"Keçiriləcək görüş regiondakı yeni reallıqdan irəli gəlir" - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycan-İran-Rusiya hökumət rəsmilərinin keçiriləcək üçtərəfli görüşü regiondakı yeni reallıqdan irəli gəlir və təbii ki, bunun lokomotivi Azərbaycan tərəfidir". Bu fikirləri SİA-ya açıqlamasındasiyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, məhz 44 günlük müharibədən sonra bölgədə yeni əməkdaşlıq imkanları yarandı: "Azərbaycan tərəfi İran vasitəsi ilə Zəngəzur koridorunun tikilməsi üçün yeni bir razılıq əldə etdi, bu nəqliyyat qovşaqları vasitəsi ilə Rusiyanın da İranla birbaşa nəqliyyat qovşağı yaranmış olur, təbii ki, bütün bunlar regional inkişafa və sülhə xidmət edir. Rusiya və İran regionun aparıcı dövlətləridir və Azərbaycanın bu ölkələrlə əməkdaşlıq prosesində regional dövlət kimi çıxış etməsi təbii ki, ölkəmizin Cənubi Qafqazda rolunu artırır. Həm rəsmi Moskva, həm də rəsmi Tehran Azərbaycanla konstruktiv əməkdaşlığın davam etdirilməsində maraqlıdır və bütün bunlar Azərbaycana olan ehtiyacı daha da artırır. Bu onu göstərir ki, Azərbaycan regional güclərlə çox uğurlu əməkdaşlıq modelləri yarada bilmişdir, eyni zamanda təhcizatçı və tranzit ölkə kimi öz müsbət rolunu oynayır. Təbii ki, şanlı müharibədə torpaqlarımızın işğaldan azad olunması bizə bu üstünlüyü yaratdı və burada ölkəmizin əlverişli coğrafi mövqeyi də öz rolunu oynayır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə