Azərbaycan Asiya ölkələri üçün də vacib və etibarlı ölkədir - DEPUTATIN ŞƏRHİ

Azərbaycan Asiya ölkələri üçün də vacib və etibarlı ölkədir - DEPUTATIN ŞƏRHİ

“Özbəkistan Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı böyük hadisədir. Bundan əvvəl də Türkiyədə keçirilən G20 ölkələrinin sammitinə Azərbaycan dəvət edilmişdi. Bütün bunlar Azərbaycanın dünya üçün, region ölkələri üçün nə qədər önəm daşıdığından, həmin təşkilatda oynayacağı böyük roldan xəbər verir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri baş tutmuşdu və iki ölkə arasında mühüm sənədlər imzalanmışdı. Bu dəfəki səfər isə dünyanın ən böyük iqtisadi təşkilatlarından biri ŞƏT-in sammiti ilə bağlı idi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, ŞƏT-də təmsil olunan ölkələr üçün Azərbaycanın cəlbediciliyi bir sıra şərtlərə bağlıdır: “Əvvəla, Azərbaycanın coğrafi cəhətdən önəmli regionda yerləşməsi, ikincisi, ölkəmizdə yaradılmış infrastruktur, loqistik imkanlar, üçüncüsü isə etimad məsələsidir. Azərbaycan Cənubi Qaqazın iqtisadi cəhədən inkişaf etmiş ölkəsi olmaqla yanaşı, həm də Şimal-Cənub və Şərq-Qərb kommunikasiya və nəqliyyat xətlərinin qovşağında yerləşir. Tranzit ölkə kimi də Azərbaycan cəlbedicidir. Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi infrastrukturlar qərbdən şərqə, eyni zamanda şərqdən qərbə yüklərin daşınmasını təmin edəcək imkanlara malikdirlər. Xüsusən də Şindən başlanan və Avropanın qərbinə qədər uzanan qədim və müasir İpək yolu da Azərbaycandan daha etibarlı və vaxt itirmədən yüklərin daşınmasını təmin edə bilər. Prezident İlham Əliyevin Sammitdə çıxışı zamanı dediyi kimi, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir”.

Bütün xəbərlər Facebook səhifəmizdə