Ərdoğandan Yunanıstana “İzmiri unutma!” xatırlatması SİYASİ RAKURS+ÖZƏL

Ərdoğandan Yunanıstana “İzmiri unutma!” xatırlatması SİYASİ RAKURS+ÖZƏL

Yaxud, Yunanıstan hansı nəticələri çıxarmalıdır?

Artıq uzun müddətdir ki, Yunanıstanın apardığı siyasətin birbaşa Türkiyənin dövlət maraqlarına xələl vurması mümkünlükləri ətrafında fikirlər səsləndirilməkdədir. Lakin rəsmi Afina bu məsələdə bir həqiqəti unudur ki, nə Türkiyə əvvəlki Türkiyə kimi deyil, nə də Yunanıstanın istər siyasi, istər hərbi, istərsə də iqtisadi potensialı Türkiyənin potensialı qarşısında yetərli qədər güc faktoru kimi sayıla bilməz. Həmin reallıqları sübut edən amillər isə kifayət qədərdir. Və eləcə də, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm tarixi faktlarla toxunması, həm də mövcud siyasi rakursdan irəli sürdüyü ultimativ xarakterli bəyanatları da diqqət çəkməyə bilməz. Məsələn, qardaş ölkənin dövlət başçısı Samsun şəhərində “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında çıxışı zamanı sərt və qətiyyətli xəbərdarlığını etdi. O, “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana bir cümləmiz var: İzmiri unutma!”, deyə vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan sübut edir ki, həqiqətən də dünya beşdən ibarət deyil

Ərdoğan Nazirlər Kabinetinin Ankarada keçirilən iclasının yekunlarına dair çıxışında da bildirib ki, Yunanıstan nə siyasi, iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabərdir: "Fürsətdən istifadə edərək, son zamanlar ölkəmizə qarşı təzyiq və təkəbbürünü gücləndirən Yunanıstanı bir daha xatırlatmaq istəyirəm. Yunanıstan siyasi, iqtisadi və hərbi münasibətlərdə bizimlə bərabər deyil, ona görə də düşmənimiz deyil".

Onu da xatırladaq ki, Türkiyənin prezidenti ölkənin maraqlarını təmin etməklə yanaşı, həm də dünyaya yeni mesajlarını ötürməkdədir. Daha dəqiq desək, istər Avropa, istər Qafqaz, istər Afrika, Asiya və Latın Amerikası ölkələri, istərsə də Balkan ölkələrində söz sahibi qismində çıxış etməyə müyəssər olan və bu siyasətini şaxələndirən Rəcəb Tayyib Ərdoğan sübut edir ki, həqiqətən də dünya beşdən ibarət deyil və bu gün dünyada yeni reallıqlar öz sözünü deməkdədir. Həmin reallıqların önündə gedən ölkələrdən birincisi isə Türkiyə Cümhuriyyətidir.

Əbəs deyil ki, Ərdoğan Balkan ölkələrinə səfəri öncəsi “Türkiyə son zamanlar gərginliyin artdığı bu regionda sülhün, əmin-amanlığın, inkişafın və ədalətin təmsilçisi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə davam edir” bəyanatını önə sürdü və bir daha dünyəvi gücə çevrildiyini təsdiqlədi.

Ərdoğan: “Türkiyə güclü olmalı və gücünü daim artırmalıdır, əks halda, ölkəmizi fəlakətlərə sürükləmək istəyənlərə fürsət vermişik, bunun nümunələrini ətrafımızda dəfələrlə görmüşük”

Ərdoğan vurğulayıb ki, bu görüşlərdə Türkiyə nümayəndə heyəti rəsmi Ankaranın Orta və Şərqi Asiyada hüquq və maraqlarını inkişaf etdirmək yollarını axtaracaq.

"Hər fürsətdə vurğuladığımız və təkrar etdiyimiz kimi, Türkiyə güclü olmalı və gücünü daim artırmalıdır, əks halda, ölkəmizi fəlakətlərə sürükləmək istəyənlərə fürsət vermişik, bunun nümunələrini ətrafımızda dəfələrlə görmüşük", Ərdoğan vurğulayıb.

Məhz belə bir şəraitdə “Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə qəfil gedə bilərik”, bəyanatı ilə əslində Ərdoğan qətiyyətli fikrini önə sürmüş olub. SİTAT: “Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımi müzakirələri aparır. Yuanıstan baş verənlərin fərqindədir və buna görə hərəkətlərini tənzimləməyə başlayıb”.

Türkiyə Avropa İttifaqının 25 üzv ölkəsinə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilib

Onu da xatırladaq ki, artıq Türkiyə Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun imzaladığı məktubda Yunanıstanla Egey dənizindəki mübahisəli məsələlərdən bəhs edilir.

Məktubda Egey dənizində ərazi sularının və milli hava məkanının eni, kontinental şelf və ərazi sularının məhdudlaşdırılması, şərq adalarının qeyri-hərbi statusunun pozulması kimi bir sıra problemlərin olduğu bildirilir. Həmçinin Egey dənizində Yunanıstanın suverenliyinə daxil olmayan adalar və qayaların olduğu vurğulanır.

Sənəd Avropa İttifaqının 25 üzv ölkəsinə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilib.

Türkiyə hesab edir ki, Egey dənizi ilə bağlı məsələlər iki ölkənin əsas hüquq və qanuni maraqlarının qarşılıqlı tanınması ilə beynəlxalq hüquq çərçivəsində həll edilə bilər.

Lakin bu da son deyil. Əldə olunan dəlillərdən biri də Yunanıstanda yerləşən və Türkiyənin ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradan, habelə terror təhlükəsi saçan kürd terror qruplaşmalarıdır.

Türkiyədə terror siyahısına salınmış PKK, DHKP-C, MLKP və MKP-nin Afina yaxınlığında mənzil qərargahları fəaliyyət göstərir!

Nüfuzlu “Türk klubü” teleqram kanalının yazdığına görə, Yunanıstan öz ərazisində yüzlərlə PKK və s. terror qollarına himayədrlıq edir, eləcə də onların qruplaşmalarına təlimlər keçir. Həmin düşərgələrdən biri Lavrionda yerləşir. Məlum olub ki, 1985-ci ildə qaçqınlar düşərgəsi adı altında açılan həmin ərazidə hazırkı məqamda yüzlərlə terrorçular yaşamaqdadırlar. Düşərgənin iki ayrı-ayrı seksiyalardan ibarət olduğun bildirilir. Birinci seksiya Afinadadır və 4 ayrı-ayrı bloklardan və 80 mənzildən ibarətdir. Düşərgənin ərazisi hündür divarlarla əhatə olunub. Təşkilat üzvləri davamlı olaraq təhlükəsizlik tədbirləri görürlər və silahlı mühafizə qurublar.

Əsas düşərgədən 1,5 km aralı olan ikinci seksiya isə konteyner və çadırlardan ibarətdir. Düşərgədə Türkiyədə terror siyahısına salınmış PKK, DHKP-C, MLKP və MKP üzvləri yaşayırlar. Onların sayı davamlı olaraq 250 və 500 nəfər arasında dəyişir. Təlimlər isə 6 ay davam edir. Əsasən PKK-nın nəzarəti altında olan düşərgədə hər bir terror təşkilatı qolunun ayrı-ayrı otaqları, habelə həmin təşkilatların simvolları yerləşdirilib. Hər otaqda 4-8 terrorçunun yaşadığı bildirilir. Maskirovka üçün isə düşərgədə 4-5 uşaqlı ailələr yaşayırlar.

Düşərgənin əsas binasında ideoloji hazırlıq üçün zallar fəaliyyət göstərir. Orada sabotaj, partlayıcı maddələrin və bombaların hazırlanması üzrə təlimlər aparılır. Və ən əsası – düşərgənin maliyyəsi PKK-nın Avropa qolu, Avropa İttifaqı institutları və Yunanıstan dövləti tərəfindən ödənilir.

Beləliklə, göründüyü kimi hədəf Türkiyədir və çox yəqin ki, bu faktlar Türkiyənin müvafiq istihbarat (xarici kəşfiyyat) qurumları tərəfindən araşdırılıb. Söz yox ki, əgər bütün bunlar Yunanıstanın ərazisindədirsə, rəsmi Ankara həmin addımı düşmən mövqeyi kimi dəyərləndirir və bu baxımdan, artıq Ərdoğanın sərt bəyanatlar verməsi zamanının çatması da məhz belə deməyə zəmin yaradır ki, Ankara əsla geri çəkilməyəcək, əksinə öz qətiyyətli sözünü deməyə, hətta daha qəti addımlar atmağa davam edəcək. Təbii ki, Yunanıstan da bütün bunlardan bir nəticə hasil etməlidir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə