Türkiyə Azərbaycan qardaşlığı əbədiyyətə qədər davam edəcək – DEPUTATIN ŞƏRHİ
“Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcud olub. Xalqlarımız istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətlər bütün məqamlarda özünü göstərib. Çanaqqala savaşında minlərlə igid azərbaycanlı yadellilərə qarşı döyüşlərdə iştirak edib. Bakının və bütöv Azərbaycanın erməni-daşnak-bolşevik işğalından qurtulması üçün Azərbaycana göndərilən Qafqaz İslam Ordusu böyük və şanlı tarix yazıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, iki xalqın, dövlətin bu gün də bir yerdə olduğunu, biri-birini beynəlxalq miqyasda dəstəklədiyini sübut edən çoxsaylı dəlillər var: “Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitində dediyi fikirlər bu gün də aktualdır. Prezidentin “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” deyə bəyan etməsi reallıqları əks etdirir. Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində R.T.Ərdoğan “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Bu gün həm də qardaş Türkiyə tarixinin ən önəmli günlərindən birini - Zəfər bayramını qeyd edir. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. Biz də bütün xalqımızı, qardaşlarımızı möhtəşəm tarixi hadisə - Zəfər Bayramı münasibətilə təbrik edir, dostluğumuzun, qardaşlığımızın əbədi olmasını arzulayıram. Yaşasın Azərbaycan-Türkiyə birliyi və qardaşlığı!”.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB