Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası yaradılmasının 21-ci ilini qeyd edir

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) quruluşunun 21-ci ilini qeyd edir. SİA xəbər verir ki, bu vəsilə ilə partiyanın rəhbəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya üzvlərinə məktub yollayıb.

Türkiyə Prezidenti məktubunda “Yaranandan gündən bu yana keçirilən seçkilərdə 15 dəfə qələbə qazanan AK Partini 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərində də yenidən zəfərə qazandırmaqda qərarlıyıq”, - deyə vurğulayıb.

Məktubda bildirilir: “Bu gün keçmişimizə nəzər saldıqda, 20 il ərzində bir əsrlik demokratiya və inkişaf layihələrini həyata keçirdiyimizi məmnuniyyətlə müşahidə edirik. Təhsildən səhiyyəyə, təhlükəsizlikdən ədalətə, nəqliyyatdan enerjiyə, sənayedən idmana qədər Türkiyənin sadəcə çatışmazlıqlarını aradan qaldırmadıq, həm də gələcək irəliləyişlər üçün infrastruktur yaratdıq. İndi güclü infrastruktur üzərində 2023-cü il hədəflərimizi reallaşdıraraq və 2053-cü ilə baxışımızı quraraq ölkəmizə və millətimizə verdiyimiz bütün vədləri yerinə yetirmək istəyirik. Bunun üçün 2023-cü il seçkiləri kirtikdir”.

Yaranmasının 21-ci ilini sadə proqramla qeyd etməyi planlaşdıran AK Parti avqustun 15-də “Bir olduq, 21 olduq” mövzusunda proqram keçirəcək. Türkiyə Prezidenti və AK Partinin sədri Rəcəb Tayyib Ərdoğanın da qatılacağı proqramda 3 min qonağın iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə