"Ermənistan tərəfi 30 il ərzində mütəmadi olaraq hərbi cinayətlər törədib" - DEPUTAT ŞƏRH ETDİ

"Xocavənd rayonunun Edilli kənd ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlıq aşkar edilib. Burada ümumi baxış keçirilən zaman həmin şəxslərin əl və ayaqlarının məftillərlə bağlı olması, ayaqlarında hərbi çəkmələrin olması, geyimlərinin hərbi geyim olması Azərbaycan Ordusunun əsgərlərinin olduğunu deməyə imkan verir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, çox gümanki həmin şəxslər işgəncəyə məruz qalıblar və onları diri-diri basdırıblar: "Bəzi şahidlərin və bu ərazilərdə baş vermiş prosesləri bilən şəxslərdən alınmış məlumatlara əsasən Edilli kəndi Ermənistan tərəfindən azərbaycanlıların əsir düşərgəsi kimi istifadə olunub. Bildiyimiz kimi bu ərazilərdə bundan öncə də bu cür məzarlıqlar tapılıb. Bu o deməkdir ki, bu məzarlıq nə birinci, nə də sonuncu məzarlıqdır".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, görünən odur ki, Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən 4 min Azərbaycan vətəndaşının taleyi ilə bağlı məlumatların verilməməsinin əsas səbəbi bu şəxslərə qarşı ağır işgəncələrin törədilməsindən, onların diri-diri basdırılmasından ibarətdir: "Ermənistan tərəfi bu 30 il ərzində mütəmadi olaraq hərbi cinayətlər törədib. Hazırda Ermənistan təxribatlar törətməkdə maraqlı olan tərəfdir. Təəssüflər olsun ki, dünya ictimaiyyəti Ermənistanın bu hərəkətlərinə hər hansı bir reaksiya verməyib. Düşünürük ki, beynəlxalq məhkəmə, təşkilatlar qarşısında bu faktlar qaldırılmalı, xarici ekspertlər bu məzarlıqlarda yerindəcə baxış keçirməlidir. Belə olacağı təqdirdə bu faktların beynəlxalq məhkəmələrə çıxarılması və istifadə olunması daha rahat və asan ola bilər”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə