44 günlük Vətən müharibəsinin 15-ci günü - Gəncə terroru TƏHLİL

44 günlük Vətən müharibəsinin 15-ci günü - Gəncə terroru TƏHLİL

Prezident İlham Əliyev: "Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər"

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başlaması və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verərkən "Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu?" – sualına dövlət başçısı belə cavab vermişdi: "Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma "Dağlıq Qarabağın" rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu". Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, deyən Cənab Prezident bunun belə olmadığını diqqətə çatdırıb: "Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər".

Bu dərs ilə barışmayan ermənilər dinc əhaliyə atəş açaraq mülki insanları qətlə yetirirdilər. Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsi və mülki əhalini hədəf alması onların diplomatik həll istəməyən, siyasi müzakirələrdən uzaq niyyətlərinə əsaslanır. dövlətimizin başçısı dəfələrlə çıxışlarında, eləcə də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edərək ədalətin bərpa olunmasını, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını bildirib: "Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik".
Artıq Azərbaycan düşmənə öz gücünü göstərmişdi. 2020-ci ilin oktyabr ayının 11-nə qədər qısa bir zamanda Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri və digər ərazilərimiz işğaldan azad olunmuşdur.

"MƏN DÜNYA BİRLİYİNİ BAŞ VERƏN BU HADİSƏLƏRƏ LAQEYD QALMAMAĞA ÇAĞIRIRAM"

Müharibənin 15-ci günü erməni faşist ideologiyasının daha bir üzünü ortaya qoydu. Terror aktlarını davamlı olaraq həyata keçirən Ermənistan növbəti dəfə oktyabrın 11-də Gəncə şəhərində terror aktı törətdi. Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ağır artilleriya atəşinə tutdu. Gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla, 7 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. Həmçinin, 10-dan çox çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.
"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib". Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar 11 oktyabr 2020-ci il tarixində rəsmi "Instagram" səhifəsində paylaşım etmişdi. "Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib" – bildirən Mehriban xanım Əliyeva qeyd edib ki, humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb.Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutmaqda davam edirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə çağırış etdi. "Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir".

Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə atdığı raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdi. İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edildi. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin
3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarıldı. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verdi.

GƏNCƏ BOMBALANMALARI VƏ YA GƏNCƏYƏ RAKET HÜCUMLARI

2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalandı.
İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumun isə 11 oktyabrda baş verməsi nəticəsində 10 mülki şəxs şəhid oldu və 40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş verdi və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi.
Dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə hərtərəfli formalaşan qüdrətli Azərbaycan Ordusu və xalqımızın mübariz ruhu işğal olunmuş torpaqlarımızı erməni işğalından azad etdi. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını qarış-qarış işğaldan azad etdi və işğaldan azad olunan torpaqlarımızda Azərbaycan bayrağı dalğalandı.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə