"Ağalıya qayıdış hər bir azərbaycanlını sevindirir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
30 il torpaq, yurd - yuva həsrəti ilə yaşayan insanların öz od - ocaqlarına qayıtmaları tarixi bir hadisə, unudulmaz bayramdır. Bu sevinci, qüruru xalqımıza əlbəttə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev, cəsur, mətanətli əsgər və zabitlərimiz, qəlbi torpaqlarımızın azadlığı uğrunda döyünən insanlar bəxş etmişlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, biz, gələcək nəsillər, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini sevən, qoruyan hər bir kəs, dünyanın hansı qitəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qələbələrimiz üçün bu insanlara borcluyuq.
“İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər möhtəşəmdir. Çəkilən yollar, salınan körpülər, istifadəyə verilən təyyarə meydanlıarı, əkin dövriyyəsinə daxil edilən torpaqlar, ucaldılan binalar Qarabağın və Şərqi Zəngəzurun xoşbəxt gələcəyindən, insanların firavan həyatından xəbər verir. Artıq işğaldan azad olunmuş kəndlərə qayıdış başlanmışdır. Zəngilanın Ağalı kəndinin sakinləri bu xoşbəxtliyi yaşayan ilk insanlardır. “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə köçürülənlər burada hər cür şəraitlə təmin olunurlar. Uzun illər doğma torpaq həsrəti ilə yaşayan ailələr yeni salınmış və müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi yaşamaq hüququna malikdirlər.
Qanunvericilikdə nəzərdə tutulduğuna əsasən, məcburi köçkünlər yaşayış yerində məskunlaşandan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlanacaqlar. Ağalıda tikilmiş evlər yüksək keyfiyyətlidir, müasirdir və hər cür texnologiyalarla təmin edilmişdir. Kənddə əhalinin məşğulluq, sosial, təhsil, tibb məsələləri müvafiq qurumlar tərəfindən həyata keçiriləcək və onlar işləmək, istirahət etmək üçün hər cür şərait yaradılacaqdır. Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) artıq xoşbəxt anlarını yaşayır.
Bu günlərdə daha 25 ailə doğma torpaqlarına köçürüləcəkdir və bu insanlar əbədi olaraq köçkünlük həyatına son qoyacaqlar. Köçkünlük dövründə ağrılı günlər yaşayan, daim torpaq həsrəti ilə alovlanan, ancaq dövlətimizin hər cür qayğısı ilə təmin olunan bu insanların öz ata - baba yurdlarına qayıtması hər bir azərbaycanlını ürəkdən sevindirir. Hər birimiz bu insanları təbrik edirik, onlara xoşbəxt həyat, qurub yaratmağı, vətənin və torpağın adını ucaltmağı arzulayırıq”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB