Azərbaycan və Bolqarıstan arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin ən uğurlu istiqamətlərindən biridir. Azərbaycan və Bolqarıstan bir-birilə dinamik şəkildə iqtisadi, mədəni əlaqələr quran dost ölkələrdir. İki ölkə arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlər və ikitərəfli danışıqların böyük rolu olub. İndiyədək imzalanan rəsmi sənədlər, o cümlədən strareji tərəfdaşlıq haqqında birgə bəyannamə qarşılıqlı əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixinə nəzər salsaq bu əlaqələrin 1992-ci ilə təsadüf etdiyini görərik. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımış, diplomatik münasibətlər isə 5 iyun 1992-ci ildə qurulmuşdur. İstər ümumilli lider Heydər Əliyev, istərsə də prezident İlham Əliyev Azərbaycan-Bolqarıstan münasibətlərini qarşılıqlı hörmət və etimad əsasında qurmuşdu. Bu əlaqələri daha da möhkəmləndirmək üçün 2000-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. 30 illik bir dövrü əhatə edən bu iki ölkə arasındakı münasibətlər son on il ərzində daha da təşəkkül tapmışdı. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqmətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.
Azərbaycan-Bolqarıstan münasibələrinin 30-cu ildönümü münasibətilə prezident İlham Əliyevin 30 sentyabr 2022-ci il tarixində Bolqarıstana rəsmi səfəri ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarətdir. İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində iki ölkə arasında danışıqlar aparılmış bu danışıqlarda enerji və nəqilyyat sahələrinə toxunulmuş, bu sahələrdəki qarşılıqlı əlaqələrin həmçinin regional inkişaf üçün çox mühüm olduğu vurğulanmışdır. Qeyd etmək lazımdır ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Enerji sahəsində əməkdaşləğa gəlincə, bu iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biridir. Səfər çərçivəsində ölkə başçımız iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən də danışmışdı. ”Enerji təhlükəsizlik məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdı. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illər etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etiabrlı tərəfdaş kimi də özünü göstərəcəkdir” deyə ölkə başçısı vurğulamışdı.
Bəli bu gün Azərbaycan beynəlxalq arenada, o cümlədən Qərb dünyasında ən etibarlı enerji tərəfdaşlarından biri kimi qəbul olunur. Avropada Azərbaycan təbii qazından faydalanan ölkələrdən biri də Bolqarıstandır. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi gedən bir zamanda Avropada yaşanan enerji böhranından sonra etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verilir. Azərbaycandan təbii qaz tədarükünü artırmaq istəyən ölkələr sırasında Bolqarıstan da var.
Görüş çərçivəsində həmçinin prezident İlham Əliyev iki ölkə arasında nəqliyyat təhlükəsizliyi məsələsinə də toxunmuşdu. Qeyd olunmuşdu ki, Azərbaycan öz ərazisində dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz ticarət limanı kimi müasir nəqliyyat infrastrukturu yaratmışdır. Azərbaycanla Bolqarıstan arasında tranzit ticarət yükü 50 faizə yaxın artmışdı və bu rəqəm yaxın gələcəkdə daha da böyük olacaq.
Aparılan təhlillər bir daha göstərdi ki, ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan münasibətləri uğurla inkişaf edib. Əldə olunan nəticələr iki ölkə arasında olan əlaqələrin bundan sonra da dinamik və səmərəli şəkildə inkişaf edəcəyini göstərir.
Gülmirə Hüseynova
Xəzər rayonu 230 № tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB