“KİV-in ictimai rəyə, cəmiyyətə təsir imkanları çox genişdir” AÇIQLAMA
“Dövlətin milli təhlükəsizlik siyasətinin ən mühüm istiqamətlərindən biri məhz media ilə bağlıdır. Məlum olduğu kimi, KİV-in ictimai rəyə, cəmiyyətə təsir imkanları çox genişdir. Media həm də insanların məlumatlandırılması işində əsas vasitə sayılır. Bəzən müəyyən şəxslərin medianın bu imkanlarından sui-istifadə hallarına rast gəlirik”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, dövlətin milli təhlükəsizliyini təhdid edən, hərbi sirr mahiyyəti daşıyan xəbərlərin mətbuatda tirajlanmasının yaratdığı təhdidlərin miqyası çox genişdir: “Həmin məlumatlardan dövlətimizin düşmənlərinin yararlanmasına şərait yaratmaqla yanaşı, cəmiyyətdə müəyyən məsələlərdə doğru olmayan təsəvvürlərin, rəyin formalaşmasına da yol açırıq. Bu baxımdan, KİV-də yayımlanan hər material, xəbər öncə ciddi şəkildə araşdırılmalıdır. Medianın xəbər siyasətinə məsul şəxslər bu cür neqativlərin aradan qaldırılmasına xüsusi diqqət göstərməlidirlər. Təbii ki, hüquq-mühafizə orqanları qanunvericilik çərçivəsində səlahiyyətlərinə uyğun davranaraq mediada milli təhlükəsizliyimizi təhdid edən məqamların qarşısının alınmasında önəmli rol oynayır. Lakin tək inzibati cəza metodları ilə sözügedən problemi tam olaraq aradan qaldırmaq mümkün deyil. Xüsusilə də, sosial şəbəkələrin hazırda medianın əsas xəbər qaynağı rolunu oynadığı bir dövrdə bu cür həssas məqamlara daha çox diqqət ayırmalıyıq. Mediada çalışan həmkarlarımızın dövlət sirri, milli təhlükəsizliyi təhdid edən məqamlarla bağlı daimi təlimlərə cəlb edilməsi, jurnalistlər üçün xüsusi xidmət orqanları tərəfindən seminarların təşkili də mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB