“Praqa görüşü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir” - DEPUTAT ŞƏRH ETDİ

“Praqa görüşü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir” - DEPUTAT ŞƏRH ETDİ

“Praqada “Avropa siyasi birliyi”nin ilk sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında keçirilən dördtərəfli görüş birmənalı olaraq Azərbaycanın növbəti diplomatik və siyasi uğuru ilə yadda qaldı. Belə ki, avqust ayının 31-də dördüncü Brüssel görüşündə də Azərbaycan sülh müqaviləsinə doğru bir addımın atılmasına nail oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin müzakirə olunması üçün XİN başçıları səviyyəsində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olundu: “Bildiyimiz kimi oktyabrın 2-də Cenevrədə bu görüş baş tutdu. Təbii ki, həmin dövrdə Ermənistan sülh gündəliyinəmane olmağa çalışırdı. Lakin Ermənistan buna nail ola bilmədi. Hesab edirəm ki, Praqa görüşü Azərbaycan üçün çox mühüm və yadda qalan görüş oldu. Nəzərə almaq lazımdır ki, bu görüş Fransa prezidenti Emmanuel Makron da iştirak edirdi. Çox güman ki, görüşdə Ermənistanın Fransadan çox gözləntiləri var idi. Ermənistan ATƏT-in Minsk Qrupunun dirçəldilməsi istiqamətində hər hansı bir yeniliyin baş tutmasını gözləyirdi. Amma bu baş tutmadı. Bundan sonrakı mərhələdə ATƏT-in Minsk Qrupunun dirçəldilməsi qeyri-mümkündür. Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti və onların statusu barəsində hər hansı bir müzakirə aparılmadı. Bu, Azərbaycanın növbəti qələbəsi kimi səciyyələndirilməlidir. Azərbaycan Prezidenti qeyd edib ki, ermənilər Azərbaycan vətəndaşlarının malik olduğu statusa malik ola bilərlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycam Ermənistanı sülhə məcbur etməkdədir.

Praqada yadda qalan ən vacib məqamlardan biri də sülh mətninin hazırlanması üçün hazırlığa başlanılması istiqamətində razılıq əldə olundu. Bu çox mühüm bir qərar idi. Həmçinin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bütün bunlarla yanaşı delimitasiya işlərinin aparılması istiqamətində daha aktiv işlərin görülməsinin vacibliyini Azərbaycan tərəfi vurğuladı. Hesab edirəm ki, Praqa görüşü Azərbaycanın növbəti mühüm diplomatik qələbəsi kimi qiymətləndirilməlidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə