Azərbaycan sülhün və inkişafın tərəfdarıdır ŞƏRH

Bu gün Azərbaycan xalqı haqlı olaraq qalib, güclü və nüfuzlu dövləti ilə fəxr edir. Çünki hazırda Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır, ardıcıl və möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyev siyasəti, Azərbaycanı zəfərə aparan yol, möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlətə imza atır. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş regionlarımızı da əhatə edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri də bu reallığı təsdiqləyir. Eyni zamanda, regionlarda tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi qeyri-neft sektorunun əsas istiqamətlərindən olan turizm sahəsinin dirçəldilməsi ölkəmizin iqtisadi inkişafında önəmli yer tutmaqdadır. Prezident İlham Əliyev bütün çıxışlarında erməniləri çirkin əməllərdən, təxribatlardan yayınmağa çağırmaqla, sülh müqaviləsinin bağlanmasının həm Ermənistan, həm də region üçün əhəmiyyətli olduğunu dəfələrlə vurğulamasına baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə sülhdən yayınır, hələ bu azmış kimi, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə təxribatlar da törədir. Beləliklə, 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Azərbaycanın şanlı ordusu “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı və qarşı tərəfi ciddi cəzalandırdı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu mövzuda danışarkən “Qisas” əməliyyatını bir neçə saat ərzində davam edən cəza tədbiri kimi xarakterizə etdi. Azərbaycan Ordusunun gücünün yerində olduğunu bir daha düşmənə göstərməklə hər an təxribatların qarşısını almaq iqtidarında olduğunu da sübut etdi. Zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da, bütün regionda da dəyişikliklər olacaq, bu, labüddür. Lakin bütün bu dəyişikliklər, Prezidentimizin dediyi kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bu yeniliklərdən faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Azərbaycan sülhün və inkişafın tərəfdarıdır və bütün region ölkələrini də məhz bu yola dəvət edir.

Prezident İlham Əliyev sonrakı məsələlərdə digər azad olunmuş bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalına, xüsusən taxılçılığın inkişafına önəm verildiyini bir daha qeyd etdi. Cənab Prezident strateji xəttə uyğun şəkildə böyük aqroparkların qurulması, kənd təsərrüfatının digər sahələrinin inkişaf etdirilməsi, fermerlərin bu işdə stimullaşdırılması, xüsusən, arıçılıq təsərrüfatlarındakı uğurlarımızı vurğuladı. Bütün bunlar onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə əvvəlki barlı-bəhrəli şöhrətini qaytaracaq, həmçinin, region ölkələrinə və mənfur qonşularımıza bir örnək olaraq cənnətə və gülüstana çevriləcəkdir.

Laçın İsmayılov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə