıradan çıxarmaqdır. Kiyev və Xmelnitski vilayətləri, Lvov və Dnepr, Vinnitsa, Frankivsk vilayəti, Zaporojye, Sumı vilayəti, Xarkov vilayəti, Jitomir vilayəti, Kirovohrad vilayəti, ölkənin cənubu düşmənin hədəfindədir. İkinci hədəf insanlardır. Onlar bilərəkdən belə bir vaxtı, belə məqsədləri seçiblər ki, mümkün qədər ziyan vursunlar. Amma, biz ukraynalıyıq, bir-birinə kömək etməkdə tərəddüd etməyəcəyik, biz özümüzə inanırıq. Biz məhv edilmiş hər şeyi bərpa edirik. İndi elektrik enerjisində müvəqqəti fasilələr ola bilər, amma inamımız da - qələbəyə inam da heç vaxt kəsilməyəcək.
Niyə belə zərbələr vururlar? Düşmən istəyir ki, biz qorxaq, insanlar da qaçsın. Ancaq biz yalnız irəli qaça bilərik və bunu döyüş meydanında nümayiş etdiririk. Bundan sonra da belə olacaq. Xilasedicilər iş başındadır. Hava hücumundan müdafiəmiz işləyir. İndiyədək 41 hava hədəfi vurulub. Bu gün lütfən, sığınacaqlarda olun. Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq. Həmişə təhlükəsizlik qaydalarına əməl edin".

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolz G7-nin təcili iclasının çağırılması barədə razılığa gəliblər. Bu barədə Zelenski Tvitter hesabında məlumat verib: “Biz G7-yə sədrlik edən Almaniya kansleri Olaf Şolzla qrupun təcili iclasını çağırmaq barədə razılığa gəldik”.

Prezidentin sözlərinə görə, onun Rusiya Federasiyasının terror aktları barədə danışacağı görüşdə çıxışı planlaşdırılır. “Biz həmçinin Rusiyaya təzyiqin artırılmasını və zədələnmiş infrastrukturun bərpasına yardımı müzakirə etdik”, - deyə Zelenski əlavə edib.

Rusiya prezidenti Putin isə baş vermiş hadisə ilə bağlı xalqa müraciətində etiraf edib ki, Ukraynaya raket zərbəsi Krım körpüsünə görədir və qisasdır: “Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən, Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə qarşı kütləvi hava, dəniz və qurudan yüksək dəqiqlikli uzaqmənzilli silah buraxılıb".

Putin müraciətində Ukraynanı yeni zərbələrlə hədələyib: "Əgər ərazimizdə terror aktları davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdidləri səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın".

Bunun ardınca Kreml Krım körpüsünün “nüvə çətiri” altında olub-olmamasına dair jurnalistin sualını cavablandırarkən ona irad tutmağı da unutmayıb və bunu “sualın düzgün tərtib edilməməsi” kimi qeyd edib. Buna baxmayaraq, Qərb jurnalistləri güman edirdilər ki, Putin Krım körpüsündə baş verən partlayışları “şəxsi təhqir” kimi qiymətləndirib və amansız qisas alacaq. Dmitri Peskov Rusiya raketlərinin Ukrayna şəhərlərinə kütləvi hücumundan sonra verdiyi açıqlamada həmçinin bildirib ki, bütün bunlar “xüsusi əməliyyat” çərçivəsində baş verib. "Bütün bunlar xüsusi hərbi əməliyyatın bir hissəsi kimi baş verir. Bu zərbələrə gəlincə, əlbəttə ki, Müdafiə Nazirliyindən şərh gözləmək və ya konkret olaraq Müdafiə Nazirliyinə suallar ünvanlamaq lazımdır", - Peskov bildirib.

Eyni zamanda o, bəyan edib ki, “xüsusi hərbi əməliyyatın gedişində əsas məsələləri Rusiya prezidenti Vladimir Putinə məruzə etmədən həll etmək olmaz”.

Borrell hücumdan sonra

Avropa diplomatiyasının rəhbəri Rusiyanın Kiyevdə və Ukraynanın digər şəhərlərində dinc əhaliyə qarşı hücumlarından dərin sarsıldığını bildirib. Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ukraynaya yeni hərbi dəstəyini açıqlayıb. O, bu barədə Twitter-də məlumat verib.

"Rusiyanın Kiyevdə və Ukraynanın digər şəhərlərində dinc sakinlərə hücumundan dərin sarsıntı keçirdim. XXI əsrdə belə hərəkətlərə yer yoxdur. Mən onları qətiyyətlə pisləyirəm", - Borrell deyib.
Avropa diplomatiyasının rəhbəri Aİ-nin Ukraynanın yanında olduğunu vurğulayıb. “Aİ-dən əlavə hərbi dəstək yoldadır”, o əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukraynanın dinc şəhərlərində törətdiyi kütləvi terrorla bağlı məlumat paylaşıb. Ölkəmizin ərazisinə hücumlar Xəzər dənizi və Nijni Novqoroddan həyata keçirilib. Bu günə qədər 83 raket atılıb. Müvafiq məlumat müdafiə nazirinin müavini Anna Malyarın Telegram-kanalında yer alıb. O, Baş Qərargahın rəsmi məlumatlarına istinad edib: “Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionlarından və Nijni Novqoroddan Kiyev, Lvov, Priluki, Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov şəhərlərinə raket zərbələri endirib".

Oktyabrın 10-u saat 11:34-ə olan məlumata görə, Rusiya ordusu 83 raket atıblar. Onlardan 43-ü Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Həmçinin müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər. Odessanın vilayət rəhbəri Maksim Marçenkonun verdiyi məlumata görə, Odessa vilayətində üç PUA vurulub.
Hücum gözlənilməz deyildi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya işğalçı qoşunlarına oktyabrın 2-də və 3-də Ukraynanın mülki infrastrukturuna kütləvi raket zərbələri endirmək üçün Kreml göstəriş verib: "Ukraynanın hərbi kəşfiyyatının məlumatına görə, Rusiya işğalçı qoşunları oktyabrın 2-də və 3-də Ukraynanın mülki infrastrukturuna kütləvi raket zərbələri endirmək üçün Kremldən göstəriş alıb. Strateji və uzaqmənzilli aviasiyanın hərbi hissələrinə hazırlaşmaq üçün göstərişlər verilib. Ukraynanın sıx məskunlaşdığı şəhərlərin mülki infrastrukturu və mərkəzi əraziləri hücunun hədəfi olub”.

Kəşfiyyat məlumatlarında qeyd edildiyi kimi, oktyabrın 8-də Kh-101 qanadlı raketləri ilə təchiz edilmiş yeddi Tu-160 strateji bombardmançı Engels aerodromundan Olenya aerodromuna köçürülüb. Sevastopolun bayır zolağına 40 kalibr raketi ilə 6 qanadlı raket daşıyıcısı yerləşdirilib. Rusiyanın əsas məqsədi İES-i dağıtmaq, ukraynalılar arasında panika yaratmaq və Avropa ictimaiyyətini qorxutmaq olub.

Cavab gecikmədi

Bu arada Rusiyada silsilə partlayış hadisələri baş verib. Kursk və Belqorod vilayətləri ərazisində partlayışlar nəticəsində Rusiya Ordusunun bazası və S-300 zenit-raket komplekslərinin olduğu anbarlar məhv edilib. Burmakinoda isə Rusiya Federasiyası Müdafiə Nazirliyinin silah-sursat anbarı yanıb. Deputat Yuri Musyagin bildirib ki, Kursk vilayətinin Qluşkovski rayonunun Tetkino qəsəbəsində rusların hərbi bazasına zərbə endirilib. Yaralılar və ölənlər barədə hələlik məlumat yoxdur.

Hərbi müşahidəçi və könüllü Roman Boçkala deputatın məlumatlarına aydınlıq gətirib. Onun sözlərinə görə, Kursk vilayətində pilotsuz uçan aparatların idarəetmə mərkəzi məhv edilib. O, həmçinin Belqorod vilayətində Rusiya artilleriyasının əhatə etdiyi 3 S-300 hava hücumundan müdafiə sisteminin metal qırıntısına çevrildiyini yazıb.

Rusiyanın regional Telegram kanalları da Bryansk vilayətində səfərbər edilmiş ehtiyatda olan hərbçilərin poliqonuna zərbə endirilməsi barədə məlumat yayıb. Lakin Ukrayna tərəfdən heç kim bunu təsdiqləməyib.
Daha bir hadisə Yaroslavl vilayətinin Burmakino şəhərində baş verib. “Arsenal 6 of the Navy” adlı sursat anbarında partlayış olub. İnternetdə yanğının videosu yayılıb.

Beləliklə, Ukraynada artır 230-cu gündür davam edən müharibədə dönüşün yarandığı, Ukrayna ordusunun ardı-arası kəsilməyən əks-hücumlarının davam etdiyi bir vaxtda Rusiya müharibənin gedişatını dəyişmək üçün qəti həmləyə keçdi. Ukraynanın 8 şəhəri dağıdıcı gücə malik olan S-300-lərlə vuruldu. Və bununla da Rusiya taktiki nüvə silahından istifadə edəcəyi anonsunu da verdi. Halbuki, Ukraynanın qərbli dostları buna heç də inanmırlar. Amma, olanlar oldu. Kim zəmanət verə bilər ki, Rusiya sabah taktiki nüvə silahından istifadə etməyəcək?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə