"Qarabağ ermənilərinə təsir imkanlarının artırılması postmünaqişə dövrünün reallığıdır” - DEPUTAT ŞƏRH ETDİ

"Münaqişənin həllindən ötən 2 ilə yaxın dövrdə Azərbaycan hər gün daha da güclənir, ölkəmizin regional rolu daha da artır. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə son dövrlər bölgədə baş verən proseslərə aydınlıq gətirdi və ölkəmizin təsir imkanlarının artdığını bildirdi. Qarabağ ermənilərinin hazırki vəziyyəti də yaranmış reallıqların nəticəsidir. Belə ki, dövlət başçısı da bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır". Bunu SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, vaxt uzandıqca təbii ki, eyni tendensiya da davam edəcək: "Yəni, vaxt uzatmaqla Ermənistanın qüvvələr nisbətini öz xeyrinə dəyişməsi mümkün deyil. Üstəlik, dövlət başçımız status və muxtariyyətlə bağlı da qətiyyətli mövqeyini bir daha təkrarladı - bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu mənada Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Ümumiyyətlə, bölgənin söz sahibinin Azərbaycan olması artıq müzakirə mövzusu deyil və bu reallığı Ermənistanda da dərk edirlər. Bir neçə gün əvvəl uğurla reallaşan “Qisas” əməliyyatı isə növbəti xəbərdarlıq idi.

Bu əməliyyat təbii ki, ilk növbədə erməni təxribatının layiqli cavabı və şəhidimizin qisası idi, digər tərəfdən, Azərbaycan bir neçə saatlıq əməliyyat zamanı nə istəyibsə, onu da edib, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur. Yəni, Ermənistan bu cəza tədbirindən nəticə çıxarmağa məcburdur.

Qanunsuz silahlı birləşmələrə gəlincə, onlar Qarabağı birdəfəlik tərk etməlidir. Prezident İlham Əliyevin bəyanatından da aydın oldu ki, bu məsələdə heç kim Azərbaycanı prinsipial mövqeyindən yayındıra bilməz. Üstəlik, bu tələbin tam şəkildə hüquqi əsası var. Belə ki, erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etməsi Ermənistanın öhdəliyidir. Bu, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib. Rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəliklərinə sadiq olduğu kimi, Ermənistan da eyni mövqeni sərgiləməlidir.

Prezident İlham Əliyevin əsas xəbərdarlıqlarından biri də bu idi ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə