Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, həmçinin regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsindən ibarətdir.Sammitdə çıxış edən Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsinə sanballı töhfələr verib və indi də bu layihələrin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.Regionun nəqliyyat arteriyalarının şaxələnməsi üçün Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar artacaqdır. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə yüksələcəkdir.Çıxışının sonunda Cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi üçün hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Azərbaycanın təklif etdiyi beş əsas prinsipə də toxunub. Bildirdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəkdir.
Cavid İsmayılov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB