Prezident İlham Əliyev- “Biz öz tor­pağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik” ŞƏRH

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri xüsusi əhəmiyyəti ilə diqqət çəkir. Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı Dövlətimizin Başçısına və birinci xanıma bu ölkə əhəmiyyətli memarlıq abidəsinin bərpası ilə bağlı görülən işlər barədə verilən məlumat da bir daha göstərdi ki, Azərbaycanda tarixi abidələrə yüksək səviyyədə qayğı göstərilir. Bu, təsadüfi deyil. Çünki Cənab Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır, bütün qədim maddi-mədəni dəyərlərə xalqımızın milli sərvəti kimi yanaşır: “Bu abidələr bir daha onu göstərir ki, Azərbaycanın çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub­lar. Dövlətimizin başçısı həmin gün, eyni zamanda, Ağsu şəhərindəki Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Bütün bunlar Azərbaycanın tarixi əzəmətinin qorunması ilə bərabər, həm də bu cür unikal məkanların gələcəkdə respublikamızın turizm mərkəzlərindən biri kimi tanınmasını şərtləndirir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinə mühüm önəm verilməsi ilə bağlıdır. Çünki müstəqil Azərbaycan Respubli­kasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində telekanallara verdiyi müsahibəsində bölgələrə səfərlərinin müntəzəm xarakter daşı­dığını, bunun yerlərdə həm vəziyyətlə maraqlanmaq, həm də əlavə göstərişlər vermək baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Prezident İlham Əliyev müsahibəsində ərzaq təhlükəsizliyi ilə bağlı sualı da ətraflı cavablandırıb. Dövlətimizin başçısı ölkə iqtisadiyya­tının dünya iqtisadiyyatına inteqrasiya edilərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərinə əməl olunduğunu və bunun nəticəsində mühüm uğur­lar əldə edildiyini söyləyib. Cənab Prezident dünyada ərzaq təhlükəsizliyinə Rusiya-Ukray­na müharibəsinin müəyyən təsir göstərdiyinə baxmayaraq, Azərbaycanda bu sahədə heç bir problemin nəzərə çarpmadığını, rusiyalı tərəfdaşlarımızla əldə edilən razılaşmalar nəticəsində res­publikamıza istənilən qədər həm gübrə, həm də taxıl ixrac edildiyini bildirib. Dövlətimizin Başçısı, eyni zamanda, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşı­durma baş verməsi ilə bağlı fikirlərini bölüşərkən bildirib: “Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unut­mamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz tor­pağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik”.

Vətən müharibəsindən sonra Qarabağda start götürən yenidənqurma ilə yanaşı, insanların şüurunda da dəyişiklik baş verib. İndi dinc erməni əhalisi də müharibə istəmir. Çünki yaxşı bilir ki, Ermənistan haqsız­dır. Onu da bilirlər ki, Qarabağ Azərbaycanın ərazisidir. İndi yaxın günlərdə biz onlar­dan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilərin də əksəriyyəti artıq anlayırlar ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Gələcəyə nikbinliklə baxan Prezident İlham Əliyev həmişə istədiyimizə nail olduğumuzu bildirdi: “İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın!".

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...