Dövlətçiliyi dağılan Ermənistan - TƏHLİL

Dövlətçiliyi dağılan Ermənistan - TƏHLİL

Apardığı yanlış siyasət səbəbindən “müttəfiqlər” adlandırdıqları dövlətlər də Ermənistandan üz döndərir. Hətta bu ölkəyə etibar edilmədiyi, inanılmadığı da aydın şəkildə təzahür edir. Təkcə ruslar deyil, belaruslar və qazaxlar kimi digər “müttəfiq” hesab etdikləri də ermənilərə zərrə qədər inanmırlar. Belə bir inamsızlığı, onlara etibar edilmədiyini ermənilər hətta hörmətsizlik hesab edirlər.

Son zamanlar daha çox milli mənlik, xalqın maddi və mənəvi dəyərləri haqqında spekulyasiyalar Ermənistan cəmiyyətində yenə də qızışdırılıb. Özü də süni surətdə qızışdırılıb və burada da şəxsi maraqlar ön plandadır. Məsələ burasındadır ki, başqa xalqlardan və dövlətlərdən hörmət gözləyən, hətta az qala tələb edən ermənilər özləri-özlərinə hörmət etmirlər. Əks halda, özlərini bu şəkildə aparmaz, hadisələrə adekvat reaksiya verər, reallıqlarla, regionda yaranan yeni reallıqlarla barışar, buna müvafiq addımlar atardılar.

Bir neçə il əvvəl Ermənistan ictimaiyyəti elə hesab edirdi ki, Köçəryan-Sarkisyan qruplaşmasının boyunduruğunu ataraq, əsl demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoyur. Elə zənn edirdilər ki, müttəfiqləri və tərəfdaşları ilə münasibətlərə yenidən baxmaqla Ermənistan çox güclü bir dövlətə çevriləcək və hər bir ölkə də onlara hörmət edəcək, onlarla hesablaşacaq. İndi artıq yanıldıqlarını etiraf etməkdən çəkinməyən ermənilər təəssüflə qeyd edirlər ki, bu baş vermədi və düşündükləri kimi olmadı. Bunun da təbii ki, əsaslı səbəbləri var və başlıca səbəb Ermənistanın doğru sol seçməməsi, işğalçılıq meyillərindən əl çəkməməsi, qonşu dövlətlərlə sülh şəraitində yaşamaması, normal qonşuluq siyasəti yürütməməsi, regionun təhlükəsizliyinə təhdid yaratmasıdır. Belə bir mövqedə olan ölkənin hörmət, etibar qazanmağa ümid etməsi çox absurd səslənir, hansı ki, bunu ermənilər özləri də etiraf etməyə başlayıblar.

Ermənilər artıq etiraf edirlər ki, bu gün Ermənistanda həyəcan təbili çalmaq olar. Etiraf edirlər ki, erməni dövlətçiliyinin dağılması an məsələsidir. Açıq şəkildə bəyan olunur ki, erməni xalqının faciəsi, onun alçaldılması, aşağılıq kompleksinin yaranması ilə müşayiət olunur. Diqqət etdikdə görürük ki, hər bir erməni aşağılanmaq, hörmətsizliklə daim qarşılaşmaq qorxusu ilə yaşayır. Bu isə o deməkdir ki, ermənilər öz əməlləri müqabilində bunu, yəni hörmətsiziklə qarşılanacaqlarını gözləyirlər, çünki yox dərəcəsində belə olan etibarı da tamamilə itirdiklərinin fərqindədirlər. Fərqindədirlər ki, təkcə indiki zamanda deyil, hətta əvvəlki onilliklərdə belə Köçəryanın və Sarkisyanın hakimiyyəti altında olanda belə praktiki olaraq suverenliklərini, müstəqilliklərini itiriblər. Yaxşı bilirlər ki, öz fikri, öz iqtisadiyyatı, öz dəyərləri olmayan bir ölkə kimi Rusiyanın müstəmləkəsinə çevriliblər, bunu açıq-aşkar bəyan etməsələr də.

Hələ Sarkisyanın dövründə guya konstitusiya dəyişikliklərinə başlayan prezident əvvəlcə səlahiyyətlərini uzatmayacağına söz verəndə yalana, cəmiyyəti aldatmağa rəvac verdi. Belə yalanlarla əvvəlcə öz xalqının mənəviyyatına, hissiyatına, dövlətinin konstitusiyasına tüpürdü, sonra da beynəlxalq ictimaiyyətə saymazlıq nümayiş etdirdi. Bununla təkcə Sarkisyan rejimi deyil, ümumiyyətlə, bütün Ermənistan bütün dünyanın gülüş hədəfinə, lağ hədəfinə çevrildi. Bütün dünya Ermənistanın necə bir ölkə olduğunu, yalanlarla, uydurmalarla, miflərlə öz-özünü belə aldatdığını yaxşı bilir. Yaxşı bilir ki, hər zaman böyük xülyalara düşən, keçmişi haqqında qondarma əfsanələr uyduram bir ölkənin əslində mahiyyəti bir şey deyil və bu ölkə haqqında söz edərkən, suverenlikdən danışmaq mümkün deyil. Əksinə, Ermənistan təkcə indi deyil, öz ənənəsinə uyğun olaraq hər zaman hansısa dövlətin müstəmləkəsi kimi mövcud olub.

Paşinyanın dövründə də demək olar ki, heç nə dəyişməyib. O, hakimiyyəti ələ keçirərkən çox şeylər vəd edib. Əslində isə, verdiyi vədlərin demək olar ki, heç biri reallaşmayıb. Bir tərəfdən də 44 günlük müharibədə Ermənistanın rüsvayçı məğlubiyyəti Nikol Paşinyanı tamamilə nüfuzdan salıb və artıq daxili auditoriyaya hesablanan pafoslu çıxışlarının da mənası yoxdur və hansısa təsirə malik deyil. Ermənistan cəmiyyəti ümidsizlik girdabında boğulur da desək, yanılmarıq, çünki çıxış yolunun nədən ibarət olduğunu tam düzgün, doğru şəkildə irəli sürən də yoxdur.

İkinci Qarabağ müharibəsinin məğlubiyyətinə görə ermənilər Rusiyanı hələ də günahkar hesab edirlər. Hələ də erməni cəmiyyəti bu məğlubiyyətlərinə rusların göz yummasını dilə gətirir və onlara qarşı ittiham səsləndirirlər. Maraqlıdır, nəyə görə Rusiya günahkar olmalıdır, Ermənistan yox? Təcavüz edən, işğalçılıq siyasəti yürüdən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfi deyildimi? Ermənistanın silahlı qüvvələri, daha dəqiq desək, separatçılar onlara aid olmayan torpaqlardan çıxarılırsa, burada Rusiyanı günahlandırmaq çox məntiqsiz və absurd bir yanaşmadır. Yanlışlıq da buradadır və səhvi müəyyənləşdirmək, aradan qaldırmaq, doğru yol seçmək əvəzinə günahkar axtarmaq çıxış yolu deyil və hansısa müsbət nəticələr vəd edə bilməz.

Hər məğlubiyyətində, hər uğursuzluğunda, hər çətinliyində kimləri isə günahkar bilənlər nəyə ümid edə bilərlər? Ermənistan bir dövlətdir, ölkədir və maraqlıdır, niyə Rusiyadan xilas gözləntiləri olmalıdır? Əgər hələ də Rusiyadan asılıdırsa, bu ölkə hansı suverenlikdn dəm vurur? Təbii ki, Ermənistana suveren ölkə demək bu baxımdan doğru səslənmir. Hələ də bu ölkədə müstəqil qərarlar qəbul edilə, verilə bilmirsə, hələ də asılıdırlarsa, deməli ölkənin sonu qaranlıq görünür. İstehsal yoxdursa, iqtisadiyyatı barədə danışmaq mümkün deyilsə, xarici əlaqələri günü-gündən pisləşirsə, deməli nikbin proqnozlar vermək mümkün deyil. Əgər bir dövlət daxili problemlərin öhdəsindən gələ bilmirsə, problemin həllində acizdirsə, ələlxüsus həmin problemə görə günahkar axtarırsa və başqa dövlətdən öz asılılığını etiraf edirsə, həmin dövlətin dağılması gözləniləndir və bunu həmin erməni cəmiyyəti də qəbul etməkdədir. Bir sözlə, dövlətçiliyi dağılma təhlükəsi ilə üz-üzə olan Ermənistanın vətəndaşları belə bu həqiqəti görür və etiraf edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə