Avstriya mətbuatında Prezident və Birinci xanımın səfəri barədə material dərc olunub

Avstriyanın dasfazit.at onlayn qəzetində sentyabrın 27-də, 44 günlük Vətən müharibəsinin ilkinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri barədə material dərc olunub. SİA-nın məlumatına görə, məqalədə qeyd olunur ki, səfər bölgəsi təsadüfi seçilməyib, belə ki, 2020-ci ildə ərazilərin azad edilməsi uğrunda hərbi əməliyyatlar zamanı burada intensiv döyüşlər gedib və Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmiş kəndlər arasında yer alıb.

Məqalədə həmçinin Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərin xatirəsinə ucaldılmış abidə barədə vurğulanıb və Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsinin şanlı tarix olması və Azərbaycan xalqının bütün gücünü səfərbər edərək, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovması barədə fikirləri qeyd olunub.

Həmçinin bildirilib ki, Qaraxanbəyli kəndinin işğaldan azad olunması barədə danışarkən, dövlət başçısı qeyd edib ki, bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Dövlət başçısı bildirib ki, bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdı.

Məqalədə vurğulanıb ki, Füzuli rayonu Qarabağ bölgəsinin bilavasitə yaxınlığında yerləşir və bu bölgədə qanunsuz erməni silahlı birləşmələri hələ də qalmaqdadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın dördüncü bəndinə əsasən Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulsa da, bu bəndin faktiki tələbləri hələ də yerinə yetirilməyib. Həmçinin vurğulanır ki, üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövr ərzində adıçəkilən erməni birləşmələri dəfələrlə müxtəlif təxribatlara əl atıb və bu gün də Azərbaycan ərazisində olmaqla ölkənin milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edirlər.

"Müharibənin bütün ağırlıq və itkilərinə baxmayaraq, Prezident İlham Əliyev "Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq" deməklə növbəti dəfə Azərbaycanın maraqlarını sonadək qorumaq qətiyyət və prinsipiallığını göstərdi", - məqalədə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə