"Brüssel görüşündə konkret nəticələr əldə olunub" - DEPUTAT ŞƏRH ETDİ

"Brüssel görüşündə konkret nəticələr əldə olunub" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan və Ermənistan arasında postmüharibə dövründə münasibətlərin normallaşması üçün keçirilən Brüssel görüşündə konkret nəticələr əldə olub. Artıq tərəflər sülh müqaviləsinin layihə sənədinin hazırlanması ilə bağlı qərara gəliblər və bu sənəd xarici işlər nazirlikləri vasitəsilə hazırlanacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, yekun bəyanatda artıq Qarabağ münaqişəsi sözü işlədilmir və ATƏT-in Minsk qrupuna heç bir istinad yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Onun sözlərinə görə, bu Azərbaycan dövlətinin haqlı mövqeyinin qəbul edilməsi və sülh prosesinin məhz Azərbaycanın iradəsinə uyğun olaraq həyata keçirilməsi deməkdir: “Bundan əvvəl Azərbaycan tərəfinin irəliyə sürdüyü 5 mühüm prinsip əsasında aparılan Brüssel görüşləri hər dəfə konstruktiv nəticələri ilə seçilib və bu görüşlərdə əməli qərarlar, praktik addımlar qəbul olunub. Bundan əvvəl də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində tərəflərin irəliyə aparmaq üçün işçi qrupunun yaradılması ilə bağlı mühüm qərar qəbul olunub. Eyni zamanda tərəflər artıq münasibətlərin yaxınlaşdırılması üçün bir sıra əməli addımların atılması ilə bağlı razılığa gəlib. Biz ümid edirik ki, razılaşmaların intensiv şəkildə əldə olunması nəticə etibarilə həm sülh müqaviləsinin imzalanması, eyni zamanda da kommunikasiya xətlərinin açılması ilə nəticələnəcəkdir.

Xüsusilə Avropa İttifaqının sülh prosesinin irəliyə aparılması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kifayət qədər konstruktiv bir moderatorluq ortaya qoymasının şahidi oluruq. Brüssel görüşləri tamamilə fərqli formatda keçirilir. Bu çox praktik bir formatdır. Sadəcə olaraq hər iki lideri bir araya gətirmək və onlar arasında razılaşmanın olması üçün uyğun bir platforma təklif etməklə Avropa İttifaqı ümumulikdə regionda sülh yaratma prosesinə çox böyük töhfə verib.
Burada xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səylərini qeyd etmək lazımdır. Beləki ilk görüşdən Şarl Mişel Azərbaycanın irəliyə sürdüyü çox haqlı və beynəlxalq hüquqa əsaslanan 5 prinsipini dəstəkləyərək bu görüşlərdə onun əsas olduğunu nümayiş etdirib. Qəbul olunmuş qərarlara və bəyanatlara əsaslanaraq bu nəticəyə gəlirik. Məhz bunun nəticəsidir ki, artıq danışıqlar prosesində biz münasibətlərdə müəyyən irəliləyişin olduğunu görürük. Artıq iki ölkə arasında müxtəlif səviyyələrdə birbaşa təmasların olmasının şahidi oluruq ki, bu çox təqdirəlayiq bir haldır. Bütün bu görüşlərin əlbəttə ki, son hədəfi sülh müqaviləsinin imzalanması və bölgədə kommunikasiya xətlərinin açılmasına nail olmaqdır.

Düşünürük ki, yaxın zamanlarda Azərbaycanın qarşısına hədəf kimi qoyduğu bu məsələlərin həllində müsbət nəticələr olacaqdır. Azərbaycan Prezidentinin göstərdiyi iradəni və prinsipiallığı da xüsusi qeyd etməliyik. Baxmayaraq ki, Ermənistan tərəfi hər görüş qabağı müxtəlif provakasiyalara əl atır, amma Azərbaycan Prezidentinin qətiyyəti və prinsipial mövqeyi nəticəsində bu cür provakasiların qarşısı alınır. Azərbaycan özünün iradəsi ilə hədəflədiyi bütün haqlı qərarların qəbul olunmasına da nail olub”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə