"Ulu Öndər Heydər Əliyev Azərbaycanın qurucusudur" Dəyirmi Masa

Bu mövzuda "Səs" qəzetində dəyirmi masa keçirildi

"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin 1993-cü il 3 oktyabr tarixində xalqın dəstəyi ilə Prezident seçilməsinin 29-cu ildönümü və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı "Ulu Öndər Heydər Əliyev Azərbaycanın qurucusudur" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Komitə sədri Eldar İbrahimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin Komitə sədrinin müavini Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Amin İsmayılov və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəalı Amin Mamedov iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetini baş redaktoru Bəhruz Quliyev ənənəvi olaraq "Səs" qəzetinin ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirdiyini diqqətə çatdırdı. Növbəti dəyirmi masanın tarixi bir gündə 3 oktyabr 1993-cü il Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı keçirildiyini bildirdi. Artıq mütəmadi olaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə silsilə dəyirmi masaların təşkil ediləcəyini qeyd edən baş redaktor bildirdi ki, "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik. Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi: "Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmlətdi, ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir".

BƏHRUZ QULİYEV:

- Ulu Öndərin hakimiyyətə gəldiyi çətin ictimai-siyasi hadisələrlə müşahidə olunduğu o illərin canlı şahidi olmuş dəyirmi masa iştirakçılarının fikirlərini bölüşməsi yaxşı olardı. Eldar müəllim, o illərdə, Azərbaycanda baş verən hadisələri, qarşıdurmaları necə xarakterizə edərdiniz?

ULU ÖNDƏR HƏMİŞƏ XALQLA BİRGƏ OLDUĞUNU, ONUN TALEYİ İLƏ YAŞADIĞINI TARİXİ XİDMƏTLƏRİ İLƏ SÜBUT ETMİŞDİR

ELDAR İBRAHİMOV:

- Ümummilli Lider Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq, Azərbaycanın Birinci Katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu Öndər ölkədə ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu. Bütün mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün əməli fəaliyyəti ilə doğma xalqının əbədi məhəbbətini qazanaraq əsl Ümummilli Liderə çevrilmişdir. Ulu Öndər həmişə xalqla birgə olduğunu, onun taleyi ilə yaşadığını tarixi xidmətləri ilə sübut etmişdir. 1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı.

3 sentyabr müstəqil Azərbaycanın tarixində ən əsas və önəmli yerlərdən biridir, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsəydi, Naxçıvan və Azərbaycanın gələcək taleyi hələ də müəmmalı idi. 1990-cı il iyul ayının 22-də Heydər Əliyevin Naxçıvana gəlməsi, elə həmin ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağının qaldırılması böyük hadisə idi. Azərbaycanda olan mərkəzi komitənin rəhbərləri Heydər Əliyevin hakimiyyətə gəlməsindən çox narahat idilər. Ancaq Azərbaycan xalqının Heydər Əliyevə ehtiyacı var idi. 1991-ci ilin 17 mart tarixində Azərbaycanda SSRİ-nin hakimiyyətdə saxlanılmasına dair referendum keçirildi. Biz Naxçıvan əhalisi olaraq həmin referendumda iştirak etmədik. "Demblok", "komblok" deyilən qüvvələr və bu qəbildən olan digərləri Naxçıvanda, necə deyərlər, öz adamlarını hakimiyyətə gətirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Belə gərgin vəziyyətdə muxtar respublikanın gələcəyini düşünən insanlar Ali Məclisin sədri vəzifəsinə böyük idarəçilik təcrübəsi olan Heydər Əliyevin seçilməsini tələb edirdilər.Mən yaxşı xatırlayıram, respublikamızda torpaq islahatına, məhz Naxçıvanda 1992-ci ilin mart ayında start verildi, özəlləşdirmə aparıldı. Beynəlxalq miqyasda böyük nüfuza malik olan Heydər Əliyev İran və Türkiyə ilə əlaqə saxladı. İstər İrandan, istərsə də Türkiyədən Naxçıvana yardımlar gəlməyə başladı. Ulu Öndər 1991-1993-cü illərdə Naxçıvanı, Muxtar Respublikanın əhalisini bu yardımlar hesabına saxladı. 1992-ci ilin oktyabr ayının 16-da "Səs" qəzetində 91 nəfər qabaqcıl vətənpərvər ziyalının müraciəti dərc olundu. Həmin ilin oktyabr ayının 24-də Heydər Əliyev "Səs" qəzeti vasitəsilə 91 nəfərin müraciətinə cavab verdi. Ziyalıların Heydər Əliyevə müraciəti və partiya yaratmağa cəlb edilməsi, Onun ziyalılara müsbət cavabı o dövrün əhəmiyyətli hadisələrindən biridir. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı irəli çəkdi və artıq Azərbaycanı tanımağa başladılar. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

BƏHRUZ QULİYEV:

- Ötən əsrin 90-cı illərin əvvəllərində ictimai-siyasi böhran vəziyyəti yaranmaqla yanaşı, bizim milli-mənəvi dəyərlərimizə, ailə dəyərlərinə böyük zərbə vurulmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, 3 oktyabr tarixində Prezident seçilməsi milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna rol oynamışdır.

SANKİ HƏR KƏS SAHİLİ GÖRÜNMƏYƏN BİR DƏRYADA KÖHNƏ BİR GƏMİDƏ ÇALXALANIRDI

BAHAR MURADOVA:

- Bu gün geriyə dönüb baxdıqda nə qədər böyük yol keçdiyimizi bir daha dərk edirik. Həmin günlərdən uzaqlaşdıqca bunun miqyası daha da böyüyür. Ulu Öndər Heydər Əliyevin işığı və nuru dünyanın hər yerindən görünür. Düşünürəm ki, Ümummilli Lider Heydər Əliyev haqqında Azərbaycan kontekstində danışmaq doğru olmaz. Region üçün Heydər Əliyevin əhəmiyyəti daha qabarıq görünür. Ümumilikdə beynəlxalq proseslərdə Heydər Əliyevin yeri və rolunu, Azərbaycanın rəhbəri qismində ölkəmizin dünyada rolunun artırılması məqamlarını xüsusi vurğulamaq lazımdır. Həmin dövrlərdə müstəqillik uğrunda ilkin addımların atılmasına baxmayaraq, dövlət olaraq əsl mənada müstəqilliyin tələb etdiyi vəzifələri yerinə yetirməli idik. Azərbaycanın minilliklərə söykənən tarixi, milli-mənəvi dəyərləri qorunmalı və yeni dövrə uyğun istiqamətdə addımlar atılmalı idi. Amma bütün bunlar xaos girdabına düşmüşdü. Sanki hər kəs sahili görünməyən bir dəryada köhnə bir gəmidə çalxalanırdı. Biz həmin dövrdə həqiqətən də, müstəqil və azad, öz vətəndaşını rifah içərisində saxlamağa malik və qürurlu bir ölkənin vətəndaşı olmaq istəyirdik. Tarix bizim qarşımıza bir şans çıxartmışdı. Bu şansı düzgün dəyərləndirmək əvəzinə, Azərbaycanı daxili siyasi mübarizələrin alətinə və xarici təcavüzə açıq bir ölkəyə gətirmişdilər. Ona görə də, gənclik də o zamanın düşünən aydınlarının müəyyən etdiyi yolla getmək qərarı vermişdi. Yüzlərlə, minlərlə Azərbaycan gənci Azərbaycanın əsl mənadakı müstəqilliyini təmin etmək istiqamətindəki fəaliyyəti həyata keçirmək üçün gedəcək prosesin başında Heydər Əliyevi görürdü. Azərbaycan müstəqil bir dövlət idi. Bizim demokratik ənənələrimiz, dövlət qurmaq ənənələrimiz var idi. Bütün bunlar ola-ola biz ümumilikdə Azərbaycanı sonu görünməyən burulğana çəkənlərin qarşısında durmalı idik. Naxçıvanda xalqın bütün nümayəndələri hər kəs Heydər Əliyevin arxasında idi. Bunun özü müstəqil dövlətin necə qurulmasını, xalqın hansı addımı atmağının bariz nümunəsi idi. İstənilən təzyiqə qarşı dayanmaq lazım idi. Həmin dövrdə milyonlarla imzalar göndərilmişdi ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Böyük səs çoxluğuyla Heydər Əliyev Prezident seçildi. Bu gün vahid, müstəqil dövlət qurmaq ideyası ətrafında vahid bir cəbhədə birləşən öz Liderinə, öz ideoloji xəttinə sahib Azərbaycan xalqının birliyinin gücüdür. Heydər Əliyev andiçmə mərasimində söz verdi ki, Azərbaycan dövlətinin rifahı üçün çalışacaq. Bu gün o vəzifə tam mənada yerinə yetirilib. Azərbaycan regionun, dünyanın aparıcı güclü, siyasi amillərindən biridir. Bu gün dünya siyasətini Azərbaycansız təsəvvür etmək mümkün deyil.

ƏGƏR BİZ BU GÜN VARIQSA, DÖVLƏTİMİZ VARSA, DÖVLƏTÇİLİYİMİZ VARSA BÜTÜN BUNLARA GÖRƏ, BİZ ULU ÖNDƏRƏ BORCLUYUQ

JALƏ ƏLİYEVA:

- Ulu Öndər doğulduğu gündən etibarən, öz hərəkətləri, əməlləri, sözləri ilə örnək olan və arxasınca böyük bir xalqı aparmaq qabiliyyətinə malik olan bir şəxsiyyətdir. Həqiqətən də Ulu Öndər Azərbaycanın sahibi kimi onu qorudu, arxa oldu. Heydər Əliyevin xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəlməsi elə bir dövrə təsadüf edirdi ki, ölkə ölüm və ya qalıb sualı qarşısında qalmışdı. Azərbaycan şimaldan, cənubdan parçalanıb tamamilə yox edilmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə idi, ölkə daxilində xaos yaranmışdı. Büdcə tamamilə məhv olmuşdu, vahid ordu yox idi, iqtisadiyyat, sənaye məhv olmuşdu. Ümumiyyətlə, vətəndaş münasibətləri sıfır həddə çatmışdı. Belə bir dövrdə Heydər Əliyev hakimiyyəti ələ aldı və Azərbaycan xalqını yox olmaq təhlükəsindən xilas etdi. Bizim hər birimiz onun qarşısında borcluyuq. Əgər biz bu gün varıqsa, dövlətimiz varsa, dövlətçiliyimiz varsa bütün bunlara görə, biz Ulu Öndərə borcluyuq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev" ili elan edilmişdir. Bununla bağlı ölkəmizdə böyük tədbirlər həyata keçiriləcək. Heydər Əliyevin hakimiyyəti, rəhbərliyi heç bir hakimiyyətə bənzəmir. Bunu sadəcə biz yox, bütün dünya ölkələrinin rəhbərləri bildiriblər. Sözün əsl mənasında ancaq siyasətimizi, xalqımızı, dövlətimizi düşünən bir Şəxsiyyət idi. Bu gün onun irsini qoruyuruq, onu olduğu kimi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

ANALOQU OLMAYAN MÜHARİBƏ STRATEGİYASINI CƏNAB PREZİDENT İLHAM ƏLİYEV HƏYATA KEÇİRDİ

AMİN İSMAYILOV:

- Bu gün biz çox əlamətdar bir gündə toplaşmışıq. Dünyada ilahi ədalət deyilən bir anlayış var. Biz Ulu Öndərin yüz illiyinə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü və Şuşanı hədiyyə etdik. Cənab Prezident əbəs yerə demədi ki, ata nəsihətini yerinə yetirmək böyük xoşbəxtlikdir. Sözün həqiqi mənasında, bu, fövqalədə bir hadisədir. Hamı bilir ki, Heydər Əliyev üçün dövlətin mənafeyi və ölkənin müstəqilliyi və ərazi bütövlüyü mühüm məna kəsb edirdi. Heydər Əliyev yolagəlməz, ipəyatmaz insanların tüğyan etdiyi bir zamanda öz sağlamlığı hesabına xalqına görə bütün ömrünü fəda etdi. 1993-cü il 3 oktyabr tarixində Ulu Öndər hakimiyyətə gəlməsəydi, necə olacaqdı? Bu gün möhtərəm Prezidentimiz bütün ölkə başçıları arasında sayılıb seçilir. Hazırda ölkəmizdə qısqanclıq var. 44 günlük Vətən müharibəsi zamanı hər kəs bir Liderin ətrafında birləşdi. Keçmiş zamanlarda insanlar küçə ilə gedəndə onun fikrini öyrənmədən tutub, cəbhəyə göndərirdilər. Mən şəhidlərimizin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansalığı versin. Bizim igidlərimiz Liderimizə inanaraq Şuşa qalasını fəth etdilər. Analoqu olmayan müharibə strategiyasını Cənab Prezident İlham Əliyev həyata keçirdi. Möhtərəm Prezidentdə dövlət atributlarına qarşı o qədər sevgi var ki, həmin o sevgi artıq bizim gənclərimizdə də, formalaşıb. Azərbaycan milləti şanslıdır ki, Heydər Əliyev kimi bir dövlət başçısı var.

ÜMUMMİLLİ LİDERİN BİZƏ AŞILADIĞI MƏRDLİK, CƏSARƏT VƏ VƏTƏNƏ SEVGİ BÜTÜN GƏNCLƏRİN DAMARINDA DOLAŞIR

AMİN MAMEDOV:

- Bütün bu danışıqlar onu göstərir ki, həmin dövrün gənclərinin də Ulu Öndər Heydər Əliyevə böyük inamı olub. Yəni, Ulu Öndərə olan sevgi və diqqət hər zaman olub. Ümummilli Liderin Onun bizə aşıladığı mərdlik, cəsarət və vətənə sevgi bütün gənclərin damarında dolaşır. Bu sevgi Vətən müharibəsi zamanı daha da qabarıq özünü göstərdi. Bu gün Azərbaycan dövləti və ordusu heyət etibarilə daha çox gənclərdən təşkil olunub. Bizim ordumuz zəfər qazanmış bir ordudur. Biz ordumuzun qazandığı uğurları hər gün izləyir və sevinirik. Müasir gəncliyin belə formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz rolu var. Ulu Öndər və Onun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan diqqət-qayğısı daim göz özündədir. Biz bu gün fəxr edirik ki, rəhbərimiz Cənab İlham Əliyevdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə