Zəngəzur dəhlizi açılmalıdır - TƏHLİL

Zəngəzur dəhlizi açılmalıdır - TƏHLİL

Zəngəzur dəhlizi regionda sülhün bərqərar olması, qorunması və davamlı olması üçün çox vacib məsələdir və bu, bir reallıqdır. Təsadüfi deyil ki, Zəngəzur dəhlizi gündəmdədir və bu reallığı Ermənistan tərəfi nə qədər tez başa düşsə, nə qədər tez qəbul etsə bir o qədər özləri üçün də yaxşı olar. Dəhlizin açılması məsələsi uzandıqca bölgədə sülhün bərqərar olmasının sual altında qaldığını politoloqların əksəriyyəti vaxtaşırı vurğulayırlar və şübhəsiz ki, dəhliz açılmadıqca münasibətlərin normallaşdırılması ləngiməkdə davam edir.

Təbii ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün vacib hesab olunmur. Doğrudur, sözügedən dəhlizin açılmasında Azərbaycan tərəfi çox maraqlı, eləcə də israrlıdır. Məsələ burasındadır ki, bu dəhlizin açılması Ermənistan üçün də əhəmiyyətlidir. Ələlxüsus münasibətlərin normallaşdırılması baxımından həmin dəhliz Ermənistan üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki dəhliz açılmadıqca hansısa münasibətdən söhbət belə gedə bilməz. Təəssüf ki, bu reallığı Ermənistan tərəfi anlamaqda, mövcud imkanları dəyərləndirməkdə çətinlik çəkir. Əks halda ermənilər hələ də bu məsələni uzatmağa, ləngitməyə can atmazdılar.

Ölkə rəhbəri, cənab Prezident İlham Əliyev də vurğulayıb ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səylər uğursuz olacaq. Əslində bu, Ermənistan tərəfinə ölkə rəhbərimizin mesajlarından, ən vacib mesajlarından biridir. Yetər ki, Ermənistan tərəfi bu mesajdan öz nəticəsini çıxarsın. Ermənistanın əfsus ki, bundan nəticə çıxarmadığı, yaxud nəticə çıxarmaq istəmədiyi görünür. Görünən odur ki, yenə də Ermənistan tərəfi məsələyə müxtəlif don geyindirmək üçün əlindən gələni edir. Gah olmayan və dırnaqarası “status” məsələsi ortaya atılır, gah da qondarma “hərbi əsir” söz-söhbəti gündəmə daşınır və burada məqsəd də məsələni uzatmaqdır. Əgər barəsində qeyd etdiyimiz dəhlizin açılmasının önəmini, əhəmiyyətini ermənilər anlasaydılar çoxdan qol qoyardılar və görünür hələ də anlamırlar.

Bir çox hallarda ermənilərin hələ bəzi məsələləri dərk etmədiyinin şahidi oluruq. Məsələn, bəzi erməni poitoloqları Azərbaycanın sülh danışıqlarından geri çəkilə bilməyəcəyini söyləyirlər. Azərbaycanla müharibədən, ələlxüsus 44 günlük döyüş zamanı Azərbaycan Ordusundan sarsıdıcı zərbələr alanları və bunu unutmayanları başa düşmək də çətin deyil, çünki onların canlarına elə qorxu düşüb ki, əsrlər boyu bunu yaddan çıxarmazlar və bu qorxunun fonunda ölkəmizin sülh danışıqlarından geri çəkilməyəcəyi fikirləri onlar üçün bir növ təskinlikdir. Amma “Qisas” əməliyyatı ilə ermənilərə başa salındı ki, heç də əminliklə oturub gözləyə, ağıllarına gələ edə bilməyəcəklər və tələblərə cavab verilməlidir. Bu tələblərdən biri də əlbəttə ki, Zəngəzur dəhlizinin açılıb istifadəyə verilməsidir.

Çox güman ki, ermənilər Qərbin də, Rusiyanın da Cənubi Qafqaza marağı olduğu üçün Azərbaycan tərəfinin onlarla hesablaşmalı olacağını düşünürdülər, amma gördülər, ələlxüsus “Qisas” əməliyyatından sönra anladılar ki, yanılırlar. Əmin oldular ki, kimlərə isə görə Azərbaycan öz mövqeyindən dönən deyil. Azərbaycanın öz haqq işində israrlı olduğuna bir daha əmin oldular. Həm də Azərbaycanın kimlərinsə marağına görə sülh barədə düşünmədiyinin, bölgədə sülhün möhkəmlənməsini və davamlı olmasını istədiyinin şahidi oldular. Bunun hətta bütün dünya şahidi oldu və şəksiz-şübhəsiz olaraq buna inandı. Göründü ki, Azərbaycan sülhsevər ölkədir və müharibədə qazandığı qələbəsinə rağmən sülh təklifi də irəli sürür və sülhə nail olmağa çalışır.

Ermənistan tərəfi, daha dəqiq desək, erməni baş nazir Zəngəzur dəhlizinin onlar üçün “qırmızı xətt” olduğunu bəzən söyləyir. Halbuki, həmin dəhliz qırmızı deyil, yaşıl xətt, yəni sülh, əmin-amanlıq yoludur. Bunu ermənilərin hələ də anlamaması təəccüb doğurur. Nikol nədənsə Zəngəzur dəhlizi deyəndə daş atıb baş tutur, amma Laçın dəhlisi ifadəsini dilə gətirməkdə, bu ifadəni işlətməkdə tərəddüd etmir, halbuki Laçın dəhlizi dediyinə alternativ yol istifadəyə verilməklə onun dediklərinin boş sözdən başqa bir şey olmadığı bu dəfə də öz təsdiqini tapır. Zənnimizcə, erməni xalqı öz hakimiyyətlərindən kifayət qədər yalan ifadələr, vədlər eşidiblər və bundan sonra inanmaları bir tərəfə, bu yalanlara qulaq assalar belə axmaq adlandırıla bilərlər.

Artıq ermənilər, bütövlükdə erməni xalqı, Ermənistan vətəndaşları dərk etməlidirlər ki, öz hakimiyyətləri tərəfindən, hansısa qüvvələr tərəfindən aldadılıblar, yenə də aldadılırlar və hansısa bəd niyyətin qurbanına cevrilməkdə davam edirlər. Bu gün Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatması, ləngitməsi erməni xalqına deyil, kimlərə isə sərf edə biləcək məsələdir. Kimlərsə, hansısa qüvvələrsə bu narazılıqdan, bu xaosdan öz mənafeyi naminə istifadə etmək niyyətindədir. Bu niyyətin reallaşması üçün isə erməni xalqı istifadə edilir və nəticə eyni ilə 44 günlük müharibənin onlara verdiyi acılar misalında məhz erməni xalqı üçün acınacaqlı olur. Dəhlizin açılışını uzatmaq istəyənlər anlamalıdırlar ki, qondarma da olsa bəhanə olaraq Qarabağa status tələb edənlər Zəngəzurun statusu tələbi ilə qarşılaşa bilərlər. Bir sözlə, bu status sözü belə ermənilərə baha başa gələ bilər və tarix boyu bunu unutmazlar.

Maraqlı bir məqam diqqəti çəlb etməyə bilməz. Belə ki, Nikol Paşinyan hərdən parlamentdə belə geriyə yollarının olmadığını söyləyir və bunun bir qorxunun təzahürü olduğu heç də sirr deyil. Qorxu da ondan ibarətdir ki, ermənilər geriyə yolun onları məhvə sürüklədiyini yaxşı bilirlər və Paşinyan özü də bunun fərqindədir. Elə isə, niyə bu ölkənin başbilənləri, ələlxüsus xalqını belində çanta küçələrdə vədlərlə doyduran, eləcə də aldadan manipulyator etiraf etmir. Niyə etiraf etmir ki, Zəngəzur dəhlizinin açılmasına nəinki mane olan, onu yubatmağa çalışanların aqibəti yaxşı ola bilməz. Nə səbəbə o vəziyyətlərinin yaxşı olmadığını, Zəngəzur dəhlizinin açılmasına ən azından mane olmamaqdan başqa çarələrinin olmadığını etiraf etmir? Ola bilsin dolayı şəkildə etiraf edir, amma bütün dünya bu etirafı səbirsizliklə gözləyir və bu ölkə hakimiyyətinin Ermənistanı uçuruma sürüklədiyi təkzib edilə bilməz, hansı ki, hadisələr bunu təsdiq edir. Belə çıxır ki, bu ölkə hakimiyyəti dolaşıq vəziyyətdədir.

Sözsüz ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacağı təqdirdə Ermənistan tərəfinin hansı vəziyyətlə qarşılaşacağının ermənilər özləri də fərqindədirlər. Ermənistan hakimiyyəti özü belə onun fərqindədir ki, Azərbaycan adekvat addımlar atar. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı problem, yaxud yubanma ortaya çıxarsa ermənilər də Laçın dəhlizi ilə bağlı problemlə qarşılaşa bilərlər və bu onlar üçün daha dəhşətli olar. Bir sözlə, ermənilər, Ermənistan tərəfi də Zəngəzur dəhlizinin istifadəyə veriləcəyini gözəl başa düşür. Başa düşür ki, başqa çıxış yolu yoxdur. Yəni, anlaşılan odur ki, Zəngəzur dəhlizi açılmalıdır, başqa yol yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə