“Fransanın müharibə zamanı siyasi xətti açıq-aşkar bəlli idi” - DEPUTAT AÇIQLADI

“Fransanın müharibə zamanı siyasi xətti açıq-aşkar bəlli idi” - DEPUTAT AÇIQLADI

“Bu gün Şuşada, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları sahəsində ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başlayıb. Bu Qarabağdakı quruculuq sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli konfransdır. Düşünürəm ki, sülhə, sabitliyə marağı olan bütün dövlət və qurumlar konfransda iştirak edərək ümumi beynəlxalq əməkdaşlığa öz töhfəsini vermiş olacaqlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, dövlətimiz qarşılıqlı əməkdaşlığa söykənən əlaqələr qurub, bundan sonra da bu əlaqələri daha da inkişaf etdirəcəkdir: “Bu gün Azərbaycanın haqq səsinə səs verənlər quruculuğu, sülhü dəstəkləmiş olan dövlətlərdir.

İyul ayında da xarici diplomatların Şuşa və Füzuliyə səfərləri təşkil olunmuşdu. Həmin tədbirdə də eyni indiki kimi Fransa və ABŞ səfirliklərinin nümayəndələri iştirak etməmişdi. Mən bunu birbaşa ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi dəyərləndirərdim. Çünki bu birinci dəfə deyil, artıq neçənci dəfədir ki təkrarlanır”.

Deputat sözlərinə belə davam edib: “Burada hər hansı üzrlü bir hadisədən söhbət gedə bilməz. Təbii ki, Fransanın müharibə zamanı da siyasi xətti açıq-aşkar bəlli idi. Lakin ABŞ prezidneti Corc Bayden iki dəfə cənab prezidentə məktubla müraciət edərək daxili və xarici siyasətini dəstəklədiyini açıq ifadə etdi.

Görünən odur ki, Qərb hələ də əməldə dildə olduğu kimi eyni mövqe nümayiş etdirmir. Bu uzun illər həmin dövlətlərin əsas xarici siyasəti olub. Mən yenə də bu addımın hər iki ölkə arasındakı münasibətləri zədələyəcəyini düşünmürəm. Artıq regionda söz sahibi olan yeganə dövlət Azərbaycan beynəlxalq aləm üçün itiriləsi tərəfdaş deyil. Bu kimi addımların həmin ölkələrdə olan güclü erməni lobbisi ilə əlaqələndirə bilərəm.

Məlumdur ki, istər Fransa, istərsə də ABŞ-da çox sayda siyasətçilər erməni meylli mövqedən çıxış edirlər, onlarda erməni lobbisinin təsiri güclüdür. Lakin bütün hallarda əgər məqsəd və məram sülh və sivil dünyadırsa, bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Həmçinin də Azərbaycanın. Mən ümid edirəm ki, özlərini demokratiya carçısı adlandıran ölkələr demokratik mövqelər nümayiş etdirəcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə